Dəcəl ilbizlər
Dənizin dibində balıqlar, meduzalar və başqa dəniz heyvanları arasında səkkizayaqlı ilbizlər ailəsi yaşayırdı: ana ilbiz və səkkiz balası.
Ana ilbizin və balaların hərəsinin səkkiz ayağı vardı – görün nə çox ayaq oldu!
Ayaqlar hamısı eyni idi. Bunlardan hansının əl, hansının ayaq olduğunu bilmək olmurdu. Odur ki, elə hamısına ya əl, ya da ayaq deyirdilər.
Səhər yuxudan oyanan kimi ana ilbiz balalarının ayaqqabılarını geyindirməyə başlayırdı. Dəcəl balalar hərəsi öz ayağını uzadır, ananı tələsdirir, səs-kuy salırdı. Yazıq ana ilbiz isə bir ucdan ayaqqabıları geyindirirdi…
Havalar soyuyanda suyun temperaturu aşağı düşür. Bala ilbizlər üşüməsin deyə ana əvvəldən hazırlıq görürdü. O, hər gün yosun yığır, onları bir-birinə bağlayıb ip düzəldir, sonra bu ipdən köynək hörürdü. Bir köynək, iki köynək, üç köynək… Ana elə hey hörürdü.
Bala ilbizlər tez-tez acırdılar. Ana hər gün dəniz məhsullarından onlara yemək hazırlayırdı.
Nahar vaxtı qırmızı mərcanların arasında o ki var oynayıb qaçmış ac balalar gəlib stolun arxasına yığışır və bütün əlləri ilə stolu döyəcləyərək yemək tələb edirdilər.
Balaları yedizdirəndə ana ilbiz heç əziyyət çəkmirdi – axı onun səkkiz əli vardı! Balaların da hamısının bir yerdə səkkiz ağzı açılırdı. Ana hər ağıza bir əli ilə yemək yedizdirirdi.
Günlərin bir günü ana ilbiz qərara gəldi ki, balalar artıq böyüyüb, yeməyi özləri yeyə bilər. O, yencəkli şorba bişirdi və balaları çağırıb hərəsinin qarşısına bir boşqab şorba qoydu: “Di yeyin!”. Qaşıq verməyi isə unutdu.
Balalar bir şorbaya, bir analarına baxıb dedilər: “Qaşıq ver. Özü də hərəmizə səkkiz dənə!” Dəcəl balalar səs-küy saldılar.
Ana ilbiz səkkiz əli ilə başını tutdu: “Ay aman! Mən bu qədər qaşığı haradan alım?”
Amma balalar dəcəl olsalar da analarını çox istəyirdilər. Səkkizi də ona sarılıb səkkiz əli ilə qucaqladı. İlbizlərdən biri fikirləşib qardaşlarına dedi: “Axı biz səkkiz qaşığı neynirik? Bircə ağzımız var. Hərəmizə bir qaşıq bəsdir”. Qardaşlar razılaşdılar.
“Ana, bizə səkkiz qaşıq gətir. Hərəmizə biri olsun!”
Ana sevindi. Tez qaşıqları gətirdi: “Mənim ağıllı balalarım!”
Səkkizayaqlı bala ilbizlər iştahla şorbalarını yeməyə başladılar. Ana onlara baxıb gülümsəyirdi: ”Necə də şirindilər!”
Səkkizayaqlı ilbizlər beləcə böyüdülər. Sonra hərəsinin səkkiz balası oldu…