***
Bacarsan məni unut,
Zərrə-zərrə sil məni.
Gerçək kimi görünən
Yuxu kimi bil məni.
Mən tanrının uğursuz
Hekayəsi kimiyəm.
Mən bütün gedənlərin
Bəhanəsi kimiyəm.
Mən kor olan kəslərin
Gözləriyəm elə bil.
Mən bütün lal dillərin
Sözləriyəm elə bil.
Mən san ki rəssamların
Yandırdığı şəkiləm.
Küləylərdə sovrulan,
Yox olan həmin küləm.
Mən sanki şairlərin
Bədbəxtliydən yazdığı
Oxunmamış şeirəm
Qaralayıb pozduğu.
Mən bitən sevgilərdən
Geriyə qalan kədər.
Bir şəkil, köhnə məktub,
Göz yaşı, xatirələr.
Bacarsan məni unut.
Zərrə-zərrə sil məni.
Unut, səhvən yaradıb
Tanrı elə bil məni.
Yoxsan
Yoxsan
göy üzümdə ulduzlar batıb
Nə ay parıldayır, nə günəş çıxır
Sənli xoşbəxtliyin, önümü tutub
Yoxluğun əvəzin birə beş çıxır.
Yoxsan
düşünürəm kədərli, üzgün
Görəsən ‘O’ indi nə fikrləşir?
Mən sənsiz gəzəli biraz da hər gün
gözümdə küçələr eybəcərləşir.
Yoxsan
diksinirəm qatar səsindən
Bilirəm gedənlər geriyə dönmür.
Bu kirayə evin pəncərəsindən
Həyat da sən deyən gözəl görünmür.
Yoxsan
ümüdlərim ölür get-gedə
Yoxluğun saxlamır bir ümüd yeri.
Üzgünəm yazdığım şeirlərdə də
Mən səni qaytara bilmirəm geri.
Yoxsan göy üzümdə ulduzlar batıb
nə ay parıldayır nə günəş çıxır
Yoxsan əllərində rəsmini tutub
indi səndən ötrü biri darıxır.
Biri darıxır.
***
Nə bir ev, nə bir yer, nə bir ipucu
Mən bu yer üzündə gəzirəm səni.
Bir dua, bir ümid, birdəki acı
Arzusu gözündə gəzirəm səni.
Hər axşam bir ulduz işıltısında
Hər payız bir yarpaq xışıltısında
Hər kitab bir sətir alıntısında
Şairin sözündə gəzirəm səni.
Bir yuxu, bir xəyal görüntüsündə
Bir qapı, bir ürək döyüntüsündə
Bir həyat, bir ömür çöküntüsündə
Əcəlin izində gəzirəm səni.
Bir məzlum, bir yetim ovuntusunda
Bir zərrə, bir könül qopuntusunda
Bir səma, bir bulud gurultusunda
Hər şeyin özündə gəzirəm səni.
Bilirsən özün də gəzirəm səni.
Getdi, saçlarımın ağı çoxaldı
Dilimin duası, gözümün yaşı.
Geri bircə ovuc xatirə qaldı
Bir ürək ağrısı, bir göz yaddaşı.
Yığdı çantasına nəyi vardısa
Apardı üzümdən təbəssümləri.
İlahi, əhv elə günahkardısa
Qırdı içimdəki sarı simləri.
Getdi, gözlərində bir ayrı istək
Bir ayrı parıltı, sevinc göründü.
Bizim aramızda yaşanan hər şey
Nağıla çevrildi, yuxuya döndü.
Oturdum kölgəli, gülləri ala
Bir yaşlı, qocaman ağac dibində.
Getdi arzularım fit çala-çala
Getdi xəyallarım əli cibində.
Hərdən uzun olur, sözün qısası
Uzanır sonuncu vidadan öncə.
O qədər şey var ki, yaşanılası.
Bütün ayrılığlar erkəndir məncə.
Ya indi, ya sabah, ya on il sonra
Bütün zamanlarda tezdir ayrılıq.
Hətta yaşanılsa milyon il sonra
Yenə də bir şeylər qalar yarımçıq.
Getmə qurban sənə, getmə bu səfər
Qal hələ gücümü bir yerə yığım.
Ömrümün sonuna yetəcək qədər
Təsəlli toplayım, xatirə yığım.
Hələ yaşanmamış, yaşanılmamış
Neçə düşüncə var, neçə xəyal var.
Gözümdə doğulub gerçək olmamış
Əlimdə ovcumda ölür xəyallar.
Hərdən uzun olur sözün qısası
Uzanır sonuncu vidadan öncə.
O qədər şey var ki, yaşanılası
Bütün ayrılıqlar erkəndir məncə.
Dilimin ucunda sözlər kiriyir
Hərdən düyünlənir boğazım mənim.
Fəryadım göylərdə baş girəliyir
Hərdən eşidilmir avazım mənim.
Bilmirəm mən necə çağırım səni
Necə çağırım ki, duyulsun səsim
Bəlkə biraz asta, biraz mədəni
Çağırım, ruhuna yayılsın səsim
Sənin qulağların mənə kardı, kar
Mən özüm özümü yoruram belə
İnamım yoxdursa, bir ümidim var
Ömür bitməyibsə gec deyil hələ.
Bəlkə də çox gecdir, deyil qəflətən
Bəlkə də vaxtında oldu getməyin.
Bəlkə də mənası yoxdur yenidən
Nə məktub yazmağın, nə zəng etməyin.
Varmış ayrılığın hikməti, bildim
Ağrılar, acılar yaranmalıydı.
Mən bircə dəfədən ölən deyildim
Öncə bu ayrılıq yaşanmalıydı.