.....

.....

Zülfiyyə Yaqub

Zülfiyyə Yaqub

Yenə sevgi nağılı…

Bu bir yelləncək nağılı
Göy üzündən asılıb.
Yazıldıqca hekayələr,
Yaşandıqca ömürlər,
İpləri hər gün bir az
Bir az daha qısalıb.
Danış- danış yellənçəyim,
Yenə sevgi nağılı…
Yatmış gözəl yuxusundan
Şirin – şirin oyansın.
İp üstündə evcik qurub,
Həyat oyunu oynasın.
Sən yellənə – yellənə
Göy üzünə çatdıqca,
Nağıl dili yüyrək olar
Arzular da rəngarəng.
Yorulub geri döndükcə
Ağ atlı şəhzadələr,
Xəyallarım göy üzündə
Gözdən itən çərpələng.

***

Yağış qara nə vaxt döndü bilmədim,
Bu darıxmaq nə vaxt keçər görəsən?
Yeri- göyü həsrətimə bələdim,
Açdım gördüm yenə sənsən, yenə sən.

İl dolanır qış üstünə qış gəlir,
Bəlkə sən də bircə yollaq gələsən.
Qəlbim ruha qəmli məktub göndərir,
Açdım gördüm yenə sənsən, yenə sən.

Bilirəm ki,səbrin boldu,eşqin bol,
Ayrılığın imtahandı deyirsən.
Gör nə qədər yad qapıdan keçdi yol,
Açdım gördüm doğmalıqda yenə sən.

***

Ahhh bu zülmət qaranlıq,
şaxtalı, yorğun gecə…
Aç mənə öz sirrini,
Ruhum qış yuxusundan,
doğulacaq indicə.
Döydüyüm hansı qapı?
Gəldiyim hansı yoldu?
Səbrim kimsədən deyil,
Mənsizlikdən yoruldu.
Həzin ney səsi səsi kimi,
Külək nə pıçıldayır?
Yenə qəlb aynasından,
Nigaranlıq boylanır.
Həyatım yuxudursa,
Ən qarışıq yozumam.
Tanrım,
Sən məni suya danış,
Bəlkə xeyrə yozulam.
Bilsəm ki, darıxırsan,
” Ya Huuu” deyib dönərəm.
Gecəmin nəğməsi ol:
“Özümü səndə tapsam,
Ömrümü tərk edərəm.”

***

Gücün varsa, gəl,
gəl qaranlığa doğru…
Qollarını geniş aç,
zülmət gecəni qucaqla.
Hədəf- bilinməzə yol,
Vidalaş qəlbindəki
yaxınınla, uzaqla.

Gücün varsa, gəl,
gəl qorxularına doğru…
Günəşmi yandırdı səni,
Qarmı buza döndərdi?
Hər gələnə liman dedin,
Hər qəlbə Nuhun gəmisi…
Sandın ki, Tanrı göndərdi ?

Gücün varsa, gəl,
Gəl sirlərinə doğru…
Ağlı -qaralı qanadım,
Yarı xeyir,yarı şərdi.
İşığım saf, suyum bəşər,
Oyan,
zehnimdəki bəni-adəm,
oyan!
Varlığım yoxluğum qədər.