.....

.....

UŞAQ GÜLÜŞÜ – Zahid Xəlil

UŞAQ GÜLÜŞÜ – Zahid Xəlil

UŞAQ GÜLÜŞÜ

Pəncərədə bir uşaq
Şaqqanaq çəkib gülür.
Elə bil ki, bu evdən
Dünyaya nur tökülür.

O adi gülüş deyil,
Təptəzə bir çiçəkdi.
Küləyin qanadında
Çırpınan çərpələngdi.

Bu səsdə bir sevgi var-
Yerə, göyə, insana!
Orda xoşbəxt ata var,
Bir də bir xoşbəxt ana.

Sanma, bu eşitdiyin
Adi uşaq səsidi.
İki sevən ürəyin
Birgə zənguləsidi.

Bəzən “İnqa”ya çönür
Bu körpənin nəğməsi.
O bir su şırıltısı,
Səhər mehinin səsi.

O adicə səs deyil,
Bir nəğmədi, şeirdi!
Allahın sevgi payı-
Əfsanədi, sehrdi.

Qoca pələng də sevir
Körpə uşaq səsini.
Onu eşidən kimi
Kəsir öz nərəsini.

O, yanan bir sobadı,
Dəmiri də əridər.
Hərb istəyən kəsləri
Yerindəcə kiridər.

Önündə dura bilməz
Yoxuşlar, sıldırımlar.
Onu söndürə bilməz
Tufanlar, ildırımlar.

Körpə uşaq gülüşü-
Tanrının nur şöləsi.
Körpə uşaq gülüşü-
Xoşbəxtlik şəlaləsi!

KÜR ÇAYI

Gör nə qədər enlidir,
Çox dərindi Kür çayı.

Sahildə qatarlanan
Ağaclar sevir çayı.

Necə də qucaqlayıb
Ağ qovaqlar gör çayı.

Azərbaycan elinin
Həm uzun, həm gur çayı.

GİLAS

Bax bu ağac gilasdı,
Yaz gəldi, bu ağacın
Budağından gül asdı.
Sonra güllər büküldü,
Ləçəkləri töküldü.
Yaşıl – yaşıl düymələr
Böyüdü, gilas oldu.
Sıra – sıra damcılar
Budaqlardan asıldı.

ÇİNAR

Çinar insan kimidi,
Beş barmaqdı yarpağı…
Kökü dərinə gedir,
Möhkəm tutur torpağı.

Çinara bax, uzaqdan
Xatırladır düz fili.
Amma o kölgəsində
Sərinlədər yüz fili.
Min ildən çox yaşayır
Deyirlər bu çinarlar.
Onların sinəsində
Əsrlərin sirri var.
Analar oğullara
Çinar boylum deyirlər.
Çinarla fərəhlənib
Oğulla öyünürlər.
Mənim yurdumdan başqa
Söylə görüm harda var?
Çinar kimi oğullar,
Oğul kimi çinarlar.