“Volqaya dəyişilən sevgi”
Mayın 6-da doğum günüm idi. Özümə nə hədiyyə edim deyə düşünərkən Anarın kitabı qarşıma çıxdı. Bu kitabı 19 il öncə oxumuşdum ilk dəfə – 16 yaşımda. Sonralar iki dəfə ayrı-ayrı zaman kəsimlərində oxuyub bitirmişəm. İndi 36 yaşım olurdu və mən bu kitabı bu yaşımda yenidən oxumaq istədim. İndi yeniyetmə bir qız kimi yox, ana və yetişkin bir qadın kimi oxudum, təhlil etdim. Oxuduqca Zaura qarşı içimdə amansız bir qəzəb doğurdu yenə. 19 il öncə də eyni cür hiss etmişdim. Amma onda Zaura bir az haqq verirdim. İndi isə mənim üçün məsələ tam başqadır. İndi düşünürəm ki, kişi bu qədər zəif ola bilməz, kişi adını bu qədər bəsitləşdirə bilməz. İçindəki şübhələrin əlində bu qədər məlul ola bilməz axı bir kişi. Dünən səhər erkəndən oyanıb qalan səhifələri oxuyub tamamladım. Bir kofe hazırladım, Təhminənin mətbəxinə bənzətdim öz mətbəximi, təmiz, səliqəli və sevgi dolu. Axı Təhminə də gözəl səhər yeməyi hazırlayırdı Zaura. Bəlkə də səhvi elə buradan başlayırdı Təhminənin…
Elə bu yazını da kompüterimi mətbəxdəki masanın üzərinə qoyub, kofenin ətri ilə yazdım…
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri sovet dövrü insanının daxili qorxularını, cəmiyyət qarşısında ikiüzlü davranışını və sevginin azadlıqla toqquşmasını göstərən ən güclü psixoloji mətnlərdən biridir. Bu əsərdə hadisələrdən çox, insanların içində gizlətdiyi qorxu danışır. Ən böyük faciə isə sevgisizlik deyil, cəsarətsizlikdir.
Təhminə obrazı uzun illər “əxlaqsız qadın” damğası ilə təqdim olunsa da, əslində o, dövrün qadın modelinə sığmayan sərbəst bir qadın idi. O dövrdə qadının açıq danışması, kişilərlə rahat ünsiyyəti, hisslərini gizlətməməsi cəmiyyət tərəfindən təhlükə kimi qəbul edilirdi. Çünki toplum qadının azadlığını deyil, itaətini normallaşdırmışdı. Təhminənin çılğınlığı, emosional davranışları və sərbəstliyi onun əxlaqsız olduğunu yox, sosial qəliblərə sığmadığını göstərirdi.
Ətrafındakı kişilərlə səmimi münasibəti də yanlış anlaşılırdı. Halbuki Təhminə sevgini bir “mülkiyyət” kimi yox, emosional bağ kimi yaşayırdı. O, diqqət axtaran qadın deyildi; anlaşılmaq istəyən qadın idi. Sadəcə, onun yaşadığı cəmiyyət qadının ruhunu deyil, davranışını mühakimə edirdi.
Zaur isə əsərin ən tragik obrazıdır. O, pis insan deyil, amma zəif insandır. Atasının hesabına yaşayan, qərarlarını özü verə bilməyən, cəmiyyətin fikrindən qorxan bir kişi obrazıdır. Zaur sevgisini yaşayacaq qədər cəsarətli deyil. O, Təhminəni istəyirdi, amma onun yanında dayanmağın məsuliyyətini daşıya bilmirdi. Sevirdi, amma sahib çıxmırdı. Çünki onun xarakterini sevgi yox, qorxu idarə edirdi.
Əsərdə Zaurun ən böyük problemi kişi kimi formalaşa bilməməsidir. O, atasından, ailəsindən, çevrəsindən psixoloji olaraq ayrılmayıb. Öz həyatının sahibi olmayan insan isə başqasının taleyinə də sahib çıxa bilmir. Zaur cəmiyyətin gözündə “normal oğul” olmaq üçün öz daxili həqiqətini qurban verir. Bunun nəticəsində nə özü xoşbəxt olur, nə də Təhminə.
Spartak obrazı isə ayrıca mənəvi ziddiyyət yaradır. O, Zaurla Təhminə arasındakı münasibəti bildiyi halda, bacısının Zaurla evlənməsinə mane olmur. Bu detal sovet ailə modelinin formal əxlaqını göstərir. İnsanların daxili həqiqətindən çox, “el-oba nə deyər” prinsipi ön planda idi. Burada əxlaq, vicdan məsələsi olmaqdan çıxır, sosial görüntüyə çevrilir. Spartak və ailəsi üçün əsas məsələ qadının xoşbəxtliyi yox, münasibətin “rəsmiləşməsi” idi.
Ümumiyyətlə, əsərdəki qadınlar “əxlaq keşikçisidir”, amma öz qızını sevgilisi olan adama verən də Alyadır, oğlunun sevgilisi haqqında qudası ilə danışan da Zivər xanımdır, bütün bunları eşitsə də, Zaura ərə gəlməyə hazır Firəngizdir.
Təhminə ilə Zaur arasındakı münasibətdə ən maraqlı psixoloji qat isə analıq instinktidir. Təhminənin heç vaxt ana ola bilməyəcəyini hiss etməsi onun sevgisini fərqli formaya salır. O, bəzən Zauru sevgili kimi yox, qorumağa ehtiyacı olan bir insan kimi sevirdi. Bu isə münasibətdə balansı dəyişirdi. Qadın emosional olaraq həm sevgili, həm ana roluna keçirdi. Zaurun zəifliyi Təhminədə qayğı göstərmək hissini gücləndirirdi. Beləcə, münasibət romantik sevgidən çıxıb psixoloji bağlılığa çevrilirdi.
Bu, tərs psixoloji aktdır: qadın kişidə güc axtarmaq əvəzinə, onun zəifliyini qucaqlayır. Amma uzun müddətdə bu cür münasibətlər insanı yorur. Çünki sevgi ilə himayə hissi bir-birinə qarışır.
Bir detal da var ki, əsərin sosial və psixoloji qatını daha sərt göstərir: Zaurun Təhminəni əvvəlcə “Maskviç” , sonra isə “Volqa” ilə dəyişməsi.
Bu, sadəcə maşın məsələsi deyildi. Sovet dövründə avtomobil status, nüfuz və cəmiyyət içində yer demək idi. Zaurun seçimləri göstərirdi ki, o, sevgidən çox sosial qəbul olunmağa ac idi. Təhminə onun ruhuna toxunurdu, amma “Volqa” onun eqosuna və cəmiyyət qarşısındakı komplekslərinə toxunurdu.
Əslində Zaur Təhminəni bir qadın kimi itirmədi; öz içindəki azadlığı itirdi. O, sevgini qorumaq əvəzinə, təhlükəsiz və rahat görünən həyatı seçdi. “Maskviç”dən “Volqa” ya yüksəlmək sosial pilləkəndə qalxmaq idi, amma mənəvi olaraq Zaur getdikcə kiçilirdi.
Bu detal Anarın cəmiyyəti tənqidinin ən incə nöqtələrindən biridir. Yazıçı göstərir ki, bəzi insanlar sevgini belə maddi rifah, status və “normal həyat” naminə dəyişə bilir. Zaurun faciəsi Təhminəni itirməsi yox, özünü tapa bilməməsi idi.
Təhminə isə əksinə, maddiyyatdan çox emosional həqiqətlə yaşayan qadın idi. Ona görə də bu münasibətdə ən böyük uçurum dünyagörüşü fərqi idi: biri ürəyi ilə yaşayırdı, digəri isə cəmiyyətin gözləri ilə.
İllərlə Təhminəyə ən ağır ittihamlardan biri də Spartakla münasibəti olması iddiası idi. Toplum Təhminənin sərbəst davranışını avtomatik şəkildə “əxlaqsızlıq” kimi oxuyurdu. Halbuki əsərin sonrakı nəşrlərində Anar bu məsələyə daha aydın şəkildə toxunaraq, Spartakla Təhminə arasında düşünülən mənada heç bir yaxınlıq olmadığını göstərir.
Bu detal əslində çox mühüm idi. Çünki uzun illər oxucu Təhminəni hadisələrin yox, şayiələrin içindən oxumuşdu. İnsanlar onun daxili ağrısını, tənhalığını və sevgisini yox, ətrafında dolaşan söz-söhbəti əsas götürmüşdülər. Anar isə illər sonra bu yanlış oxunuşa müəyyən mənada cavab verdi. Sanki yazıçı özü də Təhminənin toplum tərəfindən çox sərt mühakimə olunduğunu görürdü.
Təhminənin Spartakla münasibətinin olmaması bir həqiqəti açır: toplum çox zaman qadının davranışını deyil, onun haqqında yaranan təsəvvürü mühakimə edir. Sərbəst qadın obrazı avtomatik şəkildə “təhlükəli qadın” kimi qəbul olunur. Halbuki Təhminənin faciəsi əxlaqsızlıq yox, anlaşılmamaq idi.
Ən ağır məqam isə budur ki, Təhminə sevilirdi, amma qəbul olunmurdu. Onunla vaxt keçirmək istəyən kişilər vardı, amma onun yanında dayanacaq qədər cəsarətli kişi yox idi. Zaur da bu boşluğun içində itib gedən adam idi. O, Təhminənin ruhuna yaxınlaşsa da, cəmiyyətin hökmlərindən uzaqlaşa bilmədi.
Anar burada yalnız bir qadının taleyini yazmırdı. O, toplumun qadına baxışını göstərirdi. Qadının gülüşünü, sərbəstliyini, kişilərlə rahat ünsiyyətini əxlaq ölçüsünə çevirən düşüncə sistemini açırdı. Təhminə isə həmin sistemin içində yanlış anlaşılmış qadın olaraq qalırdı, azadlığı ilə qorxudan, sevgisi ilə yaralayan, amma əslində sadəcə yaşamaq istəyən bir qadın.
Anar bu əsərlə nəyi göstərmək istəyirdi?
Əslində əsər bir sevgi hekayəsindən çox, cəmiyyətin insan xarakterini necə əzdiyinin hekayəsidir. Burada “günahkar” təkcə insanlar deyil; onları qorxaq edən mühitdir. Yazıçı göstərir ki, insan öz həqiqətini yaşamağa cəsarət etməyəndə həm özünü, həm də sevdiyi insanı məhv edir.
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” metaforası da təsadüfi deyil. Gerçək həyatda olmayan bir mərtəbə kimi, Təhminə ilə Zaurun sevgisi də cəmiyyətin içində var idi, amma ona yer yox idi.