.....

.....

Səbr təsbehinə düzülürəm mən – Zamiq Can Fəda

Səbr təsbehinə düzülürəm mən – Zamiq Can Fəda

***
İçi sənlə dolu xatirələri,
Silmək istəyirəm, silinmir axı.
Kəsib ürəyimin sən olan yerin,
Bölmək istəyirəm, bölünmür axı.

Söndü ocağımda közüm, ölmədim,
Tüstümə kor oldu gözüm, ölmədim,
Öldü ümidlərim, özüm ölmədim,
Neyləyim, ölənlə ölünmür axı.

Demə- göz yaşını qurudacaqsan,
Demə- ürəyini ovudacaqsan,
Soruşma- “nə zaman unudacaqsan?”
Ölümün tarixi bilinmir axı…

***
Bəxtimin qaranlıq zirzəmisində,
Bir ömrün içində əsirəm, Allah.
Dünya qoca çinar, ömür bir budaq,
Mən sarı yarpağam, əsirəm, Allah.

Ümidi bağrıma basıram, olmur,
Özümü ümiddən asıram, olmur,
Danışsam heç olmur, susuram olmur,
Dilimi dişimlə kəsirəm, Allah.

Sevincim kiçikdir, iri tapılmır,
Yaralı ümidlər diri tapılmır,
Biri tapılanda biri tapılmır,
Başdan ayağa kəm-kəsirəm, Allah.

Yerdən üz çevirdim, üz tutdum göyə,
Küsdüm bu talehə, küsdüm hər şeyə,
Bu ömrü sən mənə yazmısan deyə,
Arada səndən də küsürəm, Allah.

“Cızma-qara”✍️

Yatıram, qopsa qiyamət, kişi, tərpətmə məni.
Mənə xoşdur bu cəhalət, kişi, tərpətmə məni.

Demə-“Dur qalx ayağa, getdi ləyaqət əldən”,
Nə şərəf? Hansı ləyaqət? Kişi, tərpətmə məni.

Verilən vəd yalan olsa da ümmid yaradır,
Kimə lazımdır həqiqət? Kişi, tərpətmə məni.

Nə savad var, nə elm var, nə də yox dinə maraq,
Yatıram gül kimi rahət, kişi, tərpətmə məni.

Məni tənqidlə oyandırmağa cəhd etmə əbəs,
Başa düş! Vermə nəsihət! Kişi, tərpətmə məni.

Məni Sabir kişi bir dəfə tutub silkələdi,
Oyanıb çəkdim əziyyət, kişi, tərpətmə məni.

Baba Pünhan nə qədər yazdısa kar eyləmədi,
Sənəmi qaldı bu adət? Kişi, tərpətmə məni.

Məni, Zamiq, oyadıb keçmə ədalət dərsi,
Mənə qalmışmı ədalət? Kişi, tərpətmə məni.

Bir də bu üslubda cızma-qara edək.

Dənizə yar olan sahillər kimi,
Dəniz gözlərində kiprik olaydım.
Ömrünün ən gözəl günündə sənin
aldığın ən gözəl təbrik olaydım.

Güzgünün önündə daraq olaydım,
Mənimlə saçına sığal çəkəydin.
Ən çox xoşladığın aforizmtək,
Məni dostlarına misal çəkəydin.

Əllərin olaydım, o əllərinlə
Tumar verəydin öz yanaqlarına,
Sevincdən süzülən göz yaşın olub,
Axıb toxunaydım dodaqlarına.

Ocağın olaydım, evin olaydım,
Qoynumda uyuyub dincəlmək üçün.
Dünyanın ən gözəl qonaq evindən,
Mənə can ataydın tez gəlmək üçün.

Bunların hamısı olmaq yerinə,
Sevgilin olsaydım yetərdi məncə.
Daha artığını edə bilərdim,
Sən nə düşünürsən? Olarmı, səncə?

“Cızma-qara”

Ahım göyə qalxıb, duman olmuş dağın üstündə.
Bir damla ümid var, sarı bir yarpağın üstündə.

Dünya qara zindan, bəşər övladı qərib dustaq,
Bir ömr eləmək borcu var hər dustağın üstündə.

Ömrün bağı başdan-başa kol-kos bitirər, gül yox,
Bağban əgər etməzsə nəzarət bağın üstündə.

Qan var dolaşar cismidə boş-boş, yaşayar insan,
Qan var ki, axıb rəngə dönüb bayrağın üstündə.

İsmən yaşayanlar çürüyür torpağın altında,
Qismən ölülər var, yaşayır torpağın üstündə.

Zamiq, məni çək çarmıxa, mən dönmərəm haqq yoldan,
Zahid deyiləm haqqı danım barmağın üstündə.

Mən nələr çəkmişəm mənim üzümdən,
Özümü salmışam mən öz gözümdən,
Xəcalət çəkirəm özüm özümdən,
Özüm öz önümdə əzilirəm mən.

Kiminin üstündə dama dönmüşəm,
Kiminin evində cama dönmüşəm,
Bağrımdan alışan şama dönmüşəm,
Əriyib gözümdən süzülürəm mən.

Hər addım ümidim çırpılır daşa,
Gəl indi bu ömrü firavan yaşa,
Kimlərin, nələrin üzündən boşa
keçən zamanıma üzülürəm mən.

Ahım ərşə çıxır quyu dibindən,
Dərdim var dərdlərin qatı tipindən,
Yapışıb Allahın ümid ipindən,
Səbr təsbehinə düzülürəm mən.

Website |  + posts