BU GECƏ DARIXDIM…
Bu gecə də darıxdım,
Darıxdım, gözümdə yaş.
Bilmirəm bərk darıxdım,
Bilmirəm yavaş- yavaş.
Bu gecə də darıxdım,
Otağımın dörd küncü
Soyudu, buz bağladı.
Bəbəyim qana döndü,
Yanağım duz bağladı.
Bu gecə də darıxdım…
Bilirsənmi darıxmaq
nə olan şeydir, qadın?
Qalxıbmı de Allaha,
Sükut dolu fəryadın?
Titrəyən barmaqların
Qələm tutammayanda,
Bilirsən üşüməyin dadı nə təhər olur?
Hardan gün sona yetir.
Necə düşür gecələr,
Eh, necə səhər olur…
Bir az dərdim az oldu,
Bir az həsrət çox oldu.
Azlığında darıxdım,
Çoxluğunda darıxdım.
Var oldun bu həyatda,
Yox oldun həyatımda.
Varlığında darıxdım,
Yoxluğunda darıxdım…
İYDƏ AGACI
Eşqin ləzzətini burda duyduq ilk,
O gün doğma idik, bu gün yadıqsa.
Biz sənin kölgəndə sevdik, sevildik,
Biz səndə yaşadıq nə yaşadıqsa…
İydə ağacı.
Arzular quş kimi ən uca qatda,
Kölgən meyvədən də şirin olardı.
O zərif, o kövrək budağın altda,
Ona da, mənə də yerin olardı
İydə ağacı.
Həsrət bir ömürmüş, ayrılıq qısa,
Ayrıldıq, əlvida səndə başladı.
İlk görüş bir anda başlamışdısa,
Elə son vida da səndə başladı-
İydə ağacı.
İndi sevənlərə sən balaca pir,
Əlimin izini yağışlar yuyub.
Bəlkə də ətrin də onun ətridir,
Bəlkə də ətrini yadigar qoyub
İydə ağacı.
Dönəcək, keçsə də neçə- neçə il,
Əfv etdim, bağışla desə,, bağışla.
Bağışla dediyi kəlməyə deyil,
Bağışla dediyi səsə bağışla…
İydə ağacı
OTUZ İLİN ŞƏKLİ
Neçə-neçə vətənimin namuslu qızları birinci Qarabağ savaşından geri dönməyən əsgər nışanlılarını gözləyərək qocaldı…
Nə vaxtdır bağlıydı ümid qapısı,
Nə vaxtdır ot basan cığırlar yalqız.
Otuz il o yanda xəbərsiz əsgər,
Otuz il bu yanda yol gözləyən qız…
Simurq quşu kimi yandırdı yüz tük,
Neçə istəyini həbs etdi qına.
Bir zaman xoşbəxtlik açarı üzük,
İndi qıfıl olub arzularına.
Həsrət cığır saldı hər gün üzündə,
Durdu vaxt, O, gənclik yaşında qaldı.
Gəlinlik libası Cıdır düzundə,
Duvağı Murovun başında qaldı.
Açdı dua ilə əlini göyə,
Gəzdi gözləriylə yolu, tini, O.
Bir gün geri dönər, qayıdar deyə,
Kəsmədi yollardan ümidini O.
Dən düşdü saçına, bozardı donu,
Örtülmədi gecə, sökülmədi dan.
Görəsən yollarmı azdırdı onu,
Belə gecikməzdi ağatlı oğlan.
Hər gecə təklikdən qorxmasın deyə,
Asıb otağında başa şəklini.
Otuz il sonrada qapqara geyən,
Otuz il əvvəlin qoşa şəklini.
Baxmaz soyuğuna, baxmaz qarına,
Çıxmaz xəyalından bircə an əsgər.
Gecə qonaq gələr yuxularına,
Səhər Qarabağa qayıdan əsgər.
ŞƏKİLLƏR
Həyat bizdən sonra qoydu qoşa iz,
İndi nə söz isti, nə əlim ilıq.
Min gecə o yanda əlvidayıq biz,
Min gecə o yanda qalıb ayrılıq.
Göz yaşın səpildi, söndü bu ocaq,
Mənə elə gəlir bir gündür iki…
Tək ürək, tək candıq- deyirdik, ancaq,
Cırılmış şəkildə bölündük iki.
Daha nə arzu tut, nə də xəyal qur,
Söz desəm aparmaz bir də tər səni.
Şəklinin üstündə soyuq barmağım,
Gəzişər, daha çox üşüdər səni.
İl ötüb, o şəklin hər parçasını,
Qoyursan yan- yana, çarpışdırırsan,
Saçımı, üzümü, barmaqlarımı,
Tutub bir- birinə yapışdırırsan.
Zaman da qaçaraq aşdı dağ- dərə,
Baxar uzaqlardan ayrılıq gülər.
Nə ömür qayıdar ötən günlərə,
Nə cırıq şəkillər birləşə bilər…