.....

.....

Cəvahir Tanrıverdinin şeirləri

Cəvahir Tanrıverdinin şeirləri

GÖY QURŞAĞI

Yağış dayanan kimi
Günəş varsa səmada,
Yeddi rəngə bürünər,
Çox sevinər səma da.

Bənövşəyi, mayi, göy,
Yaşıl, sarı, narıncı,
Lap üstündə qırmızı-
Hər rəng, sanki, bir inci.

Bu yeddi rəng birlikdə
Göy qurşağı adlanır.
Onu göydə görüncə
Yerdəkilər şadlanır.

KƏPƏNƏK

Qanadlanır, qanadlanır kəpənək,
Çiçəklərin üzərində şənlənir.
Çəmənliyə kölgə salır kəpənək,
Göy otların arasında güllənir.

Sanki güldür, qanad açıb havada,
Gözəlliyi əzbər olub obada.
Bəzəkdir o açıq-mavi səmada.
Çiçəklərdən ləçək alır kəpənək.

16.07.2024

SELCANIN QARDAŞI

Selcan deyir: “Qardaşım
Dünyada ən güclüdür.
Hər oyunda, hər işdə
Qardaşım birincidir.”

“Ən dərin çökəkliyi
Deyir qardaşım qazıb.
Göydən ulduzu, Ayı
Elə qardaşım asıb.

Ən yüksək zirvələrə
Elə qardaşım qalxar.
İstəsə, pillələrlə
Lap Günəşə də çıxar”.