.....

.....

Balaca bağban – Seylan Abbas

Balaca bağban – Seylan Abbas

Balaca bağban

Mən böyüyəndə bağban olacam,
Barlı-bəhərli bağlar salacam.

Gülün-çiçəyin çəkəcəm nazın,
Hər kəs duyacaq bülbül avazın.

Gəzəcəm şehli otların üstdə,
Süsən, sünbüldən tutacam dəstə.

Bostan da salmaq çıxmaz yadımdan,
Doymazsan qarpız-yemiş dadından.

Hamı deyəcək işimə əhsən,
Sən də bircə yol,bir sağ ol desən.

İkiüzlü

Qucaqlayar görcək dostu, tanışı,
Dil tökər, eyləyər dua-alqışı,
Bir addım gedəntək tökər qarğışı,
Cilddən-cildə girər bu ikiüzlü.

Xeyir işin olsa, üzdə sevinər,
Səninlə mehriban danışar, gülərz
Qəlbində qəzəblə küfr edər, dinər,
Cilddən-cildə girər bu ikiüzlü.

Qeybəti, duası hər vaxt qoşadır,
Bir üzdə min sifət qoşa-qoşadır,
Buqələmun adın gözəl yaşadır,
Cilddən-cildə girər bu ikiüzlü.

Bir az pulun olsa sənə can deyər,
Yerli-yersiz səni təriflər, öyər,
Üzün yan tutantək dizinə döyər,
Cilddən-cildə girər bu ikiüzlü.

Söhbəti gah nala, gah mıxa vurar,
Fürsət düşən kimi hey qeybət qırar,
Hal – əhval eyhamla, fitnəylə sorar,
Cilddən-cildə girər bu ikiüzlü.

Mömin canavar

Bir gün qoca canavar
Ehsan vermək istədi,
Güdüb qoyun sürüsün
O gözlədi fürsəti.

Çoban uzaqlaşınca
Pəncələrin sazladı,
İki qoyunu birdən
Haqlayıb, boğazladı.

Aparıb uzaq yerdə
Parçalayıb, doğradı,
Sonra mömin sifətlə
O məscidə uğradı.

Hörmətlə qarşılandı,
Pay-püşlə gəlmiş idi.
Uğurlu ovunu da,
Ehsanlıq demiş idi.

Paylandı ehsanatlar
Ordakı “qoyunlara”.
Bunla canavar etmiş,
Çox yaxşılıq onlara.

Süfrənin qırağında
Çox dualar olundu,
Canavarın çiyninə
Şal, əba da salındı.

Fəqirlər qatilinə
Hər kəs çox dua etdi,
Canavar da sevinir,
Artiq cənnətə getdi.

Bahar gələndə

Yalı-yamac gül-çiçəklə öpüşər,
İlıq yağışlarla yer-göy görüşər,
Günəşdən hər kəsə nurlu pay düşər,
Gözəl bahar elimizə gələndə.

Ayılan təbiət dinər, danışar,
Gözəlliklər bir-birinə qarışar,
Şehli güllər işvə-nazla yarışar,
Gözəl bahar elimizə gələndə.

Gül, sarmaşıq sarılar bir-birinə,
Tərif yetməz çiçəyinə, gülünə.
Dirilik əl verər torpaq əlinə,
Gözəl bahar elimizə gələndə.

Göy qurşağı bulud üstdə görünər,
Təbiətin gözü şehlə silinər,
Tül dumana yerlər-göylər bürünər,
Gözəl bahar elimizə gələndə.

Coşan dağ çayları səs-küylə axar,
Leysan yağışlarla şimşək də çaxar,
Meşələr zümrüddən kəmərin taxar,
Gözəl bahar elimizə gələndə.

Seylan Abbas

Website |  + posts