.....

.....

YEGANƏ Əhmədovanın şeirləri

YEGANƏ Əhmədovanın şeirləri

“NƏĞMƏ ŞƏHİDİM”
(Şəhid Xudayar Yusifzadəyə)

Səsin bulaqların zümzüməsi,
elə oxudun
çiləndi yanan ürəklərə,
qəribsətdi hər kəsi.
Küləklər
qovub apardı uzaqlara,
xarı bülbül də eşitdi,
bu dəfə
bir başqa cür cilvələndi.
Qarabağda lalələr boy verdi,
Bakıda Xəzər ləpələndi.
Nəğmənlə Vətən toxudun…
Əlində silahın,
qəlbində böyük eşqin,
elə oxudun,
gözlərin də işıq saçdı,
üzündə nur dolaşdı.
Al qanın axdı
Vətənə qarışdı.
Sən isə
təbəssümlə və ümidlə baxdın
əsir düşən dağlara sarı.
O gözəl gülüşün
işıqlı sabaha bərabər,
günəşə təndir.
Bir adın Şəhiddirsə,
o biri adın Vətəndir!

“MEYDAN OXU”

Bu qanlar
nə dayanacaq,
nə duracaq.
İnanmıram artıq
axan sular durulacaq.
Səni bayrağına büküb
şəhadətə yüksəltməkdən
bir gün Vətən də yorulacaq.
Odur ki…
Sən daha ölmə, Şəhidim.
Vətən üçün,
Torpaq üçün,
Bayraq üçün ölmə.
Sən təzədən yaran,
yenidən doğul.
Daşı daş üstə
qalmayan yurdun
küləyə sovrulan
külündən doğul,
Vətənə qurban verdiyin
o gənc ömründən,
o nakam ilindən doğul,
Ananın dualara açılan
qabarlı əlindən doğul.
Və yaşa…
Barı indən belə yaşa.
Vətən üçün,
Torpaq üçün,
Bayraq üçün yaşa, Şəhidim.
Yoxluğunla deyil,
Varlığınla meydan oxu ölümə.

“O GÜN”
(Aprel şəhidlərinin xatirəsinə)

O gün güllə yağışı
yuduqca yolları,
Torpaqdan
neçə-neçə Şəhid göyərirdi.
O gün aprel günəşi
sarı rəngli həsrət saçırdı.
Vətən oğullarını verirdi
işıqlı sabahların xətrinə.
İllər sonra ilk dəfə
tarix yeni səhifə açırdı,
“Qələbə” yazılırdı hər sətrinə.
Yurda dayaq oğullardan
sədd çəkilirdi düşmən önündə.
Göylərə uçalan bayraq
çıraq olurdu qaranlıq keçmişə.
O günün böyüklüyü
nə bu günə,
nə gələcəyə sığırdı.
O gün Günəş özü də
Şəhidlər xiyabanından doğurdu.