.....

.....

“TORPAĞIN YADDAŞINDA QALAN ÖMÜR”-Vüsal Ağa

“TORPAĞIN YADDAŞINDA QALAN ÖMÜR”-Vüsal Ağa

“TORPAĞIN YADDAŞINDA QALAN ÖMÜR”
Mərhum Atamın 74 illiyinə…

Yetmiş dörd yaşın olacaqdı bu gün…
Amma sənin yaşın artıq torpağın yaddaşındadır,
Mənim yox…
Mən sənin yoxluğunu sayıram illərlə,
Nəfəs-nəfəs, ağrı-ağrı…

Sən gedəndən
Vaxt dayanmadı, ata…
Amma mən dayandım…
İçimdə bir uşaq var,
Hələ də qapıya baxan,
Hələ də “ata gələcək” deyə aldadan özünü…

Bu gün sənin ad günündür…
Amma evimizdə səssizlik bayram edir…
Sənsizlik uçurumdur, ata…
Mən hər gün o uçurumdan düşürəm…
Bir zamanlar səsinlə dolan divarlar
İndi mənim ahımla titrəyir…
Sənin gülüşün var idi bu evdə
İndi mənim ağlamağım var…
Ata…

Səni itirmək ölüm deyilmiş,
Səni itirmək,
Hər gün ölməkmiş…

Sənin “oğlum” deyən səsin
İndi bir yaradır qulağımda…
Hər xatirə bir bıçaq kimi
Gecələr ürəyimə sancılır…

Mən səni unutmadım…
Unutmaq üçün yaşamadım…
Mən səni darıxmaq üçün yaşayıram, ata…

Kaş bu gün möcüzə olaydı…
Kaş torpaq danışaydı…
Kaş səni bircə anlıq qaytaraydılar mənə…
Mən heç nə deməzdim…
Sadəcə qucaqlayardım səni…
Və buraxmazdım…
Heç vaxt…

Amma bilirəm…
Qucaqlamaq üçün artıq sən yoxsan yox…
Mənəm,
Boşluğa sarılan,
Yoxluqla danışan,
Kölgənə sığınan bir oğul…

Yetmiş dörd yaşın mübarək, ata…
Mən bu təbriki
Səssizcə torpağa pıçıldadım…

Bəlkə eşidəsən deyə…
Bəlkə bir az yüngülləşim deyə…

Amma yox…
Nə sən gəldin…
Nə dərdim getdi…
Sadəcə…
Bu gün də
Sənsizliyim bir az da böyüdü…

Vüsal Ağa

Website |  + posts