***
Nəfəsim gəlib gedir
Ağlım da başımdadır.
Bir yol var keçmişimdə,
Bir yol da qarşımdadır.
Bir arzu gəlməyimdə,
Bir çarə ölməyimdə
Bir qisas gülməyimdə
Biri göz yaşımdadır.
Gül yolu, çiçək yolu,
Göz yolu, ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır.
***
Bu dünyadan nə götürdüm,
Nə axtardım, nələr gördüm.
Hər sevincin finalında
Qüssə gördüm, kədər gördüm.
Səhnədəki tamaşalar
Bilmədim necə oynanır.
Komediya dəbdən düşüb
Təkcə faciə oynanır.
Neçə-neçə dərs içində
Çətin həyatı öyrəndim.
Hamı tənlik, intiqral,
Mənsə Saatı öyrəndim.
ZAMAN MƏNDƏN KEÇİR
Zaman məndən keçir, keçir durulur
Ürəyim sehrli sevgi süzgəci,
Sevgi ürəyimdən keçir durulur.
Günəşin işığı, ayın işığı
Qayğılı gözümdən keçib durulur.
Fikir burulğanı dağ çaylarıtək
Sıxılmış sözümdən keçib durulur.
Nəyi saxlamadım, nəyi saxladım?-
Dəyir sınaqların zərbəsi mənə.
Keçirtdim tarixi əsəblərimdən,
Dünənlə sabahın körpüsü mənəm!
Bitmişəm yer ilə göy arasında –
Bu birlik ilahi iradəsidir.
Kimsə eşitməyən nəğmələr keçir.
Ulduz pıçıltısı, duman səsidir.
Keçir ürəyimdən millətin ruhu.
Bir üzü ucalıq, bir üzü qorxu.
Min ilin qanıdır – içimdə diri,
Dünyada kim ölür? Yaddaşı itən!
Ürəyim bir qaçqın düşərgəsidi,
Keçir körpələrin göz yaşı məndən.
Keçir qardaşların məğlubiyyəti,
Üç qitə yolunda ayağım yorğun.
Vətən güclüdürsə, ucadı bayraq,
Vətən çəkiləndə bayrağım yorğun…
İlk nədi, son – ürəyim duyur.
Keçmişə yol alan köçürmüş məndən.
Zamana qoşulub bir ömür boyu
Tanrının özü də keçirmiş məndən.
YOL
Gecə qaranlığında
işıqdan-işığa yol gedir insan.
Tarix qaranlığında
dahidən-dahiyə…
Ömür qaranlığında
bəndədən İlahiyə!
Hansı mənzilə varsan
ən kəsə yoldu düzlük.
Bir ucu ölümdürsə,
bir ucu ölümsüzlük…
Sən elə bilirdin
Ayrılıb getmisәn, kimdir tәsәllin?
Yüyürsәn, arxamca çatarmı әlin?
Mәn sәni bu qәdәr uzaq bilmәzdim,
Mәn sәni bu qәdәr yazıq bilmәzdim…
Sәn elә bilirdin, ölәrәm sәnsiz,
Diz çöküb sәdәqә dilәrәm sәnsiz.
Deyirdin, qәlbimә yol tapan olmaz,
Yenә dә qarşına gәlәrәm sәnsiz.
Nә sәn birincisәn, nә mәn birinci,
Tapılar yenidәn ömrün sevinci.
Dönmәrәm, qürurum əyilməz dәrdә,
Sәnә dağ çәkәrәm, sevərəm bir də!