ABDULLA ŞAİQİN UŞAQ ŞEİRLƏRİ
QUZU
Bir obada körpə quzu,
Mələr-mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Quzum çıxdı göy otlağa
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
YETİM CÜCƏ
Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!
Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.
Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.
Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.
Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!
BİR QUŞ
Bir quş səhər ertə bağçabağda,
Çör-çöp daşıyıb yuva tikirdi.
Gah şad oxuyurdu bir budaqda,
Gah da uçub ot, saman çəkirdi.
İstər quşum olsun aşiyanı,
Çör-çöp daşıyır havada hər dəm.
İşdən yorulub duran zamanı
“Cik-cik” oxuyurdu şad, xürrəm.
ASLAN, QURD VƏ TÜLKÜ
Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.
Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.
Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,
Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil.
BƏNÖVŞƏ
Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.
Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.
Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.