.....

.....

Yumağın macəraları: Sirli məktub – Elgusel

Yumağın macəraları: Sirli məktub – Elgusel

Yumağın macəraları: Sirli məktub

Salam, dostum!

Bu kitab Yumaq adlı kirpi və dostlarının macəraları haqqındadır. Qəhrəmanımız Yumaq, çoxbilmiş qarğa Ra, sevimli dovşan Pambıq, hamıya şəfa verməyə çalışan ayı Əlac və müdrik bayquş Ayqunun başına gələnlərdən xəbər tutmaq istəyirsənsə, bu kitab əsl sənin üçündür. Macəraya hazırsan? 

MÜƏLLİFDƏN

Salam, balaca dostlar, sizə bu kitabın qısaca tarixçəsini danışacağam. İnternetdən mən də istifadə edirəm. Bəli-bəli, sosial şəbəkələrdə xeyli dostum var. Azər Qismət adlı dostum səhifəsində kirpilərə aid müxtəlif şəkillər, maraqlı məlumatlar paylaşırdı. Hər dəfə də kirpiləri çox sevdiyini, onların təbiətin möcüzəsi olduğunu, onlara bənzədiyini yazırdı. Maraq və həvəslə kirpilərə oxşamağın, onlar kimi təbiətin qoynunda yaşamağın möhtəşəmliyindən söhbət açırdı. Heç ağlımın ucundan da keçmirdi ki, bu paylaşımları gördükcə təxəyyülümdə cücərən kirpi obrazı var. Beləliklə, “Yumağın məcaraları” adlı nağıllar yarandı. Budur, siz artıq birinci hissəni əlinizdə tutmusunuz. Əminəm ki, Yumaqla tanış olandan sonra siz də kirpiləri çox sevəcəksiniz. 

Yumaq əsl qəhrəmandır. Onun çoxlu iynələri olsa da, çalışır ki, heç kimi incitməsin. Dostlarının köməyinə qaçır, çoxlu kitab oxuyur, xətrinə dəyən olanda yumağa dönüb uzaqlaşır. Çəmənlikdə bitən çiçəkləri dərib dostlarına hədiyyə etmək istəsə də, onları qoparmır, çəmənliklə birgə hədiyyə etməyi düşünür.

O heç kimin işinə qarışmır, tələsik qərarlar vermir. Səliqəli, sevimlidir. Zənnimcə, bu kitabdan sonra ona və dostlarına oxşamaq istəyənlərin sayı çox olacaq. Azər Qismətə paylaşımları üçün təşəkkür edir, siz balaca dostlara da, “Yaxşı ki, varımsınız!” – demək istəyirəm. 

Dostunuz Elgüsel

Meşənin kənarında – alma və armud ağaclarının sıx bitdiyi yerdə bir kirpi yaşayırdı. Nədənsə qorxan kimi yumulub yumağa dönürdü. Bir tərəfdə özünü qucaqlayıb yumalana-yumalana dığırlanır, iynələri biz-biz olub onu qoruyurdu. Gözləyirdi ki, təhlükə sovuşsun.

Meşədə yaşayan bütün heyvanlar onu “Yumaq” çağırırdı. Payız gələndə havalar çox soyuyardı. Axşamlar Yumaq yuvasını səliqəyə salar, yuyunar, dişlərini yuyub sevimli pijamasını geyər, ulu babasından qalma yellənən taxta kreslosunda oturar, nənəsinin toxuduğu yun şərfi də dizlərinin üstünə salıb kitab oxuyardı.

Yumaq çox mehriban, çalışqandı. Heyvanlarla dalaşmaz, hətta onlara əlindən gələn köməyi edər, ildə bir dəfə – payız gələndə hamıya sovqat daşıyardı. Meyvə-tərəvəzləri yuvasında hazırladığı xüsusi anbara yığıb qışa tədarük görər, artıq qalan hər şeyi qapı-qapı gəzib pay verərdi. Meşə sakinləri də Yumağın bu xeyirxah əməlini adətə çevirmişdi: hamı qış tədarükünü görüb qalan ərzaqları paylayardı.

Yumaq oktyabrın sonları qış yuxusuna gedib, aprelin əvvəllərində oyanmalıydı. Yuxuya gedənə kimi də o qədər yeməliydi ki, oyanana qədər, yuxuda olsa da, acmasın.

Oktyabrın ortalarıydı. Buludlar göy üzündə toplaşıb meşənin sakinlərini qorxutdu. Hərə qaçıb yuvasında gizləndi. Çox keçmədi, güclü yağış başladı. Səhərə qədər dağları, dərələri yudu, meşənin hər tərəfi islanmış xəzəllə örtüldü. Səhər günəş parlayanda rəngbərəng yarpaqlardan hörülmüş xalçalar görünməyə başladı. Hava lap soyumuşdu, amma Yumaq payızı çox sevirdi. Yağışdan sonra çıxan göbələkləri yığmaq üçün səhər yeməyini yeyib, meşədə gəzintiyə çıxdı.

Meşənin o biri başında dovşan Şabalı pəncərəni açıb yuvasının havasını dəyişirdi. Onun balaca, sevimli qızı Pambıq soyuqlamış, Şabalının əhvalı tamam pozulmuşdu. Pambığın xəstələnməsi xəbəri meşədə bütün heyvanlara çatmışdı. Yumağa bu xəbəri dələ Dəcəl gətirdi. Yumaq dovşanın ailəsiylə çoxdan dostluq edirdi. Ona görə də balaca, şirin Pambığa baş çəkmək istədi. Yığdığı göbələkləri də götürüb yola düzəldi. Qarğa Ra onu görüb yanına uçdu:

– Qar! Qar-r-r! Yumaq, hara gedirsən?

– Dovşan Şabalının qızı Pambıq xəstələnib. Gedirəm, baş çəkim. Həm də bayquş Ayqudan kirpilər haqqında oxumağa kitab istəyəcəyəm.

– Qar, qar! Yumaq, kitab oxumaq çox yaxşı vərdişdir. Sən heç bilirsən, biz qarğalar nə qədər kitab oxuyuruq?

Yumaq dayanıb gözlərini bərəltdi:

– Nə qədər?

– Mənim atam üç yüz il yaşayıb. Yüz kitab oxuyub. Dünyanın hər tərəfinə səyahət edib. Vatikan kitabxanasında belə olub.

Yumaq gözlərini Raya zilləyib qulaq asırdı.

– Hə, mənim adımı da hansısa kitabdan götürüb, – qarğa üyüdüb tökürdü. 

Yumaq dedi:

– Mən hələ on kitab oxumuşam. Bu gün Ayqudan xahiş edəcəyəm, mənə yeni kitab versin.

Dovşan Şabalı müdrik bayquş Ayqu ilə qonşuydu. Ayqunun yuvasında çoxlu kitab vardı. Yumaq ondan tez-tez kitab alıb oxuyardı. İndi qış yuxusuna getməmiş bir kitab da götürüb oxumaq üçün ona dəyəcəkdi.

Ra və Yumaq cığırla söhbətləşə-söhbətləşə gedirdilər. Şabalıgilə çatmağa lap az qalmışdı. Şabalı da, qızı Pambıq da halsızdılar. Meşədə kim xəstələnsə, adətən, ayının yanına yollanar, ayı da hamıya kömək edərdi. Elə buna görə də hər kəs ona “Əlac” deyərdi. Ayı Əlac baldan dərman hazırlayar, dağlardan yığdığı müxtəlif otları balla qarışdırıb məcun düzəldərdi. Meşənin sakit yerində arılarla yaşayar, dostluq edər, xeyirxah işində ona kömək edən balaca dostlarının qulluğunda durardı. Əlac heyvanların əzilən, sınan, çıxan yerləri olanda da balla yumurtanın sarısını qarışdırıb yaxma sürtər, sarıyardı. Yumurtanın ağını da anasına göndərib şirniyyat bişirməsini xahiş edərdi. Ana ayı da yumurtanın ağını çoxlu çalıb, ona bal, un, ədviyyat və meyvə qatar, ləzzətli piroq bişirərdi. Piroqun ətri meşəyə yayılanda hamı Əlacgilə yığışar, dadlı piroqdan yeyib şirin-şirin söhbət edərdi. Əlac və anası qış yuxusuna gedəndəsə meşədə darıxdırıcı sakitlik olardı. İndi deyərsiniz ki, bəs xəstələnən heyvanlara, yıxılıb əzilənlərə onlar yuxuda olanda kim kömək edirdi? Narahat olmayın, uşaqlar! Bu barədə də sizə danışacağam. İndi isə Ra və Yumağın yanına qayıdaq, görək harada qaldılar? Axı onlar çoxdan çatmalıydılar.

Birdən Ra uçub Yumağın qarşısında dayandı. Qanadlarını bir-birinə çırpdı və qaşlarını şübhəylə çatıb ciddi-ciddi soruşdu:

– Yumaq, axı sən Pambığa heç nə aparmırsan. Onu nə ilə sevindirəcəksən?

– O məni görüb sevinəcək də!

– Qar-r-r! Sevincini lap çox artırmaq üçün ona hədiyyə apara bilərsən.

– Eh, heç düşünməmişəm. İndi nə edim?

– Qar-r! Gəl gedək ağacdələn Dık-dıkın dükanına. Orada hökmən maraqlı nəsə tapmaq olar.

Ra və Yumaq tələsə-tələsə Dık-dıkın yanına getdilər. O, yaşadığı ağacın koğuşunda dükan açmış, aşağı budaqlara da ağacdan yonulmuş müxtəlif fiqurlar düzmüşdü. Dık-dık bu fiqurları çox sevirdi, çünki hamısını əziyyətlə düzəldirdi.

Yumaq buraya ilk dəfəydi, gəlirdi. Hər şeyə diqqətlə baxır, heyranlıqla izləyirdi. Qəfil gözü iki dovşan fiquruna sataşdı. Dovşanlardan balacası ağ, digəri – nisbətən böyüyü şabalıdı rəngdəydi. Yumaq Şabalını və Pambığı xatırladı.

– Bunları alaq! – dedi.

Dık-dık kəkələyə-kəkələyə cavab verdi:

– Bun-n-ların hər bi-ri o-on sehr-li, xeyir-xah sözədir. Hökmən bir yaxşılıq da etmək lazım gələ-cək.

Ra güldü:

– Bilirdim, belə deyəcək.

Yumaq soruşdu:

– Necə yəni?

– Çox-x asan-dır, Yu-maq. İ-iyirmi yaxşı söz de, b-bir yaxşılıq et, b-bunlar sənindir.

Dık-dık balaca ağac parçasını tıqqıldada-tıqqıldada əlavə etdi:

– Y-yazmağı b-bilirsənsə, yaza da bilərsən. M-mənim dəftərim də v-var. Bax, o-oradadır – iş masamın ü-üstündə.

Yumaq birinci dəfəydi, yaxşı söz və əmələ görə nəsə alırdı. Dəftəri açıb yazmağa başladı. Kənardakı rəflərdə çoxlu belə dəftər düzülmüşdü. Deməli, Dık-dık xeyli fiqur satmışdı.

Yumaq yazmağı bitirib dəftəri örtdü. Ra dedi:

– Qaldı yaxşı əməl. Onu necə edək?

Yumaq sevinə-sevinə cavab verdi:

– Pambıq bu fiqurları çox sevəcək!

Dık-dık da əlavə etdi:

– Bu da o-olacaq s-sənin yaxşı əməlin. O-onu sevindirmək bəs edir.

Yumaq çox şad oldu. Gülüb fiqurları götürdü. İndi tələsmək lazımdı. Sevincini Pambıqla bölüşmək istəyirdi.

Şabalıgilin giriş qapısının üstündə lövhə asılmış, böyük hərflərlə yazılmışdı: “Karantindəyik”.

Yumaq Raya baxdı:

– Axı evdədirlər. Burada isə yazılıb, karantindədirlər.

– Qar-r! “Karantin” belə sözdür. Kim xəstədir, başqalarıyla görüşməli deyil, sağalana kimi karantində olmalıdır.

Qapıya vurulmuş lövhənin üstündə ən sonda “həkim Əlac” yazılmışdı. Yumaq və Ra pəncərədən boylanıb Pambıqla salamlaşdılar. Şabalı da, Pambıq da onları görüb çox sevindilər. Yumaq hədiyyəni qapının ağzına qoyub sağollaşdı.

Dovşangildən bayquş Ayqugilə yollandılar. Onun qapısında da yazılı lövhə asılmışdı: “Sakitliyə riayət edin! Kitab oxuyuram”.

Ra güldü:

– Bu gün bağlı qapılar, qapılardan asılmış lövhələr günüdür.

Əslində, Ayqu dostcanlı, qonaqpərvərdi. Ağacda yerləşən evində həmişə səliqə-sahman olurdu. Evinin hər iki pəncərəsindən gözəl mənzərə görünürdü. Arxa divarda böyük saat, iri şamdan və Ayqular ailəsinin şəkli asılmışdı. Kitab rəfi çox böyük olmasa da, nadir kitablarla zəngindi. Hətta Ayqu bəzi kitabların ulu babasından qaldığını deyirdi. Yuvasının ortasına qoyduğu kiçik masa, kətillər, onlardan bir az aralıda üzbəüz qoyulmuş iki kiçik divan, meşəyə baxan pəncərə qarşısında qurulmuş balaca mətbəx vardı.

Yumaq barmağıyla susmağı işarə edib pıçıldadı:

– Bəs indi kitabı Ayqudan necə istəyim?

– Qar-r… Maraqlıdır.

– Səncə, qapını bir dəfə yavaşca döysək, çox səs salmış olarıq?

– Düşünürəm ki, iki dəfə döyək.

Yumaq qapıya yaxınlaşıb yavaşca iki dəfə tıqqıldatdı.

Ra dedi:

– Sən heç səs də edə bilmirsən!

Dimdiyi ilə qapını iki dəfə möhkəm vurdu. Ayqu asta səslə soruşdu:

– Kimdir?

Yumaq dilləndi:

– Kirpi Yumaq və qarğa Ra.

Ayqu cavab verdi:

– Gələ bilərsiniz.

Yumaq və Ra içəri girdilər. Ayqu ayağa qalxıb onları qarşıladı:

– Xoş gəlmisiniz! Gəlin, keçin. İndi çay süzərəm. Alma piroqum da var, çox dadlıdır. Oturub söhbət edərik. Payız gələndə isti çay içib şirin söhbətlər etmək lazımdır. Dostlara qonaq getmək, yaşlıları yada salmaq vacibdir.

Ra keçib kitab rəfinin qarşısında dayandı. Yumaq dedi:

– Ayqu, biz, əslində, kitab götürməyə gəlmişik.

Ayqu çay süzə-süzə soruşdu:

– İkiniz də?

Ra:

– Mən sadəcə Yumağa yoldaşlıq edirəm.

Ayqu piroqu da süfrəyə qoyub başıyla onlara oturmağı işarə etdi.

Ra dilləndi:

– Əllərimizi yumayaq?

Ayqu:

– Suyun yerini bilirsiniz.

Əllərini yuyub süfrəyə oturdular. Yenə yağış yağır, alma piroqunun dadı, isti çay, mehriban söhbət Yumağı sevindirirdi. 

Ra düşündü ki, Ayqu kitablarını oxumağa güc-bəlayla verir, indisə kitab istəməyin ən yaxşı vaxtıdır. Ona görə dilləndi:

– Yumaq, unutmusan, niyə gəlmişik?

Yumaq piroqdan dişləyib dedi:

– Əlbəttə, yox! Ayqu, mənə kitab verəcəksən?

Ayqu sınayıcı nəzərlərlə sakit-sakit Yumağa baxdı:

– Kitabları çox sevirəm, öz kitablarımısa bütün kitablardan çox. Meşədə ən nəhəng palıd ağacına köçüb böyük kitabxana toplayacağam. Kitabları qorumaq lazımdır. Onlarsız həyat darıxdırıcı və mənasız olar.

Ayqu buğlanan çayından bir qurtum alıb Raya baxdı. Qarğa Ra udqunaraq dedi:

– Mənə niyə baxırsan? Axı kitabı Yumaq istəyir.

Yumaq diqqətlə Ayquya baxıb nə deyəcəyini gözlədi. Ayqu yenə fincanını yuxarı qaldırdı, bu dəfə içməmiş masaya qoyub Yumağa dedi:

– Kitabın oxunma qaydasını hər kəs bilməlidir. Sən bilirsən, Yumaq?

Ra gülə-gülə dedi:

– Başladı! Kitab verməmiş imtahan edəcək.

Yumaq çəkinə-çəkinə cavab verdi:

– Əlləri çirkli-çirkli kitaba vurmaq, vərəqləmək olmaz. Oxuyanda kitabı qatlamaq, səhifələrini səliqəsiz və tələsik çevirmək olmaz.

Ayqu məmnun-məmnun davam etdi:

– Kitabı sahibinə vaxtında qaytarmaq lazımdır. Bir kitabım var, hər payız onu oxuyuram. Xüsusən, yağışlı havada. Yumaq, birdən sən kitabı qaytarmadan yuxuya getdin. Mən oturub yazı gözləyəcəyəm ki, kitabımı qaytarasan? 

– Əziz, müdrik Ayqu! Qış yuxusuna getmədən kitabı oxuyub bitirəcəyəm. Gətirib sənə çatdıracağam, – Yumaq cavab verdi. 

Ayqu dərindən nəfəs aldı:

– Bu çox yaxşı olar. Sənə meşəmiz haqqında yazılmış kitabı verəcəyəm. Bu kitabı ulu babam yazıb. Çox maraqlıdır, amma köhnə olduğu üçün çox yaxşı qorumalısan.

Ra dilləndi:

– Elə bilirdim, təzələri qorumaq lazımdır. Köhnə axı köhnəlib, – maraqla təkrar etdi, – təzə təzədir, köhnə də köhnə… 

Ayqu Ranın bu sözlərinə hirslənsə də, təmkinlə cavab verdi:

– Təzə də bir gün köhnələcək. Bütün dəyərli əşyaları, yaxşı münasibətləri, dostluq əlaqələrini qorumaq lazımdır.

Ra soruşdu:

– Niyə?

– Ona görə ki köhnəldikcə xatirələrlə zənginləşir, dəyərli və əziz olurlar.

Yumaq dedi:

– Ayqu, mənə verəcəyin kitabı göstərə bilərsən?

– Əlbəttə, – Ayqu ayağa qalxıb rəfə yaxınlaşdı. Kitabı götürüb Yumağın yanına gəldi. Masaya qoyub dedi:

– Ehtiyatlı ol, üstünə çay dağılmasın. Özüm bu kitabı sonuncu dəfə nə vaxt oxumuşam, yadıma gəlmir. Mənə babam və nənəm oxuyardılar. Böyüyəndə onlarsız bircə dəfə oxudum, onda da bitirə bilmədim. Kədərlənib örtdüm.

Yumağın xoşbəxtlikdən parlayan gözləri kitaba zillənib qalmışdı. Ona elə gəlirdi ki, çox qiymətli xəzinə tapıb. Kitabı açmaq istədi. Əvvəlcə adəti üzrə onu iylədi, sonra gözlərini qıyıb sığal çəkdi. Ayqu dillənməsə, hələ bir neçə dəqiqə belə donub qalacaqdı.

Ayqu yerinə əyləşib dedi:

–Yumaq, aç, bax!

Yumaq kitabı ehtiyatla açdı. Vərəqləməyə və balaca burnuyla qoxulamağa başladı. Ürəyi necə də əsirdi!.. Bir andaca bu kitabın içindəkiləri beyninə və xatirələrinə köçürmək istəyirdi. Qış yuxusuna getməzdən əvvəl meşə haqqında, sakinlər haqqında hər şeyi öyrənib öz yuxusuna daşımaq istəyirdi.

Yumaq səhifələri çevirə-çevirə baxırdı. Birdən kitabın arasından məktub çıxdı. Yumaq onu götürüb Ayquya göstərdi:

– Ayqu, məktub! Üstündə də yazılıb: “Əziz nəvəm Ayquya”.

Ra maraqla, ucadan dedi:

– Qar-r-r! Möcüzələr, təsadüflər… Ayqu, tez aç, baxaq.

Ayqu təəccüb və həyəcanla tez məktubu açdı. Oxumağa başladı:

“Əziz nəvəm Ayqu! Bu məktubu oxuyursansa, deməli, nənənlə mən artıq bu həyatda yoxuq. Kədərlənmə. Əsas odur ki, sənin xatirələrində yaşayırıq. Çox uzun illər qabaq meşədə insanlarla yaşayırdıq. İllər ötdü, şəhərlər, kəndlər salındı, insanlar meşələri tərk edib təzə evlərinə köçdülər. İnsanlardan ən yaxın dostumuz Ozan tez-tez meşəyə gəlib bizimlə görüşürdü. Möhkəm dostluğumuz sayəsində həmişə görüşürdük. Ozan yaşlanmışdı, elə biz də artıq qocalmışdıq. Bir gün meşəyə gəldi. Saç-saqqalı ağappaq ağarmışdı, çəliklə yeriyirdi. Bir xeyli söhbətləşdik. Getməyə hazırlaşanda cibindən bir məktub çıxarıb dedi: “Çox gənc olanda meşədə xəzinə basdırmışam. Bu məktubda xəzinənin yeri göstərilib. Qoy illər sonra meşənin gənc sakinləri və balaca nəvəm Ozan böyüyəndə birlikdə axtarışa çıxsınlar. Nəvəmə hər şeyi danışarsınız. O, ağıllı və cəsurdur”.

Bax belə, əziz nəvəm Ayqu. Dostlarını da götür, balaca Ozanı tapın. Onda da məktub olmalıdır. Hər iki məktub olmasa, xəzinənin yerini tapa bilməzsiniz. Çünki yalnız hər iki məktubu birləşdirsəniz, onu tapmaq mümkün olacaq.

Səni sevən baban və nənən”.

Hamı donub qalmışdı. Ayqu eynəyini çıxarıb dedi:

– Bax bu əsl sürprizdir.

Ra soruşdu:

– İndi nə edəcəyik?

Yumaq dilləndi:

– Əvvəlcə Ozanı, sonra da birlikdə xəzinəni taparıq.

Ayqu Yumağa təəccüblə baxdı:

– Düşünürsən ki, bir bayquş, qarğa və kirpi şəhərə gedib asanlıqla insanı tapa bilər?

Ra şaqqanaq çəkib qarıldadı:

– Qar-r-r! Özü də yaxınlaşıb insana deməliyik, babalarımız xəzinə basdırıb, gedək, birlikdə axtaraq.

Ayqu bir xeyli düşünüb dedi:

– Danışan heyvanları görüb hərəsi bir tərəfə qaçar. Həm deyirlər ki, böyük şəhərlərdə böyük qəfəslər var. Heyvanları orada saxlayırlar.

Qarğa Ra çox məyus oldu:

– Axı niyə?

Ayqu dedi:

– Bizi balaca insanlara göstərmək üçün. O şəhərlərdə binalar ağaclardan çoxdur.

Yumaq heyrətlə soruşdu:

– Bina nədir ki?

Ayqu dərindən nəfəs alıb davam etdi:

– Xüsusi qutulardır. İnsanlar orada yaşayırlar, onlara “ev” deyirlər.

Ağzı açıq qalan, gözləri bərələn Yumaq:

– Özləri qutuda yaşayır, bizi də qəfəsdə saxlayırlar? İnsanlardan qorxuram, – deyib yumalandı və iynələrini qabartdı. 

Ra dedi:

– Yumaq, qorxma! Çox qorxulu deyillər, xüsusən də, balaca insanlar şirin olurlar.

Ayqu davam etdi:

– Ozanı tapıb qış düşmədən xəzinəni götürməliyik. Bu işdə mənə kömək etməlisiniz. Sizsiz bacarmaram. Sabah Əlacı, Şabalını da çağırıb məsləhətləşək.

Ra dedi:

– Şəhərə getməli olacağıq.

Yumaq qorxa-qorxa əlavə etdi:

– İnsanların içinə…

Hələ bu sabah Yumaq adəti üzrə sadəcə gəzməyə çıxmışdı. Doğma meşəsini tərk edib harasa gedəcəyi ağlına da gəlmirdi. İlk dəfəydi, sevimli meşəsindən ayrılıb insanların içinə yollanmalıydı. Maraq onu həvəsləndirir, qorxu həyəcanlandırırdı. Çoxlu sualı vardı. Cavabları bilmək üçünsə dostlarıyla şəhərə üz tutmalıydı. 

Gəlin Yumağı, dostlarını tək qoymayaq, bu məcaranın nə ilə bitəcəyini onlarla birgə öyrənək.