.....

.....

Ana dilim – Mina Rəşidin şeirləri

Ana dilim – Mina Rəşidin şeirləri

KƏLƏĞAYI

Bu nə gözəl örpəkdi,
Kələğayıdır adı.
Elə bil ki, üstümə
Göydən naxışlar yağdı.

Albuxarı, Yelanı,
İstiotu, Heyratı.
Nənəmin çarqatıdır
Bayatıdır, bayatı.

Onunla xalça üstə
Sanki göylərə uçdum.
Sehrli rəngləriylə
Göyqurşağını qucdum.

O Basqaldan başlanan
Nağılımdı, nəğməmdi.
Şəki, Şirvandan keçib
Qarabağıma gəldi.

O cıdır atlarının
Boynunda qırmızıdır.
Xonçaların bəzəyi
Min istək, min arzumdur.

Heyran etdin dünyanı,
Hamı səndən danışır.
Sənə buta yaraşır,
Xarıbülbül yaraşır.

Ana dilim

Ana dilim bal kimi
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyuram.

Anamın laylasıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.

Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.

Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı
Həm də ana dilimi.

MƏNİM DOĞMA VƏTƏNİM

Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.

Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.

Bayrağım üçrənglidir:
Qırmızı, yaşıl, mavi.
Mənim bir nağılım var
Cırtdan aldadır divi.

Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu!