PAYIZDI
Külək döyür qapını,
Açsan, gələn payızdı.
Hələ yağışı azdı,
Gölməçələr dayazdı…
Dayazdı ha, dayazdı,
Bu lap körpə payızdı…
Bağlar yaşılı-sarı,
Səma mavi-bəyazdı…
Bəyazdı ha, bəyazdı,
Narlar qotaz-qotazdı.
Yarpaq məktublarında
Payız bizə nə yazdı?!
Nə yazdı ha, nə yazdı,
Xəyalpərvər payızdı…
Aldanma istisinə,
Son ucunda ayazdı.
BULUDLAR
Yenə günəş gizlənib
Gör bir necə havadı…
Bayaqdan göy üzündə
Davadı ha, davadı…
Bir bulud ötüb keçir,
Biri kəsir yolunu.
O biri nəsə deyir
Ölçərək əl-qolunu…
Bir dəstə qara bulud
Göydə meydan sulayır.
Ağ-gümüşü buludlar
Baxıb başın bulayır.
Hirslə toqquşur hərdən
Boz bulud, tel-tel bulud.
Çatlasa, tökəcəkdir
Gözlərindən sel bulud.
O gombul buluda bax,
Yanında yüz balası.
Yumruyanaq, yumrubaş,
Yupyumruüz balası.
Necə çırpılırsa… vayyy…
Göydə şimşək oynayır.
İldırım şaraq-şaraq
Qamçılayır, qaynayır.
Körpə bulud dözməyib
Gözlərindən tökür yaş.
Əvvəlcə bərk ağlayır,
Az sonra yavaş-yavaş.
Göydə bulud ağlayır,
Yerdə sevinir çiçək.
Çiçək körpə buludun
Göz yaşını içəcək.
MƏNİM LAÇINIM
Otlardan şeh süzülür,
Parıldayır günəşdə….
Sərçələr dənlənirlər
Günəş rəngli küləşdə…
Çiəklər göy üzünə
Göndərir ətir payı.
Bu mənim Laçınımdı,
Bu onun hay- harayı…
Zümrüd çəmənlərində
Uçuşur kəpənəklər…
Zəncirotu yollayır
Küləklə ağ ləçəklər
Bu yerdə xoşbəxtlərin
Hesaba gəlmir sayı
Bu mənim Laçınımdır,
Bu onun hay -harayı…
Həkərinin nəğməsi-
Mələklərin səsidir.
Bu adi nəğmə deyil,
Tanrı möcüzəsidir.
Azadlıq dilləndirir
Göylə səsləşən çayı
Bu mənim Laçınımdı
Bu onun hay -harayı.
Bir qalib sərkərdənin
Səsi gurlayır hər an
Şəhid ruhları uçur
Səmada zaman-zaman.
Dağlar baş başa verib
Qoruyur nur sarayı
Bu mənim Laçınımdı,
Bu onun hay -harayı.
Mübarək azadlığın
Seli yuyur daşları…
Tarix susdurub burda
Hərbləri savaşları…
Dağdan günəş boylanır
İlin on iki ayı
Bu mənim Laçınımdı,
Bu onun hay- harayı.