Nəbiyev Habil Yaşar oğlu (Habil Yaşar) 1983-cü il 26 fevralda Bakıda anadan olub. Xocalı soyqırımı ilə bağlı olaraq doğum gününü qeyd etmir. 271 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almış, daha sonra Roma Biznes Universitetinin İnsan Resursları fakültəsində magistr dərəcəsi (2015) əldə etmişdir.
Hərbi xidmətdən sonra “Bakı Neft Energetika Kolleci”ndə müəllim kimi çalışmış, eyni zamanda jurnalist, redaktor, menecer, tərcüməçi və aparıcı kimi fəaliyyət göstərmişdir. Bir sıra yerli və beynəlxalq təşkilatların üzvü olmuş, bəzilərində idarə heyətinin üzvü seçilmişdir.
Üzv olduğu təşkilatlar arasında:
-Azərbaycan Yazıçılar Birliyi (2003)
-Dünya Gənc Türk Yazarlar Birliyi (Maliyyə Nəzarət Təftiş Komissiyası Sədri, 2013)
-Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (Maliyyə Nəzarət Təftiş Komissiyası üzvü, 2009)
-Beynəlxalq İnsan Hüquqları Təşkilatı (2007)
-Dünya Azərbaycanlıları Konqresi (2010)
-CASCFEN (MTK üzvü, 2012)
-Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası (2014)
-Azərbaycan Ədəbiyyat Fondu (2023)
-Yazsader (Yazarlar ve Şairler Dayanışma Derneği) və digər təşkilatlar qeyd edilə bilər.
Habil Yaşar həmçinin Türkiyə, İngiltərə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2009-cu ildə Prezident təqaüdünə layiq görülmüş və bir sıra yerli və beynəlxalq ədəbi mükafatlarla təltif edilmişdir.
O, beş kitabın müəllifidir:
1. Səni Sevdim, Sevəcəyəm (2001, şeirlər)
2. Məni Sevgi Yaratdı (2003, şeirlər)
3. Yoxluğumun Varlığı (2012, şeir və hekayələr)
4. Yeddinci Ayın Yeddisi (Roman)
5. Yuxuya Bənzər Şəhər (Şeir, esse və hekayələr)
Hal-hazırda tamamilə fərqli ikinci romanı Rənglər Pandemiyası üzərində işləyir.
Habil Yaşarın “Nyu-Yorkda Lənət” hekayəsi beynəlxalq səviyyədə məşhurlaşaraq 2022-ci ildə Fransa Ədəbiyyat İcmalında yer almış və Sinqapur nəşriyyatı tərəfindən çap edilmişdir. “Xocalı Harayı” dram əsəri isə Azərbaycanda geniş yayılmış, müxtəlif teatr, universitet, akademiya, orta məktəb və bağçalarda səhnələşdirilmiş, həmçinin 6-cı siniflər üçün Metodik Vəsait kitabına daxil edilmişdir.
Nizami Gəncəvi haqqında yazdığı “SMS” hekayəsi Azərbaycan və Türkiyədə 50-dən çox jurnal və saytda dərc olunmuşdur. 2015-ci ildə yazdığı Yuxuya Bənzər Şəhər şeiri isə 2020-ci il pandemiyasını əks etdirdiyindən geniş rezonans yaratmışdır. Şeirlərinə bir çox mahnılar bəstələnmiş və məşhur müğənnilər tərəfindən ifa edilmişdir. Əsərləri ingilis, rus, türkcə və digər dillərə tərcümə edilərək kitab, qəzet və jurnallarda (Türkiyə, Rusiya, İngiltərə, ABŞ, Hindistan, İran və s.) yayımlanmışdır.
Roman yazmaq dəhşətin ötəsində bir şey…
Hər şeydən öncə hansı mövzu haqqında yazacağını düşünmək nəinki aylar, hətta illərini ala bilər. Zamanının nə zaman gələcəyinin səndən asılı olmadığı kimi, hansı mövzudan yazacağını belə sən təyin edə bilməzsən. O anidən-hər hansı bir hadisənin və ya hər hansı bir kəsin səndə buraxdığı təsirdən və ya tamamilə başqa bir şeylərdən doğular. Doğuluşu belə o qədər qəribədir ki…Bəlkə də bir insanın dünyaya gəlişindən daha qəribə, daha müəmmalı, daha əsrarəngiz…Bir insanın dünyaya gəlişi müəyyən qanunauyğunluqlara əsaslanır, amma bir romanın yazılmasında nə bir qayda-qanun, nə də hər hansı bir nizam-intizam mövcuddur. Doğuluşu bu qədər qəribə olanın yazılması necə olar…
İlk cümləni tamamladığın zaman sonrakı sətrlərin gəlişini izahedilməz bir həyəcanla gözləmək varkən səhifələrin, vərəqlərin cəmlənməsini və ən nəhayətində bir romanın tamamlanmsını görməyin necə müdhiş bir hiss olduğunun fərqini sizlər düşünün…Yazdığın hər sətr, düşündüyün hər misra bəlkə də sənin qanın bahasına yazılır, mürəkkəb sadəcə bir vasitədir. Bir yazıçı üçün yazmaqla keçən gecələr qaranlığı hiss etdirməyəcək qədər işıqlı ola bilər, çünki o, yazarkən aydınlanar, yazarkən yaşayar amma, eyni zamanda sabahları bir zülmət kimi sarsıntılı keçə bilər, çünki o, yazmaq üçün daima axtarışda, həmişə düşünməkdədir.
Yaratdığın hər bir xarakterin taleyini yazmaq, harada olmasından asılı olmayaraq kölgəsi olub daima onu izləmək sizə o qədər asan gəlməsin. Gerçək olmayan xarakterlərə o qədər can qoyursan ki, canından can verərək öz həyatın haqqında da o qədər maraqlanmırsan. Çünki, sən, bəli, sən yaratdığın hər bir xarakterin taleyinə cavabdehsən və onların başlarına gələn və ya gələcək hər bir hadisəyə görə böyük bir məsuliyyət daşıyırsan. Yazıçı olmayanlar ailələrinə, daha geniş mənada bəşəriyyətə cavabdehdirlərsə, yazıçılar yaratdığı xarakterlərin hər biri üçün məsuliyyət daşıyırlarsa(eyni zamanda digərləri kimi ailə, bəşəriyyət qarşısında da cavabdehdilər) onların daşıdığı yükün ağırlığını bir təsəvvür etsəniz. Cavabdehlik bir yana, sağlamlığını belə onlara qurban verər yazıçılar. Amma əvəzində yazıçı adını, əbədiyyəti qazanarlar.
Xarakterlər ruhuna o qədər hakim kəsilər ki…Sanki, onlar daima sənin ətrafında, səninlə dialoqdadır. Harada və zamanından asılı olmayaraq səndən əl çəkməz, səninlə zarafatlaşar, hətta səni mühakimə edib ağlada da bilərlər. Çünki, mövcud olmayan xarakterlər əslində mövcud kimi gələr sənə və bəzən sən onları deyil, məhz özünü mövcud olmayan bir varlıq kimi fikirləşər, bir su kimi axıb gedərsən.
Bəlkə də onlar sənin ən yaxın dostların, sirdaşların, qəhrəmanlarındır. Çünki, hər birində sənin düşüncələrin, sənin enerjinin qığılcımları var. Amma bütün bunlarla yanaşı sən həm də onlara azadlığı bəxş eləmiş, hər bir şeydə seçim etməyi onların öhdəsinə buraxmısan. Əks halda bir diktator yazıçı olmaqla yanaşı, xarakterlərinə hörmətlə yanaşmayan birisi kimi xatırlanarsan…Bir yazıçının varlığı əsərləri ilə yanaşı, xarakterlərinin mükəmməlliyindən də asılı deyilmi?
Yazmaq dəhşətin ötəsində bir şey olduğu kimi, yaşamın ötəsində də bir şey.