Qoca stansiya nəzarətçisi və mavi qatar
Dostluq möcüzələr yaradır, deyilmi?!
O, köhnə dəmiryolu xəttinin meşədən keçən hissəsində stansiya nəzarətçisiydi. Bapbalaca, isti və rahat daxması dəmiryolu xəttinin düz yanında idi. Sonuncu dəfə bu yolla nə vaxt qatar getdiyini artıq unutmuşdu. Amma qoca hər səhər yuyunur, rəngi bozarmış xidməti kostyumunu geyinir və öz nəzarət budkasına gedirdi.
Budka daxmanın cəmi bir neçə addımlığında idi. Qoca yalnız nahar fasiləsində budkadan çıxır, gəlib qarısı və pişiyi ilə nahar edirdi. Nahar, adətən, isti şorba, təndir çörəyi və bir-iki baş soğandan ibarət olurdu…
Qoca həsrətlə bu yoldan bir də qatar keçəcəyi günü gözləyirdi. Dəmir relslərin üstündə sərçələr dənlənir, dovşan-dələ qaçışırdı. Hərdən kəpənəklər də qonurdu. Rəngbərəng, naxışlı, zərif.
Və günlərin bir günü… Bum, bum, bum… Tıqqatıq, tuk, tıqqatıq, tuk… Bu, o vaxta təsadüf etmişdi ki, qoca nahar fasiləsindəydi. Şorbasını qaşıqlayır və …Bu nədi?
– Qatar gəlir, eşitdin, qarı, qatar səsidi.
– Hə… Mənə də elə gəldi.
Qaşıq şorbanın içinə düşdü, şorba çalxalanıb pişiyin üzünə sıçradı, pişik narazı bir miyoltu çəkdi.
– Myaoooo… Gəlir gəlsin də… Şorbanı üzümə sıçratdınız… Nə qatar? Hara ilə?
Qoca qaçırdı. Qatardan daha sürətlə. Pişik də onun dalınca. O, bir göz qırpımında budkaya çatdı. Hərəkəti dayandıran yolgöstəricisini qaldırmağa macal tapdı. Qatarın səsi yavaşıdı… Tıqqatıq, tuk, tıqqatıq… Zəiflədi. Tıq… Tıq… Və dayandı…
Bu ki, qocanın gənclik illərindən dostluq etdiyi mavi qatar idi… Köhnəlmişdi. Mavisi bozarıb, bozarıb, ağa çalırdı. Qapıları taqqıldayır, pilləkənləri laxlayırdı. Amma sevinci aşıb-daşırdı. Dostunu görmüşdü. Qoca stansiya nəzarətçisini. Bir vaxtlar onu ölümdən qutaran birini…
Mavi qatardan gənc maşinist yerə tullandı. Təəccüblə stansiya nəzarətçisinin yaşarmış gözlərinə baxdı. Və dedi:
– Hmmm… Maraqlıdır. Mən onu yeni dəmiryoluyla sürmək istədim. Bacarmadım. O, inadla bu yola döndü. Və həmişə olduğundan daha sürətlə şütüdü. Onun sürətini azalda bilmirdim…
Qoca stansiya nəzarətçisi hər şeyi anlamışdı. Mavi qatar dostunu görməyə tələsirmiş:
– Bir dəfə onun qatarlarından birində yanğın başladı. İnsanlar qışqırır, qaçışır, alov o biri qatarlara keçməyə cəhd edirdi… Mən çox çalışdım. Nəhayət, yanğını söndürdüm… Özüm əməlli-başlı yanıq xəsarəti alsam da, mavi qatarı xilas edə bilmişdim. Sonra qarı məni meşə çiçəkləri ilə müalicə etdi. Və biz dost olduq…
Gənc maşinist dedi:
– Bu onun sonuncu səfəridir. İstismar müddəti qutarıb. İndi bu qatar relsdən çıxarılmalıdır. O, isə buranı seçdi. Sizinlə qonşu olmaq istədi.
Qatarı relslərin üstündən qaldırdılar. Onun vaqonlarını sıra ilə stansiya nəzarətçisinin daxmasının yanına yığdılar. Gənc maşinist və yük kranında gələnlər geri qayıtdılar. Mavi qatar isə qaldı…
O vaxtdan qeyri-adi bir meşə sığınacağı haqqında söhbətlər dolaşır bu tərəflərdə. Soyuqdan donan, acından zəifləmiş, ovçu gülləsindən yaralanmış heyvanlar üzərində “Mavi qatar sığınacağı” yazılmış qapını döyür:
– Tuk… Tuk… Mənim ayağım əzilib…
– Yeməyə ehtiyacım var…
– Şaxta məni əldən salıb…
– Hərarətim var…
Döyülən qapı mavi qatarın qapısıdır. Qapını təbəssümlə açan isə qoca stansiya bələdçisi. İki dost birlikdə dünyanın ən xeyirxah işini görməyi bacarmışdılar…