.....

.....

Sərçə və qar – Gülzar İbrahimovanın şeirləri

Sərçə və qar – Gülzar İbrahimovanın şeirləri

Sərçə və qar

Baxın sərçəyə
Boranda, qarda.
Ayaqqabısız
Gəzir bayırda.

Görəsən donmur?
Hələ üstəlik ,
Mahnı oxuyur:
Cik, cik, cik, cik, cik

Babam deyir o,
Nəsihət edir.
Düz yol göstərir
Hamıya deyir:

Bayıra çıxın,
Çox gözəldi qar.
Çıxın oynayın,
Qarda, uşaqlar!

Qardan qorxmayan
Xəstəlik tapmaz.
Qarda oynayan
İynə vurdurmaz!

Qar sevindirir,
Qar əyləndirir.
Qar dostlaşdırır,
Sağlamlaşdırır
.
Balaca sərçə,
Qarda qoyur iz..
Oynayaq biz də,
Qalsın izimiz…

Qarı çox sevir
Bütün uşaqlar.
Xizək sürməyi
Xoşlayır onlar.

Hər yağanda qar,
Sevinər quşlar.
Qar üstə çıxıb
Oxuyar onlar.

VƏTƏN

“Oğul”, – dedi mənə Vətən
Yaralandı, bir gün Vətən
Qarşısında diz çökdüm mən,
Vətənimə dəyən güllə
Sancıldı düz ürəyimə,
Həm də məni yaraladı,
Ürəyimi paraladı.

Ürəyim yaman ağrıdı
Vətən dərdi çox ağırdı,
Bir səs gəldi ürəyimdən,
Qurban olum sənə Vətən!
Dedim Vətən, lazım olsa,
Sənə qanımı verərəm,
Lazım gəlsə canımı da
Səndən əsirgəmərəm!

Belə deyib sızladım,
Vətənimi əzizlədim
Oxşadım.
Ürəyindən gülləsini
Dişlərimlə çıxartdım,
Vətənimin yarasını
Əllərimlə bağladım.

Gecə -gündüz keşiyində
Dayandım, oyaq qaldım,
Sızıltısına “can” dedim
Yarasına qurban dedim,
Yuxusuz günlər keçirdim
Hədər getmədi zəhmətim!

Bir gün Vətən ayıldı
Yaraları sağaldı
Başı üstə görüb məni
Başımı tumarladı
“Oğul” – dedi, mənə Vətən
Ağladım sevincimdən!