Yeni üfüqlər
Əlimdə bir tikə ümid qalmışdı,
Atdım gözlərinə gələn sabahın.
Dualar uzatdım göyün üzünə,
Gedib ətəyinə çatdı Allahın.
Bahar günəşinin rəngli telləri
Bənizi soluxmuş ruhuma çıxdı.
Köhnə limanları geridə qoydum,
Yeni üfüqlərə ruhum açıqdır.
Atdım ürəyimdən həsrət yükünü,
Çıxdım xoşbəxtliyin uca dağına.
“Sənsiz yeni həyat” başlığı yazdım
Bu yeni təqvimin ilk yarpağına.
Daha məni əzməz ayrılıq yükü,
Qəlbimi bağladım kədərə, aha.
Unutdum yaşanan acı günləri,
Səndən bir nişanə qalmadı daha.
Üzünü, səsini xatırlamağa
Nə qədər can atdım, baxdım, olmadı.
Bağışla, o qədər xoşbəxt oldum ki,
Səni düşünməyə vaxtım olmadı.
Dönmərəm
Gəlişilə gerçəkləşmiş yalan yuxum,
Cana gəlmiş can vermədə olan duyğum,
Nəfəsilə isinmədə bütün ruhum,
Donmaram ki…
Buraxmaz ki, çulğadısa bu eşq kimi,
Ruhlandıran bir hiss varmı saf eşq kimi?
Bütün dünya qarşı çıxa, öz eşqimi
Danmaram ki…
Dağ səbrimi döndərərəm aya, ilə,
Həsrətindən külə dönmək olsa belə,
Ağrıları gətirmərəm əsla dilə,
Dinmərəm ki…
Yüz min tikə qoparalar bu tənimdən,
Ya dərimi sıyıralar bədənimdən,
Xeyri yoxdur, “Eşq” adlanan bu dinimdən
Dönmərəm ki…
Son gediş
Gözün aydın, yol adamı,
İstədiyin oldu axır.
O son gedişindən sonra
Salmamışam çığır-bağır.
Hər gün ağlaya – ağlaya
Yazmamışam: “Darıxmışam”.
Nə yollarını kəsmişəm,
Nə də qarşına çıxmışam.
Gedişindən öyrənmişəm
Yoxluğunla yaşamağı.
Həsrətin ağır olsa da,
Bacarıram daşımağı.
Unutmuşam deyinməyi,
Nə dava var, nə də dalaş.
Elə səni sevməyi də
Unuduram yavaş-yavaş.
Sən idin hər ayrılıqda
İlk söz deyən, son söz deyən.
Dönüb pozma düzənimi,
Alışmışam sənsizliyə…
Sevil Gül Nur