.....

.....

“SEVMƏYƏNDƏN ƏVVƏL MƏCNUN İDİM MƏN…” – Cahangir NAMAZOV (Özbəkistan)

“SEVMƏYƏNDƏN ƏVVƏL MƏCNUN İDİM MƏN…” – Cahangir NAMAZOV (Özbəkistan)

“SEVMƏYƏNDƏN ƏVVƏL MƏCNUN İDİM MƏN…”

Bəzən bir insanın sözləri milyon könlün sirdaşı, bir misrası min könlün aynası olar.
Sanubər Mehman elə bir könül şairidir, ruhun şairəsidir.
Onun yazdıqları könüllərə nur, ruha isə hüzur bəxş edir.
S. Mehman təkcə duyğuların şairəsi deyil, həm də böyük istedad sahibi, tanınmış özbək şairəsidir.
O, təkcə şeir- yazmır – o, düşüncəsi
ilə danışır, könüllə toxunur…
Onun poeziyasında Mövlana Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Fəridəddin Əttar kimi sufi mütəfəkkirlərinin izləri, ruhu, nəfəsi duyulur.
Bu izləri təkrarlamır, bu izlərdə öz sözünü deyir – səmimi, ilahi və könüldən gələn bir dillə.
Xüsusilə vurğulamaq lazımdır ki, S.Mehman 19-20 yaşlarından etibarən artıq özbək ədəbiyyatının nəhəng simaları –
ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi
Özbəkistan Qəhrəmanı, Ozod Şarofiddinov, filologiya elmləri doktoru Nəcməddin Komilov kimi ustadların diqqətini çəkmiş, onların dualarını almışdır.
20 yaşında yazdığı şeirlərə bu kimi ulu ədəbiyyat dayaqları sevgi və böyük etimadla ön sözlər, resenziyalar yazmışlar.
Bu isə şairənin fövqəladə istedadının və poeziyasındakı ilahi nəfəsin, halın bariz sübutudur.
S.M – öz xalqının ruhunu, millətinin mənəvi dərinliklərini və insanlığın əbədi suallarını könül aynasında əks etdirə bilən bir aşıqdır.
Onun səsi bir dövrün səsi deyil, bir çağırışın, bir işığın, bir eşqin səsidir.
O, Buxaranın qədim torpaqlarında, Çarzanə adlı bir kənddə doğulub, amma əsl doğuluşu – şeirə könül verdiyi gündür.
O gündən etibarən, o artıq “adi bir qələm sahibi” deyil, Tanrının sözlə vəsilə etdiyi könül quşudur.
Onun səsi artıq təkcə Buxaranın yox, Azərbaycandan tutmuş Keniya, Belçika, Hindistan, Almaniya, Amerikaya qədər könül coğrafiyalarında səslənir.
Şairənin şeirlərində təkcə kəlmə yox, hal var, nəfəs var, Allaha qayıdış var.

Hər kəs öz işinə batır dünyada,
Evi, gərdişinə batır dünyada.
Könlünü dünyaya satır dünyada,
Allahıma varıb, gəlsəm, olarmı?
Qəlbimi suvarıb, gəlsəm, olarmı?”

Bu sual – əslində bir şeirin yox, bir ömrün səcdəsidir.
Hər misra – bir zikr, hər misra – bir təvəkkül, bir müraciət, bir iç səsi.
Bu səti‌rlərdə Xəyyamın fəlsəfəsi, Ruminin ehtizazı, Nəsiminin yanğısı, Şəms Təbrizinin səssiz harayı ilə yoğrulmuş bir qəlb dərgahıdır.
Elə ona görədir ki, onun sözləri yalnız gözlə oxunmur, ürəklə duyulur, ruhla içilir.

Ən çox təsir bağışlayan misralarından biri:

“Mən kiməm:
Gülün yarpağına Haqdan düşən xətt,
Torpağa əmanət canam, bədənəm…”

Bu misralarda şairə öz varlığını maddi və mənəvi qatlarda sorğulayır.
Gül yarpağındakı Haq xətti – yaradılışın təcəllisidir.
O, bədənini torpağa əmanət edilmiş ruh kimi təqdim edir və bununla insanın müvəqqətiliyini, amma ilahi mənbəli mənliyini poetik dillə vurğulayır.

“Mövlanə Ruminin içdə naləsi,
Şəmsi Təbrizinin fəryadıyam mən.”

Bu bənzətmələr onun eşqi ilahi məna ilə dərk etdiyini göstərir.
O, yalnız duyğu halında qalmır – eşqi fəlsəfi və mistik bir yol olaraq izah edir. Mövlanə və Şəmsin fəlsəfəsinə istinad etməsi poetikasına sufilik işığı qatır.

“Eşq ilə bəlanı nikahlandırdım,
Aşıqsən – mübarək, Şəmsi Təbrizim!”

Bu misra isə şairənin eşqə fədakarlıqla boyun əyməsini, dərdi gözəlliklə qəbul etməsini bildirir.
Onun üçün eşq – fəlakətin özü deyil, fəlakətin gözəlləşdiyi, ruhun saflaşdığı yoldur.

“Məcnunlarım, məndən qaçın, dövrəmdə hey bihuş uçun,
Qəbrinizi tezcə açın – Leylinəfəs Sənubərəm.”

Bu sətirlərdə şairə qadın olaraq yalnız sevən deyil, həm də sevdirən, öz ətrinə bihuş edən, Leylinin nəfəsi kimi tənha, lakin sehrli bir varlıq kimi özünü təqdim edir.
Buradakı metaforalar – qəbir, uçuş, bihuşluq – onu həm mistik, həm də ehtiraslı bir poetik obraz kimi önə çıxarır.

“Köhnə dəftərləri açmamaq olmur,
Köhnə dəftərlərdə qalan dünya bu…”

Bu misralarda zamanın toz basmış səlnaməsi deyil, könüllərdə qalan təqvim var.
Bu dünyanı eşqlə dolan, hicranla yoğrulan, övliya ruhu ilə oxşayan bir dünya kimi təqdim edir.

Onun üçün dünya – badədir, amma şərab yox – sevgidən dolmuş bir badədir.
S. M yalnız bir qadın şair deyil – qəlbi Allahın nuruna yönəlmiş bir aşıqdır.
O, özünü dünyaya satmayan könüllərdən danışır, hər kəsin öz işinə batdığı bir çağda könlünü Tanrıya aparan yollar axtarır:

“Məni sevdiyi gün ağıldan azdı,
O bilici, səma – ağsaqqal səma.”

Sənubər xanım həm şeirin naxışkarı, həm könül dülgəri, həm də söz mücahididir.

“Mən meydan içində ürəyi tikdim –
Və tikdim ən təzə duyğularımı.”
– deyir.

Bu, sadəcə poeziya deyil, könül inqilabıdır.
O bu dünyanın səthində yaşamır – o dərinliklərdə nəfəs alır, orada yazır, orada ağlayır, orada dua edir.
Şeiri, təsəvvüf , Onun dili,zikr, Onun səsi, könül…

“Sənubər, halını aşiqlər bilər,
Eşq üçün dünyadan köçən dünya bu…”

Bu misra ilə öz ruhunu oxşayan hər bir aşığın kimliyini xatırladır.
Onunla bir cümlədə olmaq istəyirsən, çünki onun sözü sənə səssiz dua kimi toxunur, sən də onunla şeir oxumursan – könül ibadətinə durursan.
Və nəhayət, o öz varlığını belə tərif edir:

“Sevməyəndən əvvəl Məcnun idim mən,
Sevdiyimdən sonra oldum Sənubər.”

Bu misra onun həyat fəlsəfəsidir.

“Sənubər” – sevgidən doğan bir ad, eşqdən yoğrulan bir ömür, sözdə Tanrı axtar an bir könüldür.
Nəticə olaraq, S. Mehman poeziyasında həm Qərb romantizmi, həm Şərq sufizmi, həm də qadına xas zəriflik və ilahi sevgi var.
Onun misralarında hisslər yalnız duyulmur, həm də izah olunur.
Sözlər isə ruhun səması ilə yerin torpağı arasında qurulmuş bir körpüdür.
Ən dəyərli olan isə odur ki, bu poeziyada Allaha, eşqə, qadına və insanlığa olan saf bir dua var.
S. Mehman — duaya çevrilmiş bir şeirdir.
O, “Sözün Vətəni”ni qurub.
O vətəndə yalnız könüllər yaşayır, yalnız Tanrını sevənlər, yalnız sevib göz yaşını zikr sayanlar…
Və bu ruh sahibi – bizim zamanımızın aşiqlərinə Tanrıdan bir paydır.
Əziz və dəyərli oxucular!
Leylinəfəs bu şairənin şeirlərinə könül verin, onları sevgi ilə oxuyun, duyun və ən vacibi — səmimi bir qəlb ilə qiymətləndirin.
Bu şeirlər öz dəyərini könüllərdə tapacaq.

Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
“Bütöv Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.