.....

.....

Xose Alberto Muxikanın xatirəsinə ehtiramla – AYAZ ARABAÇI

Xose Alberto Muxikanın xatirəsinə ehtiramla – AYAZ ARABAÇI

Xose Alberto Muxikanın xatirəsinə ehtiramla..
Oxumuşdum dünyanın
qəribə adamları haqqında
oxumuşdum zaman-zaman.
Oxuduqca
titrəmişdi tel-tel, könlümdəki kaman.
Axşam-axşam salıram yada.
Patris Lumumba da vardı bu sırada,
Salvador Alyende də vardı,
Nelson Mandela da.
Hər biri qalmışdı yadımda qeyri-adi insan kimi..
Və bir də Xose Muxika-
Xose Muxika, səssiz bir üsyan kimi.
Yadımdan çıxıb
ilin hansı fəslində,fəslin hansı ayında,
14 il dəmir barmaqlıqların o tayında,
başı qeylü-qalda..
Dəmir barmaqlıqların o tayında,
gözləri günəşə susamış halda..
Bədənini həbs etmişdilər,amma ruhu azaddı..
Qəribə təzaddı.
O azadlığa çıxanda,
intiqamla yox, şəfqətlə gəldi.
Adamlar uğrunda candan keçdilər,
Əyləşdirdilər ən ali kürsüyə,
prezident seçdilər.
Dağlar kimi sərt idi,
Bu da mühüm şərt idi.
“Daha çox sahiblənmək yox,”
“daha çox bölüşmək gərəkdi”deyirdi,
“Əlinin qabarı”nı,”alnının təri”ni yeyirdi.
Uşaqlara, xəstələrə,kimsəsizlərə verirdi maaşını.
Bir qarısı vardı,bir daxması,bir köhnə maşını,bir də üçayaqlı bir iti..
Təkcə bundan ibarət idi,ibrətamiz şəraiti..
Adamın ömrü də xalqına ehsan idi,
Çünki o, cəllad deyil, insan idi.
Hər yaraya sarğı,hər boyuna sarılan qol idi.
Xose Muxika lider deyil yol idi.
Nə eyş-işrət düşkünüydü,nə nəşə,nə kef,
Nə qızıl taxt, nə məxmər pərdə,
nə saray,nə ev.
Gündüz Günəş, gecələr Ay onun sarayı oldu,
Elə yaşadı ki,
bütün Uruqvay onun sarayı oldu.
Ədalət qılıncıydı,sadəlik tacıydı.
Xalqın sevgisi yeganə ehtiyacıydı.
Deyirdi ki-
“Azad olmaq üçün milyonlara yox,
tək vicdana ehtiyac var!”
Bu gün bu sözləri qulaqardına vuran
nə qədər şərəfdən yoxsul,mənlikdən ac var!
O, dövrünü yaşamırdı, dövrü onu yaşayırdı.
Bir dəfə qarşımda canlanan xəyalından sordum:
-Sən hardan gəldin, Xose?
Göydənmi,torpaqdanmı, yoxsa
ana laylasından doğulan
bir xalqın dualarındanmı düşdün bu dünyaya?
Nə şana, nə şöhrət həvəsin var,nə vara-dövlətə.
Təşrif buyurdun öyləsə hansı dəvətə?..
Tozlu yolların oğlu..
Səssiz danışardın,
səsin ucadan gəlməzdi.
amma bütün dünyaya çatardı.
Sənin sükutuna dünyanın qulağı batardı..
Çünki sən,
yalanın at oynatdığı dövrdə
həqiqətin nəfəsi idin.
14 il…
14 il qaranlıq divarlar içində
vüqarını itirmədən yaşamaq nə deməkdir,
bilirsənmi..
Bilirdin.
Bilə-bilə susurdun,
amma içində həyatın romanını yazırdın,
filmini çəkirdin.
Şüurlarda azadlıq toxumu əkirdin.
Divarlar çatlayırdı
o düşüncənin istiliyindən.
Çünki azadlıq –
dəmir barmaqlıqların arxasında yox,
vicdanındaydı..
Saraylara
köçmədin–
torpaq qoxuyan bir daxmada yaşamağı seçdin.
Çünki sənin üçün bir ölkəni sevmək
onu yuxarıdan deyil, içindən görmək idi.
Heç vaxt altında qalıb əzilmədin müqəddəs işinin.
Yadımdan çıxmayan bir sözü də var sənin kimi
məğrur kişinin..
“Əgər çox şeyə sahibsənsə,
onlar sənin üçün yaşamır,
sən onlar üçün yaşayırsan.”
Bu dünyada çox az adam
öz azadlığını belə qürurla daşıya bilər.
Sən
yoxluğun içində varlığın məğzini tapmışdın.
Maşının köhnəydi –
xatirələri təzə,
ayaqqabıların tozlu idi –
amma addımların şəffaf.
Sən hər dəfə güləndə
sanki bir xalq gülürdü..
Nəinki üz-gözündən,
Üst-başından da nur tökülürdü.
Tutulan görmədilər qaş-qabağını
gülümsəməyi unutmadın
nə zindanda,
nə də hakimiyyət kreslosunda.
“Ölkə odur ki,
hər kəs üçün ev ola bilsin,
hər körpə tox olsun və heç kim
ailəsinin önündə utanmasın…” belə demişdin..
Xose Muxaka, bilirsənmi ki-
Xose Muxaka təbəssümdən libas tikan dərzi idi,
Bir despot deyildi,bir ideologiya deyildi,
bir düşüncə tərzi idi.
Sanki yer üzünə bu
sözləri xatırlatmağa gəlmişdi:
– “İnsan olmağı unutmayın.”
Siz ey
XXI əsrin saraylarda azan,azğın
içi boş liderləri,
ey kresloya yapışan qaranlıqlar!
O adam sizə dərsdir.
Muxika bir tarix deyil,
bir aynadır:
özünüzə baxın –
Və susun!
Susun ona görə ki, ləyaqətli bir sükut
Min-min həyasız bağırtıdan dəyərlidir.
O,toplardan atəş açmadı,
səssiz dayandı –
ancaq dünyanı silkələdi.
Kimin qüdrəti çatar bu epoxanı
tarixin səhifələrindən silsin?..
Muxika –
bir düşüncənin təcəssümü idi:
“Sadə yaşa –
Kİ..
Başqaları da yaşaya bilsin”..