.....

.....

Lovğa pişik – Sevinc Nuruqızı

Lovğa pişik – Sevinc Nuruqızı

Lovğa pişik

Pişik gölə balıq tutmağa getdi. Boylandı və suda öz əksini gördü. Dedi:
– Mənə kim pişik deyib? Pələngəm. Əsl pələng.
Tez evə qayıtdı. Dişlərini qıcayıb toyuq-cücənin üstünə atıldı:
– Mırrr…
Toyuqlar ona fikir vermədi:
– Tülkü kimi toyuq-cücəyə hücum edir. Başıboş…
Pişik onlara çəp-çəp baxdı. Əsl pələng kimi sinəsini qabardıb Alabaşın üstünə yeridi. Alabaş pişiyi pəncəsi ilə itələdi. Pişik üzüüstə yerə yıxıldı:
– Dovşan kimi qorxaqsan. Hələ bir mənə diş qıcayırsan?! Axmaq pişik…
Pişik durdu. İnəyi qorxutmaq üçün pəyəyə girdi. Pəyə qaranlıq idi. pişiyin gözləri parıldadı:
– Myaooo… İnək indi səni parçalayacağam.
İnək başını buladı. Quyruğunu fırladıb pişiyə çırpdı. Pişik pəyədən bayıra düşdü. İnək deyindi:
– Sərçənin biri sərçə. Moooo… Bir buna bax. Özündən böyüklərə hücum edir.
Pişik tövləyə tərəf getdi. Arxadan atın üstünə atıldı. At yerindən tərpənmədi. Kişnədi:
– Düş aşağı, dozanqurdu. Səndən çapar alınmaz.
Pişik onun belindən çətinliklə düşdü. Tilovu ilə vedrəsini götürüb gölün sahilinə qayıtdı. Suya baxıb dedi:
– Pişiyəm, özü də əməlli-başlı…