Xarı bülbül
Xarı Bülbül, dil aç danış, söylə görüm xəlvəti,
Çoxmu itdi ümidlərin həsrət uzun sürəndə?
Üzülmə sən, sona yetdi qəribliyin həsrəti,
Qürurlanıb öyündünmü igidini görəndə?
Neçə illər öz yurdunda qərib oldun, əzildin,
Çoxmu yandın düşmən baxıb sevinəndə, güləndə?
Yolundumu ətir saçan, ipək kimi tellərin
Başqa güllər saçlarını, tellərini hörəndə?
Yalnız ikən tənhalığa çoxmu fəryad eylədin
Sevindinmi zəfər gəlib, agri-acı bitəndə?
Əyildimi şux qamətin, yox oldumu taqətin,
Vətən oğlu göz önündə şəhadətə yetəndə?
Qarışdımı göz yaşına şəhidinin al qanı,
Yayıldımı səmalara könlün nalə çəkəndə?
Oxşadınmı anasıtək tellərini balanın
Ana torpaq iztirabla şəhid qanı içəndə?
Nələr gördün, Xarı Bülbül, qan ağladın, qəm yedin,
Bilirəm ki, qürur duydun, Zəfər sənin, biləndə
SöyLədin ki, ey igidim, ocağına xoş gəldin,
Vətən oğlu ” Xarı Bülbül, biz qayıtdıq!” deyəndə,
Vətən oğlu ” Xarı Bülbül, biz qayıtdıq! ” deyəndə.
Şəhidlərə salam olsun
Torpağına qədəm basan,
Əldə bayraq, dildə azan,
Al qanıyla tarix yazan
Şəhidlərə salam olsun!
Uca olan o cənnətə
Qismət deyil hər kəs yetə.
Vəd olunan bu nemətə
Yetənlərə salam olsun!
Fəda Rəbbin qonağına,
Yetib Kövsər bulağına.
Can verib cənnət bağına
Çatanlara salam olsun!
Qəlbdə Allah,dildə Quran,
İgidlikdə ibrət olan,
Ölməzliyə qədəm qoyan
İgidlərə salam olsun!
Bu torpağı Vətən edən,
Cənnətilə kama yetən,
Çiyinlərdə məğrur gedən
Şəhidlərə salam olsun!