Xatirə Minası
Həyatın savaş meydanında zərərsizləşdirilməmiş minalar kimi gizlidir xatirələr.
Ölümlə olumun arasında bircə hiss boyda.
Yetər ki, vaqonda yanında oturan qadının parfumu tanış gələ,
Yetər ki, taksidə qəfildən bir musiqi,
Bircə baxışın zaviyəsi,
Bir sərsəri yağışın səsi
sıxsın sənə son mərmisini.
Yetər ki, qəfildən dumana düşəsən,
Yetər ki, həyatın savaş meydanında
Xatirə minasına qurban gedəsən.
***
Səni yaşamaq lazım,
bir ağac kimi bahar günündə,
bir qaya kimi üzü dənizə,
bir ümid kimi sevə-sevə!
Səni yaşamaq lazım,
yaşıl-yaşıl yarpaqları tökmədən,
bir Mövlanə, Şəmsə olan kimi,
sənə Kərəm kimi yanmaq lazım,
səni yaşamaq lazım…
***
İydə ağacları
Keçmişdə
ətir satan bir qoca kişiydi iydə ağacları…
…Məzarlar insanlardan öncə ölür,
xəstəxanalar ağrıyır insanlardan öncə.
…Gül dükanları vidaların birinci şahidi,
tabutlar – hiss etdiyimiz sonuncu xatirə,
quraqlıq – saçlarını öz əliylə kəsən “Yağış” adında bir qız idi.
…Zindanda olan kişi dörd divarın qarğışına tutulmuşdu,
yalanlara uyma!
Mən isə uzaqlarda bir gölməçəydim…
…İydə ağacı olmaqdan,
Məzar olmaqdan,
zindan olmaqdan çətindir
uzaqlarda bir gölməçə olmaq.
***
Gözlərin Tanrıların ölüm qorxusudur,
bir sabah yuxudan ayılmamaq kabusudur əllərin
Bu yaz darıxacağıq
Bu yay yaşlanacağıq
Bu payız solacağıq
Bu qış öləcəyik kimi düşün bir də….
Bir də düşün belə sev,
bir də belə bax…
Gözlərin Tanrıların ölüm qorxusudur
səsin iydə ağaclarının qış yuxusu.
***
Tragikpoeziya
Məndən bir tikə uzaqlarda,
Qalıb yağış altında
Məndən gedənlərin biletlərində “dönüş” yazılmır,
Külək ağacların kabusudur soyuq gecələrdə.
Pəncərələrin röyasında üşüyür bir qadının barmaq izləri.
Əlləri çinar yarpağına bənzər bir məhbus,
səsi işıq rəngindən olan birisi,
azadlıq naminə
Bəlkə yazdı bu şeiri kamerasının divarına.
Bəlkə göyərçinin sinəsində doğdu bu yazı Günəş yerinə
müharibədə o qızcığazın güllə yerinə
bəlkə ürəyinə sıxdılar bu şeiri…
“Bəlkə”lər ağrıdan bir quşdur arzular səmasında,
Uçur… Uçur… Puç olur.
Əllərimin keçmişi Yunan Tanrılarıdır
Unudulub,
basdırılıb tarix qəbiristanlığında
Gözlərim…
Gözlərim gömüldü sənin ucqar gözəlliyində.
Məni basdır tənhalığımla payızın rənglərinə.
Payızdır…
Yarpaqlar seçki bülletenidir,
Ağaclar səs verir ölümə.
Ümid Nəccari