Meşədə Yeni il
Balaca küknar bir gün yuxudan oyanıb gördü ki, ağappaqdır. Əvvəlcə bu ona qəribə gəldi. Qışqırdı:
-Eyyy… Kim məni belə ağappaq edib? Eyyy… Ağaclar, quşlar, dələlər, kirpilər, dovşanlar. Tez olun, cavab verin, kim məni ağappaq edib?
Hamı təəccübləndi. Məgər küknar bilmir ki, qışda meşəyə qar yağır? O bilmir ki, ağ qar dənələri budaqların üstünə səpiləndə ağaclar ağappaq olur? O bilmir ki…
Nə isə… Deməli, o bilmir. Balaca küknar bilmir ki, qar nədir.
Dələ ağacdan yediyi qozanın qabıqlarını küknara tərəf atdı. Tapp… Tappp… Küknarın budaqlarındakı qar ətrafa səpələndi. Parpar parıldadı. Qar dənələri güldülər:
-Ahha, ha,ha,ha… Küknar bizi tanımır. Küknar bizi tanımır. Küknar, gəl tanış olaq…
Küknar bir azca pərt olmuşdu. Lap bir azacıq da üşüyürdü. Amma qar dənələri ona maraqlı gəldi. Ulduza bənzəyirdilər. Hər biri bir ayrı ulduza. Bir qar dənəsi o birinə heç oxşamırdı.:
-Tanış olaq. Mən balaca küknaram. Hələ bir yaşım yoxdur.
Qar dənələri onu heyranlıqla süzdülər:
-Bir yaşın yoxdur? Amma necə hündürsən. Həm də yaraşıqlı…
Küknar sevindi:
-Bəs siz?
Qar dənələri uçuşdular. Gəlib küknarın budaqlarında oturdular:
-Biz qar dənəsiyik. Qış olanda yağırıq. Anamız buluddur.
Küknar onların parıltısından gözlərini azca yumdu. Sevindi:
-Mən sizi çooox sevdim, qar dənələri.
Qar dənələri bir-birinin ardınca onun budaqlarına səpələndilər… Hoppandılar-düşdülər. Küknarın budaqları ağırlaşdı. Küknar ağappaq təpəyə bənzədi. Ağ, zərli təpəyə. Kimsə qışqırdı:
-Eyyy… Meşəyə Yeni il gəlir… Yeni illll…
Dələ budaqdan yerə hoppandı:”Hooppp”. Küknarın altında dövrə vurdu. Sonra əlindəki göbələkləri onun budaqlarından asdı. Bacılarını səslədi. Dələlər qaçışdılar. Küknarın budaqlarını qıpqırmızı meşə almaları ilə bəzədilər.
Qarğa uçub gəldi:”Qarrr… Nə qəşəng küknardır”. Dedi və dimdiyindəki meşəüzümünü onun üstünə taxdı. Dovşan yediyi sonuncu yerkökünü küknarın lap yuxarıdakı budağına taxıb baxdı və dedi:
-Küknar bəzəndi. Küknar gözəldi…
Sonra külək haradansa sapsarı yarpaqları uçurtdu. Yarpaqlar küknarın üstünə qondu. Sonra elə sehrli bir hadisə baş verdi ki… Hava qaraldı. Səmada ulduzlar parıldadı. Və ulduzların ən böyüyü səmadan ayrıldı. Arxasında işıqlı iz buraxa-buraxa uçdu. Gəlib küknarın başına qondu. Küknar işıldadı. Qar dənələri sayrışdı. Birdən küknarın qarşısında balaca bir qız dayandı. Qucağında da çəhrayı saçlı gəlincik. Qız əli ilə küknarı göstərdi:
-Ata… Bax… Nə gözəl küknardır… Bunu aparaq evimizə. Mən onu bəzəmək istəyirəm…
Atası küknara baxdı. Balaca qızı qucağına alıb yuxarı qaldırdı. Və dedi:
-Bax, qızım, ona lap yaxından bax. Çox gözəldir. Görürsən, meşə heyvanları onu necə bəzəyiblər. Gəl, biz də ona öz hədiyyəmizi verək…
Qız sevindi:
-Hədiyyəmizi? Heyvanların küknarına…
Və əlindəki çəhrayı saçlı gəlinciyi küknarın budağına taxdı…