.....

.....

Ağ Dəniz məsumdu – Bülent Dizdarlı

Ağ Dəniz məsumdu – Bülent Dizdarlı

Bülent Dizdarlı – 1959-cu ildə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Lefkoşa şəhərində doğulub. İxtisasca həkimdir. “Halkın sesi” və “Havadis” kimi qəzetlərdə ictimai, siyasi və sosial mövzularda köşə yazıları dərc olunur. Bir neçə kitabın müəllifidir. “Dünyanın Merkezinde Hayatla Polemik” adlı ilk kitabı 2008-ci ildə nəşr olunub. “Güneşe Kaçmak” (2011), “Kuyu Mezarları Ülkesi” (2014), “Lale – Uzak Çocuklar” (2016), “Efsaneden Doğan Efsane – Mustafa Defteralı” (2015), “Lambousa Prensesi” (2023–2024) kitablarının müəllifidir.

Ağ Dəniz məsumdu

Suyun altında
sonuncu dəfə
uşaq günəşə baxdı.
Anasının qışqırıqları
qulağında idi.
Suyun dərinliyində
atası qardaşına sarılmışdı.
Görən bu olanlar nəydi?…
Bəs,
ümid dolu günlər
irəlidəydi?…
Su udmuşdu o günləri.
Son bir cəhdlə
hirsləndi dənizə.
Sonra
gözlərini yumdu.
Lakin bilmirdi ki,
əslində
Ağ dəniz məsumdu…

Nazim Hikmət yaratmaq

Çəkməsəydi o qədər əziyyət,
Misraları asanlıqla düzə bilərdimi
Nazim Hikmət?

İndi əziyyət çəkir Millət.
Əslində yaradılır
yüzlərlə
Nazim Hikmət.

Hirsliyəm
Hirsliyəm.
Həyatdan bezmişəm.
Zəfəri axtararkən,
məğlubiyyəti dadıram.
Lakin,
ağrılardan aldığım
böyük həzzim var…

Yağış

Yerə yağış yağarkən
gözlərimi
heç kimdən gizlətmirəm.
Su damlaları
sirrimi gizlədir.
Üzümdəki nəmi örtür.
Beləcə
ağlamaq fikrindən
daşınıram.
Yağış
bədbəxtliyimi yuyub aparır.
Kaprizlərim belə
yoxa çıxır.
Ruhum elə rahatlayır ki…
Nə qədər bərbad şey
varsa həyatımda
yağış götürüb aparır uzaqlara.
Tək yalnızlığım qalır mənə.
Çünki həsrətin
möhrünü vurub həyatıma.
Bilmirəm, nə deyim sənə?

Dörd mövsüm

Yayda sabah mehi,
qışda günorta Günəşi
gözəldir.
Yazda ikindinin kölgəsi,
payızda gecənin səsizliliyi
gözəldir.
Bütün mövsümlər gözəldir.
Yaşamaq sevinci verir.
Kaş ki,
bu qartal yuvalarına yerləşən
quzğunlar olmasaydı…

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Rəsmiyyə Sabir