Xocalı
Xocalı soyqırımın unudaq axı necə?
Qar da bakirəliyin itirdi həmin gecə.
Şirin yuxuda yatan körpələr güllələndi,
Anasının dilində laylasına bələndi.
Talan oldu ev -eşik, doğmalar ayrı düşdü,
Neçə yalın ayaqlar şaxtada dondu, şişdi.
Hamilə qadınların bətinlərin yardılar,
Körpələri bətindən öldürüb çıxardılar.
Qoca, cavan qalmadı, top tüfəngə tuş oldu,
Xocalı başdan -başa doldu, cəsədlə doldu.
Qış da, qar da utandı, zorlanmış bir qız kimi,
Qan içində hər kəsi göynədirdi duz kimi.
Göydə qırmızı güllə, yerdə qırmızı güllər,
Qırmızı qan içində hey yağırdı güllələr.
Mənfur yağı düşmənlər, sifətləri qırmızı,
Xocalıya girdilər lap qırmızı -qırmızı.
Ancaq dövran dəyişdi, deyim sözün qısasın,
Qəhrəman oğullarım aldı artıq qisasın.
Azaddır Xocalımız, Vətən bütövdür daha,
Bayrağım zirvələrdən əl eyləyir sabaha.