.....

.....

Yuxumun göz yaşı – Xəzangül

Yuxumun göz yaşı – Xəzangül

Yuxumun göz yaşı

Gecə gözü yaş axıdir yuxuma,
Çaşdı yuxum, yaşdı yuxum üşüdüm.
Elə bil ki, sel töküldü yaxama,
Göyü Yerə, Yeri Göyə daşıdım…

Qaçan yuxum buludlara qoşuldu.
Yaş yuxumdan buludlarda yaş oldu.
Hönkürərək ildırım tək boşaldı
Hönkürtünün harayını eşitdim.

Bu haraydan tir – tir əsdi zamanda,
Zaman özü yüz fikirdə, amanda.
Bu zamandan zaman doğmaq gümanda,
Nə ümüdsüz ümüdlərlə yaşadıq.

Yazıq dünya baş açmayir, mat qalıb
Gözlənilməz bir vuruşa atılıb.
Bu nə azar bəşəriyyət tutulub?
Əlacmı yox, səhiyyəmi naşıdı?

Olum, ölüm ayrıcında qalmışıq
Çarəsizlik dərdləriylə dolmuşuq.
Yol tapmayan yolsuz yolçu olmuşuq,
Sanki, Yer, Göy qarğışında qoşadı.

Gecə gözü, qaçan yuxum, birdə mən,
Yaş tökürük zaman üstə dəmbədən.
Ey həyatı bizim üçün dərd edən!
Bu göz yaşı axırzaman yaşımı?

Zaman gələr.

Mən bilirəm,
Tale mənə bu qisməti buyurmayıb…
Nədə bəxtim qılıncını sıyırmayıb.
Kəsə,tökə,
Hisslərimə sərhəd olan təfəkkürü.
haçan könlüm istək deyir, qəlbim vurur,
Həmin anda,
Təfəkkürüm öndə durur.
Ağlım mənə şillə vurur, divan qurur…
Mənə soyuq, buz deməyin,
Simi qırıq, saz deməyin.
Daş ürəkli qız deməyin.
Duyğularım iç dünyamda
qara ləçək bağlayıbdı.
dönə – dönə leysan olub ağlayıbdı…
Yaranıbdı bir duz gölü,
duz gölündə,
Demədiyim sözüm ölüb.
Zaman gələr
ďuz əriyər…
Ölən sözüm olam deyər.
Kainata salam deyər.
saflıq kimi, düzlük kimi
ülviyyətə,
səcdə edər, boyun əyər…

Xəyalınla.

Xəyalını ürəyimin,
iç qatlnda gizlətmişəm.
Qoy görməsin bircə adam,göz demişəm.
Heç sənin də xəbərin yox…
Deyirlər ki, mənə görə kədərin çox.
İnanmıram.
Mən danmıram,
Ola bilər.
Amma sənin məhəbbətin,
təmizliyə bölünəndə tam alınmır,
kəsir olur.
Bu kəsirin xəyanətə əsir olur…
Qorxuram ki,
Nə zamansa sənin üçün bir tullantı,
qalıq ollam.
Sürüşkən bir balıq ollam.
Əllərindən sürüşərəm
boşluq ilə görüşərəm.
Nə torpaqda yerim olar,
Nə də sən tək pirim olar.
Birim olar…
Çırpınaram yaşam üçün,
Ağlayaram için – için.
Sənsizlikdən vaya dönnəm,
Ölüm adlı paya dönnəm.
Çaya dönnəm…
Çay içində “su pərisi” olub,qallam.
Həm dünyadan,
həm də səndən ayrı ollam…
Ona görə,
xəyalını ürəyimdə gizlətmişəm…
Xəyalınla dərdləşərək,
Kainatın lüğətində heç olmayan söz demişəm.
Düz demişəm…
Ürəyimin qapısını,
heç bir kəsə açammaram…
bu qismətdən qaçammaram…
Ömür boyu bu saflığı qorumuşam
Ürəyimin sevgisiylə qarımışam…

Yalan ağacı…

Yalanını ağac kimi böyüdürsən…
Budağına gerçəkliyi döy deyirsən.
Dedi – qodu pıçıldayır yarpaqların,
Tumurcuq tək peyda olur yalanların.
Yetişərək,
Yalan adĺı bar olurlar
Mar olurlar, zor olurlar…
Silkələyib yalan barı,
Heç demirsən,
daşa dönüb vücudumu, başı yarır.
Yalan özü, yalan olur.
Yalan dönüb, ilan olur.
Hər anıma, ünvanıma,
Haça dilli,
Sulu,selli zəhərini yaya bilir…
Amma yenə
yalanından doya bilmir…
Mən bilirəm, bu bəhanə.
sən bilirsən, bu bəhanə arxa sənə…
Nüfuzuna xəlil gəlməsin deyə,
Uğursuzluq günahkarı mənəm guya
Niyə axı?!
Haqq deyilən Göydən baxır…
Görürsənmi?
Şaqqıldayır, şimşək çaxır.
Buludların göz yaşları Yerə axır.
İldırıma dönər birdən,
od diliylə dinər birdən.
Yalanlara od ələyər,
Yalan – İlan yansın deyər.
Mən qorxuram,
Tağ olaraq, dağ olaraq
Vulkanlaşar – bu yalanlar…
Səni səndən alan olar.
İstəmərəm…
Uğurlara boy verərək,
Seçiminə tay bilərək,
Zaman səni,
zamanına ürək etsin.
Bəşər üçün gərək etsin…

Gəl yenə…
Ey cavanlıq, ey bir anlıq hardasan?
Gəl ömrümə, həyatıma gəl yenə,
Hara getsəm, içimdəsən, buradasan,
Səndən ayrı durammıram, gəl yenə
Mən yenicə fəth zirvərsi tapırdım.
Mən yenicə arzu atı çapırdım.
Mən yenicə istəyimə çatırdım,
Sənsiz dünya qurammıram, gəl yenə
Elə könlüm səni gəzir, arayır,
Rüzgar yeli tellərimi darayır.
İçim yazdı, çöllərimə qar yağır,
Sual çoxdu sorrammıram, gəl yenə
Yeni-yeni düşünürdüm, anırdım,
Həyat nədir, yaşam nədir qanırdım.
Gəncliyimin zirvəsində sanırdım,
Sənsiz özüm, olammıram gəl yenə
Mənim üçün, işıq idin, nur idin
Hara dönsəm sən Günəşi görürdüm
Mən könlümü Xəzangülə verirdim,
Sənsiz işıq salammıram, gəl yenə
Mən Xəzangül olammıram, Gəl yenə