GƏLİRƏM
Yerin pis əməlindən
Üşüyürəm, İlahi –
Göydə bir ocaq qala,
Qızınmağa gəlirəm.
Çiynimdəki hörüklər
Mələklərə yol açıb –
Dəftərimi bilməkçün
Arınmağa gəlirəm.
Qaranlıq peşimandı,
Qardaş bilib işığı –
Kəfənin iç üzünə
Sarınmağa gəlirəm.
Biz uçmaq vərdişini
Doğuluşdan itirdik –
Bir kəpənək belində
Barınmağa gəlirəm.
UĞUR TALİSMANI
Sanki ötən baharlarda
Daha ətirli idi
Yasəmənlər, nərgizlər –
İndi güllər ürəyində
Payız qədər dərd gizlər…
Budaqda ürkək olub
Tumurcuğun saplağı –
Küsüb, açıla bilmir
İnad edir yarpağı…
Üst-üstə tikanları
Qalxmağa nərdivandı
Qızılgülün yanına –
Eşqin əlçatmaz edib,
And versə də yarına…
Ya çəməni daralıb
Gen sinəli torpağın;
Ya da şehi qurtarıb,
Göz yaşıdı yarpağın…
Bahar indi başqadı
Naz-nemətin azıyla –
Arzuları dinləmir
Parabüzən qızıyla…
Yoncaların yarpağı
Hey üçünə sayılır,
Qalmayıb dörd qanadı –
Uğur talismanımız
Yəqin bu il yanılır.
360 DƏRƏCƏ
Əldə bir ovuc xəyal,
Bir bucaq xatirə var.
180 dərəcədə açıq danışır hamı,
Təkcə sevgi sözünün
Gücü dünya qədərdi.
Dəyərin bilməyəndə
Ona yadlaşır hamı –
Sol tərəfi sevincdi,
Sağ tərəfi kədərdi,
Amma
360 dərəcə
Özü dünya qədərdi.
TAXTASIZ NƏRD
Bəzən yorğun olur insan
Heç nə etmədiyi yerdə –
Parçalanmış misralar da
Yığılır bir sazlıq dərdə
Göy üzünün yağışları
Nə vaxtsa borc alıb yerdən –
Buxarlanmış söz-söhbətin
Qaytarır şükr ilə hərdən.
Səpələnib dənizlərin
Duzları bu kainata –
Dadsız acı nağıllardan
Şirin gəlir bayatı da.
Qəhərlənib dünya özü,
Ümidləri boşa çıxıb –
Onun taxtasız nərdində
Hiylələri qoşa çıxıb.
BOZLAŞAN ŞƏHƏR
Bu şəhərin bozlaşıbdımı rəngi?
Səması da, ağacı da, asfaltı da eynidi.
Günəşi də saralıbdır həsrətdən,
Buludu da öz dərdinə ağlayır…
Bir nazənin qız görürəm:
Saçlarında qızılı qıvırcıqları,
Simasında solğunluq –
İnsanların üzündəki yorğunluq
Sanki əbədiyyət qədərdi.
Onların çöhrəsinə
Çökən kədərli sonluq
Verilməmiş dəyərdi…
Bəlkə
Ümidsizliyi
Bizə göstərmək istəyən
Bir sakinin ahıdı,
Bəlkə
Bu ah hədərdi –
Səbəbi bilinmədən
Çöküb duman kimi şəhər üzərinə,
O da bu pərdə ilə baxır yer üzərinə…
DAN ULDUZU
Sırğalığına günəşin
Gülüşünü asıbsan,
Bəzəyib simasını –
Təbəssümün elə bil
Qucağına sığdırıb
Dunyamın hamısını…
Elə yerdən baxırsan,
Sənə gülümsəməyə
Acizdi dağ vuqarım.
Yetmir ruhumun çətiri –
Yandırsan da hər yeri,
Sonsuzdu etibarım…
Dinmə, gözümün nuru,
Yağış yağsın,
Bir az sus;
Ya da səhər göydə qal,
Sənə deyim dan ulduz.
YUXULU ÖLÜM
Bu gecə yuxuma gəlmişdi ölüm,
Dedi ki – Necəsən, ömrün necədi?
Dedim – Başdaşıma şəkil demişəm,
Dedi – Gedək, görək qəbrin necədi?
Dedim – Bataqlıq da olsa, eybi yox,
Sən məni kəfənsiz, yersiz heç elə.
Dedi ki – Allahdan əmr gəlməyib,
Mən səni kəfənsiz verməyim yelə.
Dedim – Vəfat etmiş ümidlərimlə
Ya səhər, ya axşam saatlarında
Allah mənə gəl deyəcək, gələcəm
Ölüm mələyimin qanadlarında.
MİXƏKLİ ÇAY
Arada bir azca gül –
Sükutun qulaqların
Səs-küyünlə diksindir.
Arada bir az darıx –
Qəribsəyən keçmişin
Səndən salam gözləyir…
Arada pəncərədən
Payıza bax, ağlayır.
Arada dua da et –
Ruhun cismində olan
Qapıları bağlayır…
Arada yaşıla dön –
Çəmənlər baharadək
Həsrətdən saralmasın.
Arada bir yuxu gör –
Səhərləri çin çıxsın,
Xəyallar daralmasın…
Arada bir qoca ol –
Yaşlı uşağa dön ki,
Hərdənbir inciyəsən.
Cümləni sözə böl ki,
Təklikdə dinləyəsən…
Arada çay qoy dəmə,
Mixəyini kəm etmə –
Qərənfil toxumunun
Faydası var ürəyə.
Arada bir şeir yaz,
Mürəkkəbi bitməsin –
Yarım qalan sözlərdə
Çayın ətri itməsin.
NİGARAN QALMASINLAR
Qürbətdə qaldılar
Ad verə bilmədiyim zamanlar –
Kiçildilər,
Kiçiltdilər.
Gözümdən ömrümə yol açdılar –
Yeridilər,
Yeritdilər:
Böyütdülər bizi…
Çatdım haqlı yaşıma
Az günahlı yaşıma –
Ağrılar yükləndi
Ağrısız başıma…
İncitdilər gizli-gizli,
Bir də ululuğa
Öyrətdilər –
Torpağın altı da,
Üstü də birdi:
Nigaran qalmasınlar.
DƏRDİN MƏKANI
Həm dərdin,
Həm də dərmanın
Məkanıdı tək ürək…
Dərd
Ağrısın hörəcək
Qadın kimi saçına –
Sevinc
Sevgi beşiyində
Laylasından asacaq.
Bir də
Ölüm gələcəkdi
Qapısını döyməyə.
Onda əcəl kirpiyindən
Ruh qaçacaq…