GÖYDƏLƏNLƏR ŞƏHƏRİ
Qəlbim sevinclə dolub,
Bu şəhərə gələndən.
Baxıram dörd tərəfə
Ən hündür göydələndən.
Ay aman, bu şəhərdə
Gör nə qədər bina var!
Ona həsəd aparır
Sanki uca binalar.
Buludlar qüllələrin
Belində qurşaq kimi.
Bu gözəlliyi görən
Sevinir uşaq kimi…
OKEAN ƏTİRLİ ŞƏHƏR
Adamlar qarışqa kimi
Qaynaşır küçələr boyu…
Bu gözəllik yuxarıdan
Baxanları heyran qoyur…
Meydanlarda çox sıxlıqdı,
Yer yoxdu adam əlindən.
Yağış yağanda çətiri
Qoymur bir adam əlindən.
Sehrli maqnitə dönüb,
Okean ətirli şəhər…
Göylərə meydan oxuyur
Al-əlvan çətirli şəhər.
Burda hər yan çırağbandı
Gündüzlər də, gecələr də.
Elə bil heç adam yoxdu,
Çətir gəzir küçələrdə…
Evlər elə ucadı ki,
Gözlər elə göydə qalır.
Burda yağış da elə bil
Yerə düşmür, göydə qalır…
NYU YORKDA YAĞIŞ
Yağış yağır, gəzirəm
Nyu Yorkda səhərdən.
Məndən başqa çətirsiz
Adam yoxdu şəhərdə…
Öz xoşbəxt taleyimdən
Daha nələr istəyim?
Başımda çətir olub,
Gəzmək, görmək istəyim…
Bu nabələd yerlərdə
Hey yağsa da sərasər,
Yox mənim ürəyimdə
Qəriblikdən bir əsər…
Yağış yağır, heç nəyi
Mən almıram vecimə.
Yağış danışan zaman
Gərək deyil tərcümə…
YERLƏ GÖYÜN
ARASINDA
Yüz ikinci mərtəbədən
Mən Nyu Yorka baxıram.
Ayağım yerdən üzülüb,
Torpaq üçün darıxıram.
Həyat imtahana çəkir
Ondan ucalıq umanı.
Elə bil ki, şişə çəkir
Binalar qatı dumanı…
Gözdə heyrət qığılcımı,
Ürəkdə görmək həvəsi…
Bulud içində şimşəkmi
Göydələnlərin hərəsi?
Hər bina bir ox kimidi,
Kirpiyə bənzəyir şəhər,
Yerlə göyün arasında
Körpüyə bənzəyir şəhər…
25.09.2025.
Nyu York, Empayr Steyt Bildinq
Rafiq Yusifoğlu