PAYIZDA
Tutdu yenə göy üzünü buludlar,
Yağdı yerə leysan təki yağışlar.
Yarpaqlar da qızıl olub töküldü,
Çiçəklərin yerdə boynu büküldü.
Göy üzünün qanadlandı şimşəyi,
Ancaq bağlar yaxşı qurdu kələyi –
Alma, armud, heyva və nar gətirdi,
Uşaqları arzusuna yetirdi.
29.04.2020
PAYIZ
Səhər çox tez oyanıb
Pəncərəyə yüyürdüm.
Ağacda yarpaqları
Saralıb-solmuş gördüm.
Yerdə otlar saralıb,
Çiçəklər başın salıb.
Təbiət bütün solub,
Kədərli kimi gördüm.
Quşlar cəh-cəhin kəsib,
Ağac yarpaqsız kasıb.
Xeyir, deyildir kasıb,
Ağacı barlı gördüm.
28.11.2001
YAĞMA, YAĞIŞ !
Yağma, yağış, oynamağa tələsirəm,
Uşaqları çağırmağa tələsirəm.
Oyunumuz maraqlıdır, yağma, yağış.
Oyunumuz “Gizlənpaç”dır, yağma, yağış.
Nə edim ki, sən yağmağa başlayırsan,
Uşaqları evlərinə yollayırsan.
ÜŞÜYƏN PİŞİK
Gülçin gördü, yağışda
Qalıb balaca pişik.
Büzüşüb gur yağışa
Baxır balaca pişik.
Tez çətiri götürüb
Qaçdı həyətə doğru.
Pişiyi əzizlədi,
Gətirdi evə doğru.
Quruladı suyunu,
Yemək verdi, su verdi.
Yağış dayancaq pişik
Özünü çölə verdi.
Anasını tapınca
“Mio, mio” – səs etdi.
Ana pişik Gülçinə
Baxıb təşəkkür etdi.