GƏLDİ DƏNİZ MÖVSÜMÜ
Gəldi dəniz mövsümü,
Sahillər çiçək açdı.
İnci təki ləpələr
Hər kəsə qucaq açdı.
Günəş də sahilləri
İstisinə bürüdü.
Qumdan gözəl ev tikən
Uşaqlar da göründü.
Dəniz, səma, qumlu yer –
Bunlar dost oldu bizə.
Necə də sevinirlər
Bizim gəlişimizə.
ULDUZLARA BAXAQ
Ata, çıxmaq olarmı
Ulduzların üstünə?
Görəsən, ulduzların
Altı nədir, üstü nə?
Ulduza baxmaq üçün
Ata, gəl aya çıxaq.
Ay ulduza yaxındır,
Aydan ulduza baxaq.
Ata, Aydan baxanda
Ulduz necə görünür?
Ayda da səma gecə
Ulduzlara bürünür?
KUKLALARI OYATMA!
Selcan düzüb kuklaları yan-yana:
“Asta danış, onlar yatıb, ay ana.
Yatırmışam tez-tələsik zamanda,
Duracaqlar saat doqquz tamamda”.
Amma bilmir Selcan hələ saatı,
Bilmir, artıq ötürübdür o vaxtı.
Saat onu tamamlayıb yenicə,
Selcan isə oyanıbdır indicə.
Cəvahir Tanrıverdi