Dünya, necə gözəlsən!..
Dünya, sən çox gözəlsən,
Günəşinlə, Ayınla,
Yaxşı adamlarınla,
Dənizinlə, çayınla,
Quruda, ya da suda
Yaşayan hər canlınla,
Bu şirin həyatınla,
Dünya sən çox şirinsən!
Məcrasına sığmayan
Bütün dünyaya axan,
Hərdən sel olub coşan,
Dünyanı canlandıran,
“Çay” adlı damarınla,
Sərin bulaqlarınla,
Sən necə də təmizsən!
Təbiətin gözəldir,
Gözəlliyin əzəldir,
Qaranlığın, işığın,
Qarın, ya da yağışın,
Istin, ya da soyuğun,
Hərəsi bir cür gözəl,
Səhər ot üstə düşən,
Şehin necə gözəldir
Çəmənlikdə çiçəyin,
Ətri bir cür gözəldir,
Həmin çiçəyə qonan,
Kəpənəyin, gözəldir,
Məgər saymaqla bitir?
Hər fəslin bir cür gözəl,
Payızın bir cür gözəl,
Qışda ağappaq qarın,
Gül-çiçəkli baharın,
İsti yayın gözəldi,
Yay başqa möcüzədi.
Rəssam fırça əlində,
Gözəllik göz önündə,
Hər şeyə olub heyran,
Bilmir başlasın hardan?..
Ağsaqqalın dediyi,
Müdrik sözün gözəldir.
Ağbirçək nənələrin,
Əllərinin qırışı,
Sac üstündə lavaşı,
Məhəbbətlə baxışı,
Təbəssümü gözəldir…
Anaları zəhmətkeş,
Ataları qayğıkeş,
Mehriban ailələlərin,
Bir ocağın başına,
Yığışmağı gözəldir,
Dünya yaman gözəldir!
Sevgidən alovlanan,
Gənclik eşqiylə yanan,
Gizli-gizli baxışan,
Yaraşıqlı, mərd oğlun,
Başı ismət örpəkli,
Gənc qızların gözəldir!
Vətənin bayrağını,
Sevə-sevə qoruyan,
Əsgərlərin gözəldir!
Şəhidlik zirvəsinə,
Ucalanlar gözəldir!
Vətən bu cür gözəldir…
Məhəbbətdən yaranan,
Beşikdə qığıldanan,
Körpələrin gözəldir!
Dünya körpələr ilə,
Bir başqa cür gözəldir.
Həyata sevinc qatan,
Uşaqların gözəldir,
Dünya yaman gözəldir!
Gündən-günə gül açan,
Xeyir-bərəkət tutan
Düşmən gözü çatladan
Torpaqların gözəldir,
Torpaq altda sərvətin,
Mavi gözlü Xəzərin,
Daha nələri deyim…
Mənim gözəl Vətənim!
Azərbaycanım mənim!
Dünya böyük Cahanla,
Bir də Azərbaycanla,
Baxın, necə gözəldir,
Görün, necə gözəldir!..