.....

.....

Yeganə Məmmədovanın şeirləri

Yeganə Məmmədovanın şeirləri

TƏZƏLƏNSİN

Gəl, gözəl baharım, gəlişin ilə,
Fəsil təzələnsin, il təzələnsin.
Axsın damarlarda qan, cuşa gəlsin,
Ruh yaza boyansın, dil təzələnsin.

Hər evə, ocağa düşsün işığın,
Düzləri bəzəsin naz yaraşığın.
Dili bayatılı, sözlü aşığın,
Avazı canlansın, tel təzələnsin.

Gəl, könlüm yaşıla, ala bürünsün,
Təbim cuşa gəlsin, qoyma sürünsün.
Çöllərdə bənövşə, nərgiz görünsün,
Təbiət oyansın, gül təzələnsin.

DEDİM GƏL…
~ Sicilləmə ~

Dedim gəl könlümün imarətində,
Əbədi sakin ol, hər an var ol sən.
Dedim gəl arxamda möhkəm qala ol,
Demədim önümdə sərt divar ol sən.

Dedim gəl məlhəm ol könül yarama,
Dedim gəl yaramın üstdən darama.
Dedim gəl bəyaz yaz zülmət qarama,
Demədim nalə ol, ahu-zar ol sən.

Dedim gəl çin olsun arzum, diləyim,
Dedim gəl tək sənə deyim mələyim.
Dedim gəl ol mənim gülüm, çiçəyim,
Demədim hər kəsə gülüzar ol sən.

ÖMRÜMÜ
~ Divani ~

Qədirbilməz vəfasıza tay eylədim ömrümü,
Fəğan etdim gecə-gündüz, vay eylədim ömrümü.
Üzdü məni həsrət yükü, saçlarımı ağartdı,
Peskəş verdim dərdə-qəmə, pay eylədim ömrümü.

O dünyaya köç etməmiş cəhənnəmi görmüşəm,
Şaxələnmiş alovlardan qoru əllə dərmişəm.
Mən zülməti tül eyləyib saçlarıma hörmüşəm,
Bilə-bilə oda düşdüm, zay eylədim ömrümü.

Həsrət, oxlu yaya dönüb aldı məni hədəfə,
Yorulmadan, usanmadan cəfa çəkdim hər dəfə.
Tükənmədi aradakı uçurumlu məsafə,
Uzaqlarda günəş oldun, ay eylədim ömrümü.

BUNA YAZ ŞEİR…

Ey şair, vəsf etmə gəl gözəlləri,
Vətənçün can verən cana yaz şeir.
Tanıt yurdumuzun igidlərini,
Torpağa tökülən qana yaz şeir.

Bəsdir tərif etdin kirpiyi, qaşı,
Əzibdir onları zamanın daşı.
Bilinir nə cavan, nə qoca yaşı,
Tut günün nəbzini, ana yaz şeir.

Tərk elə yalançı xəyal daşını,
Məcnunun, Leylinin burax başını.
Nə günə qoydu gör dövran “kişini”,
Geydiyi libasa, dona yaz şeir.

Təbini tuşlama bülbülə, gülə,
Qondarma saçlara, qoyulma telə,
Cərrahın əliylə incəlmiş belə…
Qiyamət çatıbdır, sona yaz şeir.

Təsvir et yetimin buruq boynunu,
Acgöz məmurların saxta oynunu.
Tərif doyurmayır kasıb qarnını,
Qiyməti hey artan una yaz şeir.

Göylərə çəkilmiş ruzidən danış,
Qan ilə yazılmış yazıdan danış.
Parası olmayan qazidən danış,
Bax elə buna yaz, buna yaz şeir.

İKİMİZİN YERİNƏ
~ Təcnis ~

Bizə gələn sitəmləri, dərdləri,
Mən çəkərəm ikimizin yerinə.
Qoy görsünlər tanıyanlar, bilənlər,
Bu sinəmdə ikimizin yeri nə?!

Bir məşəl ol, zülmətimə ol mayaq,
Özgəsinin çırağına olma yağ.
Sən orada, mən burada olmayaq,
Bir süfrə aç iki mizin* yerinə.

Süfrəmizə bəzək versin gözəl şam,
Nur çiləsin bənizinə, gözəl, şam.
Sevgi ilə edək birgə gözəl şam,
Biz bir ikən, iki mizin yeri nə?!

*Miz – masa, stol

İNDİ HARA MƏN
~ Çarpaz Beşlik Cinas ~

Həyat dərd beşiyi, nəhayət gördüm,
Ömrüm xəzan oldu, saraldı, getdi.
Nə sevinc yaşadım, nə həyat gördüm,
Bağçamı, bağımı sar aldı, getdi.
Yönümü salım, de, indi hara mən?

Sandım ki, göz yaşın, gülüşün də mən,
Öz sevinc payını az aldı dərdim.
Nə tapdım özümü gülüşündə mən,
Nə də ki, sayəndə azaldı dərdim.
Üzümü tutmuşam intihara mən…

Ucaltdım özümə ümiddən dam-daş,
Dağılıb altında qalam, qorxuram.
Ey ürək, dolmusan, ümiddən dam, daş,
Nəhayət eylədi səni qorxu ram.
Əlac yox, verməyir intihar aman…