.....

.....

Zəfər Laçının şeirləri

Zəfər Laçının şeirləri

***

Mənim baharımdır, yazımdır anam,
Ağaran saçında qışı göstərmə.
Razıyam hər dərdi çəkməyə, Allah,
Anamın gözündə yaşı göstərmə.

Qoy məni bir uşaq, bir körpə sansın,
Ömrümdən ömür ver, ömrü uzansın.
Arzumdur, hər övlad sevsin anasın,
Heç kəsi doğmaya naşı göstərmə.

O, böyük cahandır, o böyük həyat!
Anadan başlayır bütün kainat.
Sən mənim canımı al, onu yaşat,
Yatdığı torpağı, daşı göstərmə.

***

Hicranın atəşi yandırmaz məni,
Qışın şaxtası,da dondurmaz məni,
Bəndənin bəlası sındırmaz məni,
Tanrının dərdinə dözən adamam.

Bir ağır qəm yükü çəkən kimsəyəm,
Dan yeri zülmətə çökən kimsəyəm,
Arzusu bəşərdən köçən kimsəyəm,
Xəyalı dünyanı süzən adamam.

Çoxdan öyrənmişəm yıxılım, durum,
Nə yerə, nə göyə sığışmaz ruhum.
Allahın yolunda ölməkdir arzum,
Kəfəni cibində gəzən adamam.

***

Nə vaxtdır üzümdən gülüş inciyib
Fikirlə yoldaşam, kədərlə dostam.
Zülmət gecələrdir könül həmdəmim,
Hər oyaq açılan səhərlə dostam.

Həyatdan çox çəkib ağaran başım,
Pis günü unutmaz ağlım, yaddaşım.
Sanıram, səksəndir, doxsandır yaşım,
Bağçamda qəm adlı bəhərlə dostam.

Sıxma, ey ürəyim, özünü sıxma,
Vaxt gələr, düzələr, əlbət, darıxma.
Rəbbim, bu qulunu darda buraxma.
Sən özün şahidsən nələrlə dostam.

***

Vuran ürəyimdir, ülvi duyğumdur,
Dilimdə söhbətdir, sözdür Laçınım.
Neçə il yağılar tapdağı altda
Sinəsi yaralı dözdü Laçınım.

Sonsuz arzularla kaş yaşadıq biz,
Elə bil ürəyi daş yaşadıq biz,
Neçə boran, sazaq, qış yaşadıq biz,
Bu nə təravətli yazdır, Laçınım?!

Sancdı bayrağını bu şanlı ordu,
Ali Baş Komandan yaratdı, qurdu.
Soltanın, Xosrovun, Oktayın yurdu,
Tarixə adını yazdı Laçınım.

Zəfərin tükənməz şeiri sözü,
Qayıtdıq qoynuna, qarşıla bizi.
Çiçəklər, çəmənlər – cənnətin özü,
Nə qədər vəsf etsəm, azdır, Laçınım!

Zəfər Laçın