.....

.....

Sarı pişiyin nağılı – Gülzar İbrahimova

Sarı pişiyin nağılı – Gülzar İbrahimova

Sarı pişiyin nağılı
Gözəl və mehriban bir qız var idi. Adı da Mehriban idi. Mehriban heyvanları, quşları çox sevirdi. Onun üç pişiyi var idi. Əslində iki pişiyi vardı. Sonra necə oldu ki, pişiklər üç oldu?
Mehriban hər gün küçə itlərinə, pişiklərinə dadlı yeməklər verirdi. Soyuqda büzüşəni olanda evinə gətirib sobanın yanında isidirdi. Xəstəsi olanda dərman verirdi.
Bir gün Mehriban pişiklərə südlü sıyıq verəndə baxdı ki, aralarında bir sarı pişik var, heç yeməyə yaxın durmur. Hansı ki hər gün hamıdan qabaq qaçırdı yeməyin üstünə. İndi isə quyruğun qısıb oturmuşdu. Bədəni isə titrəyirdi. Mehriban başa düşdü ki, sarı pişik xəstələnib. Onu tumarlayanda başa düşdü ki, qızdırması var. Mehriban onu tumarlaya-tumarlaya dedi:

-Sən xəstələnmisən. Bu soyuqda küçədə qalsan, pisləşərsən. Gəl, gedək bizə, dərman verim, iç, sağal.
Pişik elə bil onu başa düşdü. Qalxdı ayağa. Mehriban onu qucağına alıb evinə gətirdi, ona yumşaq, isti yer düzəltdi, müalicə elədi, yedirtdi, yatırtdı. Ona ad da qoydu: “Sarış”.
Sarı pişik bir neçə günə tamam sağaldı. Ev sahibinin iki pişiyi vardı. Dəcəl pişik sağalan kimi ev sahibinin pişiklərini cırmaqladı, onlarla dalaşdı. Elə dalaşırdılar, Mehriban onları ayıra bilmirdi.
Bir gün Mehriban fikirləşdi ki, yəqin Sarış darıxır, darıxdığından dava salır. Ona görə qapını açıb ona dedi:

-Sarış, sən daha sağalmısan, istəsən evinizə gedə bilərsən!
Amma Sarı pişik getmək əvəzinə Mehribanın ayaqlarına dolaşıb miyoldadı. Yəni ki; “yoox, mən getmək istəmirəm!”.
Mehriban məəttəl-məəttəl güldü. Sarı pişiyi qucağına alıb tumarladı:

-Sən əvvəlki yerində yaşayarsan, hərdən bizə qonaq gəlrsən.
Belə deyəndə Sarı pişik əməlli başlı zingildədi, sonra yerə uzandı.
Mehribanın gözləri doldu:

-Aman Allah, axı sən evdəki pişiklərlə yola getmirsən.
Pişik yazıq-yazıq “myau” eləyəndə Mehriban ayağa qalxdı, ciddi-ciddi dedi:

-Yaxşı qal, amma sizi bir də cırmaqlaşan görsəm, onda sizi ayırmalı olacağam. Düz gedəcəksən əvvəlki yuvana.
Sarı pişik sanki hər şeyi başa düşürdü. Sevincək atılıb düşdü. Mehribanın başına dolanıb, ayaqlarına sürtüşdü.
Günlər keçdi. Sarış, Xallı pişik – Xallı, Qara pişik – Qaraş bir yerdə yaşadılar.
Amma Sarış gələndən onların həyatı tamam dəyişmişdi. Evdə əvvəllər sakitlik, rahatlıq var idisə, indi bir qarışıqlılıq var idi. Hətta əvvəllər dalaşmayan Qaraşla Xallı da bir-birləri ilə dalaşırdılar.
Bir gün Mehriban yaxınlıqdakı mağazaya getdi ki, pişiklərə yem alsın. Evə gələndə isə o qədər hirsləndi…
Stolun üstündəki gül dolabı aşmış, dolab sınmışdı. İçərisində süd olan qab aşmış, süd yerə dağılmışdı. Balaca döşəkçə qapının ağzında tüstülənirdi. Sarış da onun yanında oturmuşdu. O biri pişiklər Xallı ilə Qaraş eyvanda topla oynayırdılar.
Döşəkçə Sarışın idi. Heç vaxt qoymazdı ki, kimsə onun döşəkçəsinə yaxın gəlsin. O saat hirslənərək mırıldayırdı. Mehriban çox hirsləndi. O əmin idi ki, bütün bunları Sarış edib. Döşəkçəni də sürüyüb salıb sobaya, sonra isə görüb tüstülənir, sürüyüb qoyub qapının ağzına. İndi də heç nə olmayıb kimi uzanıb qapının ağzlnda özü üçün kef edir.
Mehribanın hirsindən başından ağrı başladı. Qapını açıb Sarışı evdən qovdu. Sarış qapının arxasında xeyli miyoldasa da, hirslənmiş sahibəsi qapını açmadı.
Sarış getdi.
Səhərisi gün ev tamam sakitlik idi. Xallı ilə Qaraş da kefsiz oturmuşdular.
Mehriban birdən-birə Sarış üçün darıxdı. Sarış dəcəl olsa da, çox ağıllı və mehriban pişik idi.
Mehriban həyətə çıxıb Sarışı çağırdı. Sarış yox idi. Sonra evə girib telefonda Sarışın şəkilərinə baxdı.
Bilmədi neyləsin. Kameranı açdı ki, kameradan Sarışı görsün. Mehriban kamera qoydurmuşdu ki, evdən uzaqda olanda pişiklərinə uzaqdan da olsa nəzarət edə bilsin. Bu vaxt Mehriban kamerada nə görsə yaxşıdır…
Dünən Mehriban mağazaya gedəndə nə olmuşdu, hamısı kameradakı görüntüdən aydın görünürdü.
Qaraşla Xallı stolun altında mürgüləyirdilər, Sarış isə öz döşəkçəsinin yanında uzanıb mürgüləyirdi. Qəfildən döşəkçə əvvəl tüstüləndi, sonra isə yanmağa başladı. Mehriban fiikirləşdi: “Mən gedəndə sobaya baxmışdım, o sönmüşdü. Bəlkə də, sönmüş ocağın arasından yerə qığılcım atılıb, yanğın başlayıb.
O biri pişiklər miyoldaya-miyoldaya eyvana qaçdılar, Sarış isə döşəkçənin bir ucundan dişi ilə tutdu. Sonra onu çəkə-çəkə daş döşəmənin üstünə gətirdi. Sonra isə tullanıb stolun üstünə, gül dolabını elə itələdi ki, dolab stoldan aşıb yerə düşdü. Dolabın içərisindəki su isə dağıldı pərdənin üstünə. Su yanmağa başlayan pərdəni söndürdü.
Bunu görəndə Mehriban “Aman”, deyib qışqırdı. “Mən Sarışa necə haqsızlıq eləmişəm. Sarış mənim evimi yanmağa qoymayıb, mən isə onu evdən qovmuşam. Tez Sarışı axtarıb tapmalıyam!”.
Axşam düşmüşdü. Amma Mehriban gec də olsa, Sarışı axtarmağa getdi. Həmin gün SArışı tapa bilməsə də, neçə gün Sarışı axtarandan sonra nəhayət tapdı. Sarış arıqlamış, xəstələnmişdi.
Mehriban onu çağıranda üzünü yana çevirdi. Güya heç onu eşitmir. İncimişdi, küsmüşdü.
Amma birdən dözə bilmədi, bərkdən Mehribanın qucağına qaçdı. Mehriban ona “Bağışla məni Sarış”, deyib başını tumarladı, üzündən öpdü. Sarış da “myau”, eləyib, başını Mehribanın üzünə sürtdü.
Sonra pişiklər daha heç vaxt küsüşmədən, dalaşmadan, cırmaqlaşmadan bir evdə yaşadılar. Mehriban onların hər üçünü sevdi, əzizlədi.