ULDUZLARA BAXAQ
-Ata, çıxmaq olarmı
Ulduzların üstünə?
Görəsən, ulduzların
Altı nədir, üstü nə?
Ulduza baxmaq üçün
Ata, gəl Aya çıxaq.
Ay ulduza yaxındır,
Aydan ulduza baxaq.
Ata, Aydan baxanda
Ulduz necə görünür?
Ayda da səma gecə
Ulduzlara bürünür?
AY HARDADIR?
Selcan baxdı göy üzünə,
Ay görünmədi gözünə.
Söylədi o öz-özünə:
“Ay nə yerdə, nə göydədir,
Yəqin nənəsigildədir”.
OYUNCAQ İT
Selcan oyuncaq itə
Bağladı qara ipi.
Dedi : “Gəzməyə çıxsan,
Gəzdir özünlə iti.”
ANAM DADIRAM
-Sən nə dadlısan?
-Hə, mən dadlıyam.
-Sən nə dadırsan?
-Anam dadıram.
SOYUQ BİŞİR
Selcan isti yeməyi
Cəld ağzına apardı.
Yeməyin istisindən
Ağzında dili yandı.
Söyləndi anasına:
-Belə yeməkmi bişir?
Heç olmasa, bir dəfə
Yeməyi soyuq bişir.