Qoy oxusun gözlərini gözlərim
Bir görüşün yollarına çən düşüb,
Bir eşqinmi saçlarına dən düşüb?!
Məndən özgə de, könlünə kim düşüb?
Qoy oxusun gözlərini gözlərim.
Ürəyimi göynədəcək yanğısı,
Telin olsun bu yaramın sarğısı.
Kimdir, görən, o inamın oğrusu?
Qoy oxusun gözlərini gözlərim.
Ümid dinir, güman dinir gözündə,
Sükut dolu ümman dinir gözündə,
Bir gerçəyi uman dinir gözündə,
Qoy oxusun gözlərini gözlərim.
Kirpiyinin kölgəsimi gizlənən?
Yad baxışla özgəsimi gizlənən?
Bəlkə, mənəm öz-özüylə izlənən?
Qoy oxusun gözlərini gözlərim.
Sevgilərdə doğru da var, yalan da,
Sevgilərdə sayğı da var, talan da.
Bu ömürdə olmayan da, olan da,
Qoy oxusun gözlərini gözlərim.
Hansı vədə, hansı sözdür nəhs düşüb?
Düz yozulan gərdişimiz tərs düşüb.
Günah kimdə, qınaq kimdə, bəhs düşüb?
Qoy oxusun gözlərini gözlərim.
Gülüm, and iç bu sevginin adına,
Gülüm, yetək biz bu eşqin dadına.
Ərmuğandır, sevib, düşüb oduna,
Qoy oxusun gözlərini gözlərim.
Üzündəki qara xal
Saçlarda zər kəhkəşan,
Qızıl tacın telə şan.
Gözəllikdən bir nişan
Üzündəki qara xal.
Sevməyənlər naşıdır,
Ürəyim sirr daşıdır.
Quruyan göz yaşıdır
Üzündəki qara xal.
Yuxumdakı o buta
Könlümü bir ovuda.
Həsrət, ağrı, dərd, xəta —
Üzündəki qara xal.
Ahlarım
Mənim dərdlərimə ahlarım yanar,
Ahlarım od tutub yanar içimdə.
Mənim dərdlərimi dindirən ahım
Elə kövrək-kövrək ağlar içimdə.
Dərdimin dilini anlar ahlarım,
Car çəkər bir əlac hay-harayında.
Könlüm bəxti bağlı qəm boğçasıdır,
Duası sərgərdan gün sorağında.