.....

.....

Günəş niyə küsdü – Reyhan Yusifqızı

Günəş niyə küsdü – Reyhan Yusifqızı

Günəş niyə küsdü

  

Səhər açıldı. Günəş şəfəqlərini Yer üzünə səpələdi.

​Hamıdan əvvəl quşlar yuxudan oyandılar. Cəh-cəh vuraraq həyəti başlarına götürdülər.

​Az sonra uşaqlar yavaş-yavaş həyətə axışıb oynamağa başladılar. Onların səsi quşların səsinə qarışdı.

Təkcə Leyla hələ yatırdı. Yanağını balışa söykəyib mışıl-mışıl uyuyurdu.

Günəş ona baxıb gülümsədi: “İndi mən səni oyadaram”.

Günəş  pəncərədən şəfəqlərini qızcığazın üzünə saldı. Leylanın gözü qamaşdı. Əllərini gözünə tutdu.  Amma Günəş əl çəkmədi, Daha çox şəfəq saçdı. Otağı gəzdi, Leylanın başını sığalladı, üzünü, gözünü qıdıqladı. 

Leyla əli ilə onu itələdi: “Nə istəyirsən məndən? Bu gün istirahət günüdür. Qoy bir az yatım!”

Parlaq Günəş gülümsədi: “Artıq oyanmaq vaxtıdır. Gün çoxdan başlayıb. Səhərin təmiz havasını udmaq, uşaqlarla oynamaq istəmirsən?”.

Leyla hirsləndi: “Sənə nə?! Mənim işlərimə qarışma!” O, başını balışın altına salıb üzünü gizlətdi.

Günəş incidi. Şəfəqlərini çəkib getdi. Leyladan üz döndərdi.

…Leyla həyətə çıxanda artıq uşaqlar dağılışmışdılar. Həyətə gün düşürdü.  Leylanın durduğu yer isə kölgə idi. Qız üşüdüyünü hiss edib günün altına keçdi. Amma az sonra yenə kölgədə qaldığını hiss etdi. 

Bu nə möcüzə idi! Leyla hara gedirdisə ora kölgə olurdu. Günün şəfəqləri ondan qaçırdı! 

Günəş ondan küsmüşdü! Leyla Günəşsiz qalmışdı!

Qızcığaz peşman oldu. Təlaşla anasının yanına qaçıb şikayət elədi. “Günəşə de, mənimlə barışsın!” – deyə ayağını yerə döydü. 

Anası güldü: “Mən desəm, barışmaz, qızım. Gərək sən özün…”. “Mən? Mən necə eləyim?” – Leyla soruşdu. “Üzr istə. “Bağışla” sözü sehrli sözdür. Onu deyəndə bütün incikliklər unudulur”. 

Leyla həyətə qaçdı. Əllərini günəşə tərəf uzadıb dedi: “Məni bağışla Günəş! Gəl barışaq. Səni çox istəyirəm. Daha qovmayacam səni!”   

Günəş gülümsədi. Qızcığazın bu səmimi sözləri qarşısında dayana bilmədi. Şəfəqlərini ona uzatdı.

Onlar qucaqlaşdılar…