Yalan uşaqdı
Qəribə gəlməsin bu uşaq sizə
O çox xəyallara dalan uşaqdı.
Silinib üzündən xoşbəxtlik izi
Sevinci gözündə qalan uşaqdı.
Keçilməz yollardan izlərdən keçib,
Billur çeşmələrin suyundan içib,
Könlünə atəşli bir sevda seçib,
Özünü odlara salan uşaqdı.
Üzündə təbəssüm ürəyi gülməz
Unudub özünü adını bilməz…
Döysünmü özünü əlləri gəlməz,
Dağınıq dünyası talan uşaqdı
Kiçik dostlarından uzağa düşüb,
Aldanıb,böyüyüb tuzağa düşüb,
“İsti evciyindən “sazağa düşüb
Taleyə oyuncaq olan uşaqdı
Onu tez böyüdən zamanə idi,
Zamanda amansız biganə idi.
Sanki nağıl idi ,əfsanə idi,
Oxudum ,bitirdim yalan uşaqdı …
Rahat ol
Daha məndə itirəcək nə var ki,
Bir ürəkdir itirmişəm,rahat ol.
Sənə görə başladığım savaşı,
Səndən sonra bitirmişəm rahat ol.
Bağlı qalıb sinəmdəki qəfəsim.
Bitib onsuz yaşamağa həvəsim.
Elə bilmə kəsilbdir nəfəsim,
Bir ah idin.Ötürmüşəm rahat ol.
Həyatında bir imtahandım amma,
Nəyə gəldim,niyə getdim qınama,
Daha məni yoxluğunla sınama,
Mən dərsimi götürmüşəm rahat ol.
Silməmişəm saldığın o izləri,
Ağlımdakı deyilməmiş sözləri,
Ürəyimi dağladığın közləri,
Cəhənnəmə gətirmişəm rahat ol.
QURBAN.
Bu acgöz həyatdan umacağım yox,
Nə verir,nə alır onsuz bilirəm,
Yumub gözlərimi səssizliklərə,
Hər gün bir ümidi qurban verirəm.
Qoparır ağ vərəq dərdi qələmdən,
Açır kilidləri bağlı sinəmdən,
Kim arzu eyləyir bu şeri məndən?
Hər gün bir sətirə qurban oluram…
Susur xəyallarım danışam deyə,
Yoxluğa bircə gün yovuşam deyə,
Bir gün röyalarda qovuşam deyə,
Hər gecə nəfsimə qurban gedirəm.
Yanıram həsrətim sönməsin deyə,
Yazıram lal qələm susmasın deyə,
Kimsə göz yaşımı görməsin deyə,
Mən özüm-özümə qurban oluram.
Yaş aldı getdi
Daha nə yazım ki sevgidən eşqdən,
Bahar ürəyimi qış aldı getdi.
Düşdü soyuqlara ,fırtınalara,
Azdı yollarını baş aldı getdi.
Mən sınıq ömrümü yarıya böldüm,
Yarını yaşadım,yarını öldüm,
Doğrudan ağladım yalandan güldüm,
O gülən şəklimi daş aldı getdi.
İtirib tapmıram o illərimi,
Qaytara bilmirəm xoş günlərimi,
Səninlə tapdığım gülüşlərimi,
Sevindim .Gözümdən yaş aldı getdi.
Ürəkdən səni
Nə qədər keçsədə fəsillər illər,
Əssədə aradan buz kimi yellər
Qopan fırtınalar,əsən küləklər
Qopara bilərmi ürəkdən səni?
Gah susqun dənizssən gah dəli çaysan,
Gah yazda payızssan,gah qışda yaysan,
Sən zülmət gecəmə nur saçan aysan,
Gecələr istəyim fələkdən səni?
Sevgim səadətdir bir anı versəm.
Bir qəlbi ,bir eşqi bir canı versəm ,
Bir gün bir ömürlük cəzanı versəm
Asım arzulardan diləkdən səni?