.....

.....

Zahir Şirani – Bütün nağılların əvvəli budur

Zahir Şirani – Bütün nağılların əvvəli budur

BİR PARÇA ŞEİR…


Biri var, biri yox… belə başladı,
Başladı hisslərin alovu, odu.
Bütün sevgilərin qədəmi belə,
Bütün nağılların əvvəli budur.


Dondu gecələrdə sükutun səsi,
Zülmət hənirinə tamarzı qaldı.
Bizim nağılın da min bir gecəsi,
Bizim nağılda da Şəhrizad vardı.


Yadında, nə qədər yaşadıq belə?
Beş günmü, on ilmi, yadımdan çıxıb.
Bir onu bilirəm təkcə özüm yox,
Adın da boşanıb adımdan çıxıb.


Fərqi yox, ölüyəm ya da ki, diri,
Qəlbimi ya ovut, ya əz…eləmir.
Gördüm ki, bir parça sevgi şeiri,
Bir ovuc zinət əvəz eləmir.


Sırğaya dönmədi söz mirvarisi,
Yük oldu içimə kasıblıq dərdim.
Zəncirə düzülmüş fikirlərimi,
Sənə boyunbağı edə bilmədim.


Yenə də silmədim qəlbdən adını,
Ürək döyüntümsən, ruhun səsisən
Sən indi o evin əsir qadını,
Mənim şeirimin Şəhzadəsisən…

YAŞAMADIM


Getdiyin gündən silinib,
Yaddaşımdan adın, adım.
Mən dedim ki, səndən sonra,
Yaşayaram… yaşamadım.


Itdi gözlərimin nuru,
Baxıram, seçə bilmirəm.
Ümidimi eynək kimi,
Taxıram, seçə bilmirəm.


Mənim üçün gün keçmir ki,
Oduna yanan gündəyəm.
Çıxıb getdiyin gecədə-
Dizim qatlanan gündəyəm.


Səndən sonra yaddaşım boş,
Dərd mənə ömürlük əsa.
Yaşayıram, əgər buna,
Yaşamaq demək olarsa.


Qırılır içimdən tək sim,
Hər şey gəlib çatır sona.
Səni qoruya bilmədim,
Qına məni, qına, qına…


Qoşulub səninlə onda,
Getdi duzum, getdi dadım.
Mən dedim ki, səndən sonra,
Yaşayaram… yaşamadım.

AYRILIQ BELƏ OLURMUŞ…


Yoxdan başlamışdıq, varda bitirdik,
Ayrılıq sevginin təzadı imiş.
Bəlkə yaşadığın intizar, hicran,
Atıb gedən qızın öz adı imiş.


Qaçar vüsal səndən nisgili qalar,
İndi o illərdən min ümid baxır.
Niyə atıb gedir bizi doğmalar,
Niyə belə olur ayrılıq axı?


Doğuşdan başlayır ölümün izi,
Göz yaşdan yaralı, könlümüz qırıq.
Atalar çiynində gəzdirir bizi,
Bizsə çiynimizdə yola salırıq.


Həyat bir yandaymış, ölüm bir yanda,
Yanmamış əridi ömrümün şamı.
Məni ağ bələyə bükmüşdü onda,
Mənsə ağ kəfənə bükdüm anamı…


Eşqə nə ev tikdim, nə hasar hördüm,
Duydum sevilmək də, sevmək də günah.
Vüsal yaşamamış ayrılıq gördüm,
Ölməmiş ölümü yaşadım, Allah.