Proloq
Ordubad qədimdir, Ordubad gözəl,
Ordubad insana yurd olub əzəl.
Uludur tarixi, uludur yaşı,
Nə sirlər yaşadır onun hər daşı.
Bəlkə də anlayar insan hər sözü,
Tanrıdan açıqsa bəsirət gözü.
Zamanın nəbzini dövri-dəmirdən,
Duyarsan, arınsan səsdən-səmirdən.
Bir azca ruhunla başa-baş olsan,
Bir azca kainat, bir az daş olsan
Duyarsan qəlbinə nə qədər yaxın,
Duyğular sel olar, sel, axın-axın.
Heç bəsit deyildi qədim çağları
Keçdikcə çox çətin, tərs sınaqları
İnsanın naməsi ulu dağların
Bu günə çatmışdır şəhadətiylə.
Daşlara həkk olan rəvayətiylə.
Gəl bax! Gəmiqaya petroqlifləri
Dağıdıb yox etsin bütün mifləri.
Dil açan rəsmlər – qədimdən qədim,
Hər biri tarixim, milli sərvətim.
“Qurd ağzı bağlama”, “Yallı” gedənlər,
Mərasim, ayini icra edənlər…
Hopublar qayanın daş yaddaşına,
Qarışıb torpağın dəmir-daşına.
Bərəkət, ziyadır qədim Ordubad,
Hər birin hörmətlə anıb adbaad,
Yalnız bir dahidən verəcəm xəbər,
Bəxş etsə Yaradan ruhuma təpər.
Zəkası, ziyası Yusuf misallı,
Aləmə nur saçan dərin kamallı.
Onu vəsf edəcəm kəlmələrimlə,
Sözümə güc qatıb alın tərimlə.
“Ürəyi od-atəş, qaragöz oğlum,
Tanrının nur payı, böyü tez, oğlum”
Çovgunun qəzəbli, soyuq səsində,
Gümüşü dağların şiş təpəsində,
Dönürdü bəyaz qar bəyaz yorğana,
Oğlunu bağrına basıb bir ana,
Deyirdi: “Xoş gəldin, oğul, cahana.
Ürəyi od-atəş, qaragöz oğlum,
Tanrının nur payı, böyü tez, oğlum.
Gülürdü gözləri Hacı Heydərin,
Sevinci, minnəti dərindən dərin.
Dekabr, doqquz yüz beşinci ildə,
Kim güman edərdi, deyil nəsildə,
Nəinki mahalda, nəinki eldə,
Dünyada tanınıb, qalacaq Yusuf,
Elmin çox sirrinə dalacaq Yusuf.
Fəxri olacaqdır doğma yurdunun,
Gücünə dönəcək böyük ordunun.
Hələ ki, körpədi, boy atacaqdı,
Nə qədər ölümdən qurtulacaqdı…
Zəhmətkeş, ziyalı Hacı Heydərin,
Düzlük, doğruluqdu həyat cövhəri.
Gülsümün boxçatək qəlbi söz dolu,
Bayatı, laylalar xoş avaz dolu.
Duyduğu hər səda, hər dərin kəlam,
Yusufun könlünə dolurdu müdam.
Pərvəriş edirdi qayğı içində,
Enişli, yoxuşlu zaman köçündə.
Yusufu dost-tanış sevib, sayırdı,
Zəkası ay kimi parıldayırdı.
Həm cəsur, əzmli, mülayim, mətin,
Dönməzdi yolundan olsa lap çətin.
Əylisə gedərdi kitab dalınca,
Piyada, bezmədən, cığır yolunca.
Kənddəki o səssiz, lal kitabxana,
Dəyərli xəzinə əxz edir ona.
Cavablar alırdı çox suallara,
Məna yükləyirdi fərqli hallara.
“Yaranma, yox olma başlayır nədən?
Bəs harda yer alır, yerdən hər gedən?
Dəyişir, çevrilir maddənin halı,
Bunun bir səbəbi, sirri olmalı.
Beləcə, hikmətə, elmə varırdı,
Gözləri qəlbinə nur aparırdı.
Bir min doqquz yüzün on səkkizində,
Qətliam-qırğının qəddar izində,
Fitnəkar qonşular tutdu bəndləri
Qəfildən quduzca basdı kəndləri.
Nalələr, haraylar ərşə yayıldı,
Nə qədər günahsız cana qıyıldı.
Düylündə, Yayçıda, Aza, Dizədə,
Xalqı keçirdilər qılınc-nizədən.
Əlincəçay ilə Gilançay boyu,
Sildilər həyatdan çox nəsil-soyu.
Ordubad əhli də xali deyildi,
Xalqın aqibəti bəlli deyildi.
Biçarə külfəti topladı Heydər,
Üz tutdu İrana, olub dərbədər.
Şahidsən gurlayıb, axan Arazçay,
Yol ver qəriblərə, a xan, Arazçay.
İbrahim, Mehdiyə, Məmməd, İlyasa,
Yusufa – izin ver, batıblar yasa.
Heyhat… Faciələr amansız idi,
Araz da, Araz da nə qansız idi.
Gizlədi İlyası dalğalarında,
Yox etdi çağlayan gur axarında…
Arazla didişib çox savaşdılar,
Çarəsiz Arazın bəndin aşdılar.
Gülsümün dilində ağı, bayatı,
Qəlbini qaplamış çən-duman qatı:
“Söndü, qaraldı dünya,
Nə qalmaqaldı dünya?
Gözüm nuru, bay oğlum,
Arazda qaldı, dünya”.
Keçdilər İrana, üzgün, ələmli,
Ürəklər yaslıdı, gözləri nəmli.
Yazıldı yaddaşa Araz dəhşəti,
Erməni qatilin qanlı vəhşəti.
Yusufun İranda o vaxtdan bəri
Məktəbi-Rüşdiyyə oldu dərs yeri.
Tələbə dostları, müəllim heyət
Ondakı zəkaya edərdi heyrət.
Lakin dinc deyildi həyat İranda,
Od tutub yanırdı o vaxt İran da.
Milləti əzirdi burda əsarət,
İnqlab, üsyana edib cəsarət,
Cənublu türklərin səsi ucaldı,
Farsın rejimi də qəddar öc aldı:
Asıldı azadlıq mücahidləri.
Şeyxin yar-yoldaşı və şahidləri.
Yusuf dinləyərdi o danışanda,
Azadlıq arzusu coşub-daşanda.
Susdu, susduruldu ülvi bir əməl,
İşıqlı günlərə atılmış təməl.
O, Şeyx Məhəmmədi heç unutmadı.
Qürbətdə həyatın yoxdu bir dadı,
Bu haldan sarsılıb, çox düşündülər,
Bir gün toparlanıb, yurda döndülər.
Çox cəfa görsə də Yusuf həyatda,
Bitirdi təhsili o, Ordubadda.
16 yaşında müəllim kimi,
Həmyaş, böyüklərin oldu təhkimi.
Vaxt, zaman yetişdi özgə bir çağa,
Doğma kəsləriylə vidalaşmağa:
“Mənim əzizlərim, salamat qalın,
Xeyir-dua verin, açılsın yolum.
Elmə sarılmaqdı mənim niyyətim,
Bu işdə var əzmim, var qətiyyətim.
Bilirsiz, sevirəm ədəbiyyatı,
Bağlayım bu elmə müqəddaratı”.
Heydər də, Gülsüm də məmnun oldular,
Yusufu duayla yola saldılar.
Üz tutdu Bakıya…
Bilmirdi ancaq,
Onun bəxt-qisməti başqa olacaq…
Bakı… Ali məktəb… Münbit bir zəmin,
Günbəgün əzmkar, inadkar, əmin.
Mövsüm bəy Xanlarov, Sadıx Hüseynov1,
Duydular Yusufda möhtəşəm alov.
Bu gəncin zəkası ləltək yanırdı,
Öyrənmək həvəsi alovlanırdı.
Kimya, üzvü kimya dəryatək dərin,
Dedilər: “Burdadır sənin öz yerin.
Faydanı bu yöndə göstərəcəksən,
Aləmə töhfələr bəxş edəcəksən”.
Təhsili uğurla bitirdi Yusuf,
Gəncəyə nur, ziya gətirdi Yusuf.
Dərs deyib çalışdı Gəncədə xeyli,
Bir yandan kimyaya çəkirdi meyli.
Bu həvəs, bu maraq ömrə bədəldi,
Bu dəfə Moskva şəhrinə gəldi.
Moskva… Əzəmət, həm də vüqarlı,
Qübbəli asiman, torpağı barlı.
Tarixi binalar ruhu oxşayır,
Hər daş dünənindən bir irs daşıyır.
Fəsillər cilvəli, don dəyişəndi,
Yaz ayrı, qış ayrı gözəlləşəndi.
Artıq tələbəydi, Yusuf MDU2-da,
Zirvəyə yol idi onunçün bu da.
Aldılar birbaşa ikinci kursa,
Nədən olmayaydı, layiqi varsa?!
Öyrənən, dinləyən, xoş üz, xoş ovqat,
Bilgisi, elmi də artır qatbaqat.
Alim Zelenski3, Balandin4 həm də,
Elmdə ucalar, dərin fəhmdə.
Burda yer almağı – təsadüfdümü?
Təsadüf oynadır, yoxsa gündəmi?
Nə isə taleyi seçib ayırmış,
Şübhəsiz, taleyin bildiyi varmış.
Təcrübə, tədqiqat başladı burda,
İstəyi – uğurla dönsün o, yurda.
İdrak aydınlanıb sədlər aşırdı,
İxtisas alaraq püxtələşirdi.
…Ayların, illərin gərgin zəhməti,
Bir gün olacaqdı elmin sərvəti.
(Ardı var)