.....

.....

Balaca bulud – Günel Rəcəb (hekayə)

Balaca bulud – Günel Rəcəb (hekayə)

Balaca bulud

Dənizin sahilindəki şəhərdə səhər-səhər insanlar qəribə bir hadisənin şahidi oldular. Dənizkənarı parkda yeddi fəvvarənin yanında balaca bulud topası peyda olmuşdu. Yerə düşən bulud topası hamını təəccübləndirmişdi. İnsanlar birinci dəfə idi ki, yerə düşən bulud topası görürdülər. Hamı balaca buludu görmək istəyirdi.Amma heç kəs ona əl vurmağa cürət etmirdi. Anasının əlindən tutub dayanan balaca Banu də buluda heyrətlə baxırdı. O, həmişə elə bilirdi ki, təyyarədən tullanıb buludların üstünə düşsə, buludlar onu saxlayacaq. Elə bilirdi ki, istəsə, köçüb buludların üstündə yaşaya bilər, özünə ev də tikə bilər. Hamı çaş-baş qalmışdı. İnsanlar bu buludla nə edəcəklərini bilmirdilər. Kimi təklif etdi ki, onu muzeyə aparıb şüşə qutuda saxlasınlar, kimi dedi ki, tədqiqatlar aparmaq üçün alimlərə təhvil vermək lazımdır. Deyingən qoca isə dedi:

– Çox uzağa getmək lazım deyil. Elə bu dayanacağın başına bərkidək, qalsın orada. Yoxsa hər gün başımıza gün döyə-döyə burada avtobus gözləyirik. Əlində ağır zənbillər olan üzündən yorğunluq tökülən bir qadın – Verin, aparım üz çəkim, özümə yastıq düzəldim. Bəlkə bundan sonra gecələr yata bildim- dedi. 

Banu sarı donunun ətəyini büzə-büzə diqqətlə onları dinləyirdi. Hamının mübahisə etdiyini görən Banu yavaşca buluda toxundu. Üşüdü. Elə bil soyuq pambığa toxundu. Bunu heç kəs görmədi. Banu ürəkləndi. İnsanların başının mübahisəyə qarışdığını görüb yavaşca bulud topasını çantasına qoydu. Anasının əlini darta-darta onu camaatdan uzaqlaşdırdı. Onsuz da ayaq üstə durmaqdan yorulmuş anası evlərinə tərəf getməyə başladı. Yolda Banu dinib-danışmadı. Anası isə dayanmadan buludlar haqqında danışırdı: 

–  Banuş, bilirsən də, buludlar səma cismləridir. Yadında keçən yay səninlə buludları heyvanlara bənzədirdik. 

– Yadımdadı, ana, – Banu dedi. 

–  Yadındadır, mən onları ürəyə, çiçəyə, balığa oxşadırdım? Sən isə deyirdin ki, onlar ailədir. Sonra bir-bir ana buludu, ata buludu, bala buludu göstərirdin.

Banu heç nə deməyib, sadəcə başını yellədi. Anasının dedikləri Banunun düşüncələri ilə üst-üstə düşdü. O hesab edirdi ki, buludu göylərə qaytarmaq lazımdır. Yəqin ki, ailəsi onun üçün darıxır. 

Evə çatanda Banu otağına keçib bulud topasını çantadan çıxartdı, dolabına qoyub dedi: 

–  Qorxma, səni öz ailənin yanında aparacam. 

Səhər oldu. Banunun valideynləri hələ yatmışdı. Onların evi düz funiklorun yanında idi. O, bulud topasını çantasına qoyub şəhərin ən hündür yerinə çıxmaq üçün funiklyora mindi. Şəhərin ən hündür yerindən dayanıb düşünməyə başladı. O, bilmirdi, buludu necə səmaya qaytarsın. Birdən Xəzərdən güclü Şimal küləyi əsməyə başladı. O, bilirdi ki, yayın ortasında əsən bu soyuq və güclü küləkbuludun arxasınca gəlib. Şimal küləyi Banunun yuxarı qaldırdığı bulud topasını onun əlindən alıb getdi. Banu dönüb Şimal küləyinin və bulud topasının arxasınca uzun-uzun baxdı və birdən qəribə bir hadisə baş verdi. Göydəki buludlar banunun keçən yay gördüyü bulud ailəsinə oxşadı: ana bulud, ata bulud və gülümsəyən, ona əl edən balaca bulud…

24.01.2019​

​​​​​