.....

.....

Bərəkət bayrağı – Rafiq Yusifoğlunun şeirləri

Bərəkət bayrağı – Rafiq Yusifoğlunun şeirləri

Bərəkət bayrağı

Hamı fərəhlə baxır
Yurdumun bayrağına…
Göyqurşağı enibdir
Lələtəpə dağına?

Bu təpədən baxanda
Adamın gülür üzü…
Elə bil ki, sevinir
Yurdumun dağı, düzü…

Torpaqdan ayrı düşüb
Nə qədər zillət çəkdik.
Minaların yerində
Axır ki, zəmi əkdik.

Ağacın təşəkkürü

Ağacın dibindəki
Torpağa bax, çat-çatdır.
Nə yaxşı ki tez gördüm,
Onun hayına çatdım.

Bir vedrə su apardım,
Tökdüm, ləzzətlə içdi.
Budağından almalar
Qopub vedrəmə düşdü.

Necə gözəldir ətri,
Necə şirindir dadı.
Pay apardığım qabı
Ağac boş qaytarmadı.

Kimindi?

– Ot kimindi?
– Biçənin.
– Süd kimindi?
– İçənin.
– Ad kimindi?
– Dinənin.
– At kimindi?
– Minənin.
– Köz kimindi?
– Yananın.
– Söz kimindi?
– Qananın.

Araba

Qızınırıq qışda biz
Ağacların oduna.
Ay araba, araba,
Get meşəyə oduna.

Tez elə, uşaqların
Yerə salma sözünü.
Əgər əliboş dönsən,
Yandırarıq özünü…