***
Ay ötdü, il oldu getdiyin gündən,
Mənim ümidlərim yaman azalır.
Zamanla azalar, dedin gedərkən,
Zamanla azalmır, zaman azalır.
Sən, zaman dediyin nə zaman gələr?
Ömür bu zamandan tez ələnirsə.
Mən necə unudum? Qəlbimdə yaram,
Biz hər rastlaşanda təzələnirsə.
Həyat üç gün deyil, beş gün də deyil,
Həyat yaşadığın bu andır elə.
Növbəti an sual altındarsa,
Zaman da indiki zamandır elə.
Bilmirəm nə qədər zamanım qalıb,
Zamanla özümü ovutmaq üçün.
Bir neçə nəfəslik vaxtım var bəlkə,
Onu da sərf edim unutmaq üçün?
Getmələr gəlməkdən daha dürüstdür,
Yalanla gəlmişdin, yalansız getdin.
Zamana bu qədər inanırdınsa,
Bəs niyə gedərkən zamanız getdin?
Zaman, bir nəfəsin alınmasıdır,
Alıram, bilmirəm qayıdacaqmı?!
Nəfəsi səninlə alan bu ürək,
Səni bir nəfəsdə unudacaqmı?
Yaş artır, gözümdən çəkilir pərdə,
Saxta bər-bəzəklər solur deyəsən.
Etməz dediklərim nələr edirlər,
Olmaz dediklərim olur deyəsən.
Yaş artır elə bil ağıllanıram,
Seçirəm əyridən düzü, elə bil.
Qarşılaşdırıram bəzi şeyləri,
Cavanlıq aldadıb bizi, elə bil.
Gənc ikən bəzəkli gördüyüm şeylər,
Sən demə hər şeyin saxtası imiş.
Rəngbərəng tavanlar, büllur sütunlar,
Əslində adi pol taxtası imiş.
Dünya da belədir, cavan olanda,
Adamın gözündə gözəl görünür.
Yaş ötür, gözündə bu qoca dünya,
Dişi yox, gözü kor, keçəl görünür.
Dünyada elə növ gözəlliklər var,
Göz alan zəhərli çiçəyə bənzər.
Bu sanki, zəhərli, xallı ilana,
“Nə gözəl ilandır” deməyə bənzər.
***
Alıb götür məni səhər küləyi,
Yarpaq tək budaqdan qopar bir kərə.
Salıb burulğana qaldır havaya,
Apar xoşbəxtliyin olduğu yerə.
Apar hara qədər gücün çatırsa,
Apar buralardan uzağa məni.
Qoyma ki talehim namərdcəsinə,
Həbs etsin bu bədbəxt budağa məni.
Al apar sən məni elə bir yerə,
O yerdə insanlar qəddar olmasın.
O yerdə birinin üzündən biri,
İntihar etməyə vadar olmasın.
O yerdə olmasın müharibələr,
Körpələr tank altda əzilməsinlər.
O yerdə kişilər alçaldılmasın,
O yerdə qadınlar döyülməsinlər.
O yerdə hələ pul icad olmasın,
İnsanlar pul ilə dolanmasınlar.
Kişilər bir parça çörək üzündən,
Ailə yanında utanmasınlar.
***
Al götür sən məni elə bir yerə,
O yerdə şərəflər satılmasınlar.
O yerdə qocalmış valideynlər,
Qocalar evinə atılmasınlar.
O yerdə sevinclər bölünsün ancaq,
Qəm-kədər olmasın, dərd bölünməsin.
Burdakı dilənçi yaşlı qadının,
O yerdə izinə rast gəlinməsin.
O yerdə sevgilər müqəddəs olsun,
Xəyanət olmasın, yalan olmasın.
Ayrılıq üzündən, həsrət üzündən,
Sevənlər sovrulub talan olmasın.
Al götür sən məni səhər küləyi,
Qoy sənin əlindən yapışım gedim.
Yoxdursa belə bir yer bu dünyada,
At yerə, torpağa qarışım, gedim.