***
Qapımı külək dağıdır,
Sınıb küləyin qapısı.
Dinə bilmir, buz bağlayıb
Arzu-diləyin qapısı.
Düşmüşük çölün düzünə,
Başımız döyür dizinə,
Burda kölənin üzünə
Açılmaz bəyin qapısı.
Təndə quru can asılı,
Gözlərdən duman asılıb,
Susuz quyudan asılıb
Susuz ürəyin qapısı.
…Dualar da bəxtiqara,
Çıxma bədəndən kənara,
Ruhum, qalarsan avara,
Bağlıdır göyün qapısı!
***
Qalxdı yaşamağın tası,
Düşdü yaşamın dəyəri.
Ucaldı zalımın evi,
Çökdü məzlumun şəhəri.
Bir anda açılan yara
Yüz il keçdi bitişmədi.
Bir nöqtədən çıxan heç nə
Eyni yerdə kəsişmədi.
Axşamlar ölü qayıtdı,
Səhərlər davalı çıxdı.
Adamlar havasız evdən
Dərd geyib, havalı çıxdı.
Göz baxarkən gələcəyə
Ayaqlar quyuya düşdü.
Ayıq Cırtdan hər nağıla
Uyuya-uyuya düşdü.
Və beləcə tərk edildik,
Sürüdüldük küncdən küncə.
Ömrün bağı solub, getdi,
Açılmadı daha qönçə.
….Yenə də hava qaraldı,
Başladı qəmin səfəri.
Yeni gecəni gətirdi
Ötən gecənin səhəri.