.....

.....

Gülməcələr – Coşqun Xəliloğlu (uşaq ədəbiyyatı)

Gülməcələr – Coşqun Xəliloğlu (uşaq ədəbiyyatı)


Gülməcələr

BÖYÜK NAĞARA
İri neft çənini görən balaca Turan dedi:
-Ata, nə böyük nağaradır?

BACIMIN “ÜÇÜ”

Beş yaşlı Turan üçüncü sinifdə oxuyan bacısının “Gündəliyi”ni əmisinə göstərərək:
-Əmi,”5”-lərimə bax.
-Afərin,-əmi “Gündəliyi” vərəqləyir və “3”-ə rast gəlir.
-Ay Turan, bəs bu”3”-ü niyə almısan?
-Əmi, o ”3” bacımındır.

DUET

Televizorda qadın və kişi müğənnilər eyni bir mahnını duet şəklində ifa edirlər. Onlar özlərini əzib-büzür, mahnının sözlərini anlaşılmaz şəkildə oxuyurlar. Nənə:
-Bıy, başıma xeyir. Bunlar nəyə görə belə edirlər?
Balaca Turan:
-Nənə, biri oxuyur, o biri tərcümə edir.

BEŞ YAŞIM

Əmisi beş yaşlı Mehridən soruşur:
-Neçə yaşın var?
-Keçən il dörd yaşım vardı. Ad günümdə dayım qızının toyuna getdik. Ad günümü keçirmədik. Ona görə də dörd yaşımda qaldım.

YADIMDAN ÇIXACAQ

Birinci sinifdə oxuyan uşaq atasına deyir:
-Ata, dərsimi oxumuşam, qulaq as, danışım.
-İndi mənim işim var. Bir azdan danışarsan.
Uşaq:
-Ay ata, güclə öyrənmişəm. Bir azdan yadımdan çıxacaq.

YEKƏ KİŞİ

Ata dərslərini çox pis oxuyan oğluna:
-A bala,yekə kişisən, dərslərini oxu.
-Ata, özün deyirsən ki, yekə kişisən.Yekə kişi də dərs oxuyar?

LİFTDƏ AĞCAQANAD

Doqquzuncu mərtəbədə liftin gəlməsini gözləyirdim. Lift gəldi. Liftdən 5-6 yaşlı bir oğlan düşüb cəld düyməni basdı. Lift aşağıya getdi. Mən hirsləndim:
-A bala, bayaqdan lifti gözləyirəm,nə üçün belə edirsən?
-Əmi, arxamca bir ağcaqanad düşmüşdü. Onu qaytardım aşağıya ki, Sizi dişləməsin,- uşag heç nə olmayıbmış kimi cavab verdi.