.....

.....

Dədəm – İlham Qəhrəman (hekayə)

Dədəm – İlham Qəhrəman (hekayə)

Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir.
Məhəmməd peyğəmbər (s.a.v.)

– Burdan bir atlı keçmədi?
– Keçdi.          
– Çaparağıdı, yorğaraq?
– Çaparaq (və ya yorğaraq).
– Çapsaq, çatarıq?
– Həəə.
– Dəh-dəh-dəh-dəh-dəəhhh!

Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı xatirələrimin əvvəlincisidi. Yadımdadı, Sus kəndinin Aşağı bağdakı çəmənliyində arxası üstdə uzanıb məniqarnına mindirirdi. Atlı haqqında soraqlaşmanın həm sualını, həm də mən əvəzcavabını deyib tamamlayandan sonra “dəh-dəh” deyib at çapışı qarnında məni atıb-tuturdu. Ardınca əlləri və dizləri üstdə at şəkli alıb  məni belində gəzdirirdi. Papağının dimdiyini geri hərləyib “höl-höl” deyə-deyə mənimlə qoç kimihölləşirdi. Balaca vaxtı nənəm mənə Bozu deyirdi, dədəm Dədəbalası çağırırdı. Yaxşı işimi görəndə ağızdolusu “dədəbalası” deyirdi, işim xoşuna gəlməyəndəAğəmmədlərə – Qızılcada nənəmin mənsub olduğu tirə – çəkdiyimi deyirdi. Nənəmnadir hallarda adını çəkərdi, eləcə ortalığa danışardı. Adını çəkməsə də, dinləyənlər bilirdi ki, dədəmdən söhbət gedir. Nənəm hərdən dədəmə özünəməxsusad qoyub bizimlə məzələnirdi. Aralıdan gələn dədəmi uşaqlardan birinə göstəribdeyirdi:

– Dədikun gəlir.

Dədəmin dədəsinin adı Nemət olub. Nemət babam Sus kəndində və ətrafda ən varlıadam olub. Kollektivləşmədə babamın 300 qoyunu çobanı və itiylə kolxoza alınır. Bu haqda kolxozun qaytanlı kitabında mal-dövləti kolxoza alınmış şəxs kimi (Sus, Qızılca, Zabux) bircə babamın adı varıdı. Babam səxavətli kişi olub. Kəndin xeyir-şəri üçün həmişə sürüsündən heyvan ayırarmış. Dədəm danışırdı ki, qonşu ermənikəndi Xənəzəyə getmişdim. Ata nal-mıx almaq üçün dəmirçi dükanına girdim. Dəmirçi erməni Susdan olduğumu biləndə atamı soruşdu. Dedim, Nemətinoğluyam. Bunu deyəndə erməni yuxalıb ağladı. Dədəmi maraq bürüyür. Ermənideyir ki, aclıq illərində getdim Susda Nemətin qapısına. Uşaqların ac olduğunudeyən kimi, 2 öküzə buğda yüklətdirdi, yanıma da 2 adam qoşub dedi, bu adamıaparın çaydan (Zabux çayı) adladın, getsin evinə. Bir dəfə də yay vaxtı uzun boylu, buxara papaqlı, əlində çəlik şərq ziyalısı görkəmində bir adam gəldi çıxdı alma bağında olduğumuz dəfə. Dədəmlə çox mehriban görüşdü. Özünü isnad verəndəməlum oldu ki, kişi Laçının Alıqulu kəndindəndir, şəhərdə (Laçında) yaşayırlar. Adı Seyid Abbasdır. Nemət babamla dost olublar. Babamın xeyirxahlığıyla bağlıxatirələrini danışdı. Abbas kişi Alıquluya qaçqın gəldiklərini, babamın onlaraheyvan damazlığı verdiyini, darda hamıya əl tutan olduğunu dedi. Sonradan bukişinin din adamı, Quran hafizi olduğunu gördüm.

Kolxoz qurulandan sonra babamın keçmiş çobanının anası ölür. Çoban dağdangəlir babamın üstünə ki, ehsan verməyə ətlik heyvan yoxdu. Babam deyir ki, bəsheyvan kolxozdadı, sədrə denən anan ölüb, ehsanlıq versinlər. Çoban kolxozsədrinə bu haqda deyir və cavabında sədrdən gözağartması alır. Babam ondansonra kolxozun nə olduğunu başa düşür. Bir müddət sonra o vaxt Laçında NKVD olan şəxs gəlir babama deyir ki, atını da ver. Babam deyir, “qoyunu sürüynənapardınız, ata dəymə”. NKVD ev yıxmaqda Laçında ad çıxartmış adam idi. Onunəliylə Laçında çoxları kulak adıyla uzaq diyarlara sürgün edilmişdi. NKVD atıgötürüb gedir. Susun qənşərindəki dikdən aşanda at bir dəfə kişnəyir, babamqapıda keçinir. Dədəsi öləndə dədəm də, özündən böyük bacısı Həvva mamam da ağlıkəsməz yaşda olurlar. Heç biri atasını xatırlamırdı. Babamın ölümündən sonraoğrular Susdakı ağ evindən – o dövrdə ancaq imkanlı adamların ağ evi olurdu – birgecədə 12 gəbə aparırlar. Günü bu gün də Susda qoşa qazma tövlələri durur. Sus qəbiristanlığındakı başdaşında ərəb əlifbasında yazı vardı. Bakıda “Bilik” cəmiyyətində kursa getdim ki, əlifbanı öyrənim, başdaşındakı yazını oxuyum. Kursu bitirənə qədər Laçın işğal olundu…

Dədəm çox zəhmətkeş, işcanlı adam idi. Əgər görüləsi iş vardısa, axıraçatdırmayınca rahatlıq tapmazdı. Hər işin çəmini bilən idi, gördüyü işi səliqəylə – cani-dildən  görərdi. Evimizdə kəndçilikdə işlənən hər bir həcət vardı. Evindəhəcəti olmayan kişilərə “korocaq” deyirdi. Mən balaca olanda yaxşı çarıq tikirdi. Sus kəndinin cavan qız-gəlini toylardan əvvəl çarıqlıq gön götürüb bizə gələrdilər. Dədəm həvəslə onlara üçburun (gülburun da deyirdilər) çarıq tikərdi. Çox halal adam idi. Deyirdi, bizim evə haram düşmür. Təxminən, 4, ya 5 yaşım olardı, yazdaLaçının altındakı dərənin ağzında (indiki “Laçın pavilyonu”nun sol tərəfi) düşərgəsalan  köçü gecə qəflətən sel tutur. Yaddaşım məni aldatmırsa, köç İmişlininƏlipənahlı tərəkəmələri idi. Sel alaçıq qarışıq dolu farmaşları Həkəriyə axıdır. Biz o vaxtı Sus kəndinin çayqırağı alma bağındakı dəfdə olurduq. Hadisə bizdən 4-5 kilometr yuxarıda olmuşdu. Səhər-səhər gördüm dədəm alma bağının çəpərininüstünə gəbə-kilim, yorğan-döşək sərir, çəpərin dibinə nehrə, qazan qoyur. Gəbə-kilimlər qumlu idi. Dədəm bu şeylərin bəzisini gecə daşan çay səhər yatandansonra çaylaqdan tapmış, bəzisini lildən çıxartmışdı. Qənşər yerə sərirdi ki, sahibləriaxtaranda görsünlər. Günortadan sonra tərəkəmə atlıları gəldilər dədəmin seldənçıxartdığı bu şeyləri alxış eləyə-eləyə atlarının üstünə atıb apardılar. Sonralardədəm evdə deyinirdi ki, filan naxırçı bu ziyanlıqdan tapdığı şeyləri Xırmantəpənin dalındakı böyürtkən şəlində gizlədibmiş.

Dədəm çox qonaqpərvər idi. Yadımdadı, Padşahlı körpüsünün (Nikolay körpüsü dədeyirdilər) yanında Yol İdarəsinin  gözətçi evində olurduq, tək evliydik. Qonum-qonşu aralıda olurdu. Evdə hinduşkanı kəsib çıxırdı el yolunun qırağına ki, biryolötən gəlsin, onu evə dəvət etsin, birlikdə çörək yesinlər. Bəzən yolda yolötənolmurdu, yemək bişirdi, dədəm evə gəlmirdi ki, biz də yemək yeyək. Bu zaman nənəm qarasına deyinirdi: “ta bitib qalacaq orda, gəlməyəcək ki, körpələrloxmasını yesin”.

Qonaq olanda gizlindən tut arağını çıxardıb qoyurdu süfrəyə. Yaxşı tut arağıçəkirdi. Qonağa deyirdi, mən çəkən araq inəyin sarı yağı kimi təmizdi. İçki olanməclisdə sağlığı bu olardı – “içək kişiliyin sağlığına!” Evimiz yol kənarındaolduğundan Susdan, Qızılcadan əsgər gedən gənclər evimizin yanından keçirdi. Onlarla görüşəndə pul kisəsi əvəzi işlətdiyi hərbi biletinin arasından bir onluqçıxarıb ciblərinə qoyardı.

Dədəm sərt adamıdı. Sağılmazdan əvvəl buzov və oğlaqlar anasını əməndə bizimlədalaşırdı. Evimizdə həmişə iri qazanlarda ərinmiş sarı yağ, pendir, bəhməz,  mürəbbələr olurdu. Keçi pendirimiz heç ələ düşməzdi. “Laçın pavilyonu” evimizləüzbəüz idi. Rayonun rəhbərliyi, Bakıdan gələn qonaqlar olanda ofisiant əlindəboşqab yüyürürdü bizə ki, bəs qonaq gəlib, Səlbi xalanın pendirindən istəyirlər. Nənəm boşqabı doldurub yola salardı, buna görə pul almaq ağlımıza da gəlməzdi.  

Dədəmin həm də dolayısıyla söz anlatmağı vardı. Tut vaxtı uşaqlar ayaqqabıistəyəndə deyirdi:

– Ayaqqabı tutun dibindədi – yəni dibinə tökülən tutu yığın, araq çəkilsin pul olsun.

Yanında bir dəfə bərk utanmışam. Qaçqınlıq vaxtı Xırdalanda dədəmgilməskunlaşdığı evdə hamımız oturub ordan-burdan söhbət edirdik. Nənəmlə dədəmdəyinmişdilər – bir-birinin qarasına danışırdılar. Nənəm onu suçlayan bir məişətəhvalatı danışdı, dədəm də dedi ki, yalansa, ağzın əyilsin! Cavabdan bildim ki, nənəm haqlıdı, sadəcə, dədəm cığallayır, bizim yanımızda günahını boynunaalmaq istəmir. Həm də cavabdakı and-töhmətin hər iki başı nənəmi tuturdu – yəniyalan deyirsənsə, ağzın əyilsin, düz deyirsənsə, heç nə. Bu cavabdan sonra nənəmözünə görə dədəmə ayıb bildiyi bir sirrin üstünü açdı. Dedi:

– Bir dəfə də mənə dedi ki, sən get bostanı sula, özü də guya dəhnəyə gedir ki, suyu döndərən olmasın. Uşaqları da götürüb yendim bostanı sulamağa. Gün qızanaqədər bostanı suladım qurtardım, çıxdım evə ki, filankəslə (nənəm xanımın adınıda dedi, uzaqda olan tanıdığımız qadın idi) qayğanaq eləyib üstünə də bal tökübyeyirlər. Nənəm cümlənin bal yerini hirsli vurğuyla dedi. Hiss etdim ki, o an nənəm hakim, dədəm müttəhim olsaydı, nənəm dədəmə “uff” demədən rahat 50 il iş kəsərdi. İstədim deyəm, ay nənə, sən nəyi qoyub, nəyi axtarırsan, qayğanaqnəmənədi, indikilər bozbaş bişirib yeyirlər. Amma deyəsən, dədəmə görə utandım, nitqim batdı. Nənəmin bu ittihamlı çıxışından sonra dədəm ortalığa:

– Ə, bu arvad ağlın itirib, – deyib uzandığı çarpayıda üzünü divara çevirdi. Hələonun nənəmlə ev davasında belə əliyalın qalmasını, müqavimətsiz  təslim olmasınıgörməmişdim. Bu yerdə dədəmin bir söhbətini də əlavə edim. Özü danışırdı ki, Zabuxda Sümüklü Əvəz Savat adlı qızla evlənəndən bir neçə gün sonra əsgərliyəçağırılır. Əvəz Savatın qolundan tutub gətirir dədəmin yanına və deyir:

– Umud, əsgərə gedirəm, Savatı bircə sənə umud eləyirəm.

Dədəm deyir 3 il müddətində kolxozun hansı işinə getdimsə, Savat yanımda oldu. Bu sirri bilənlər dədəmlə Savat xalanı bacı-qardaş hesab edirdilər.

Balalarına sevgisini heç vaxt bildirməzdi. Amma bir dəfə yayda belə bir hadisəoldu. Məndən balaca bacım Gültəkin Həkərinin sağ tayında Sus bağlarınınqabağındakı adada otlayan oğlaqları gətirməyə gedir. Bacım gecikəndə dədəm evinböyründəki dikə çıxır ki, bacımı çağırsın. Qənşərə çıxanda görür ki, Həkəri çayınbaşına yağan yağışdan elə daşıb, o tay-bu tay gedir. Ada selin altındadır. Zeynəb xalam danışırdı ki, Umud yanıqlı səslə, “ay Gültəki, ay Gültəki” çağıra-çağıra çayyenişə qaçırdı. Sən demə, bacım selin özündən əvvəl gələn fışıltı səsindən – soyuqsuyla sahildəki qızmış daş-qumun cızıltısından yaranan xor fışıltı əmələ gətirir – duyuq düşüb oğlaqları adadan Böyük bağa çıxardıb. Dədəm bacımı görəndədəsmalını çıxardıb gözlərini silib.

Ehtiyatlı kişi idi. Papağının içində daim iynə-sap olardı. Deyirdi, “örüşdə paltarınelə yerdən sökülə bilər ki, o halda ortalığa çıxmaq ayıb olar”. Örüşə gedəndəhəmişə əlində ağac olardı. Mala, keçiyə gedəndə bizi əli ağacsız görəndəhirslənirdi. Deyirdi, “korocaq olmayın”. Ocaq çatıb alça və zoğal ağaclarını əvvəlyaxşı ütürdü, sonra onlardan toppuzlu əl ağacları düzəldirdi. Kəndçilikdə hər işinçəmini bilirdi. Ən etibarlı və ələyatımlı alətlər də dədəmdə olardı. Bəzən tanışlargəlib kərəntisini, belini (çala, təfkeş), dəhrə-baltasını işlətmək üçün aparırdılar. Kövşənə çıxanda özüylə bir düjün alət götürərdi – kərənti çəkici, zindan sancılmışkötük, yiyə, daş, satıl, törpü və 6 ölçüdən 9 ölçüyə qədər kərəntilər. Bəzən otçalanda kərənti otun arasında qart bir şeyə dəyirdi və bu zaman kərəntinin ağzınayel düşürdü. Dərhal həmin kərəntini söküb dəmirkəsənlə ağzındakı yelli hissənikəsib çıxardardı. Yelli kərənti ot layını yaxşı vərrəmirdi, ot zay olurdu. Biçin vaxtıkövşəndə kərəntisi korşalan kəndçilərimiz kərənti çiynində bizim ot yerinə gələrdi. “Yoruldum” deməzdi – zindanda onların da kərəntisini döyürdü.  

Yaxşı əl qabiliyyəti vardı. Sus kəndində, Bəylikdə kimin dəm çaynikinin lüləyi, qulpu sınardısa, o vaxtın mampası şirni qutularından yamaq kəsib təmir edirdi. Belə xeyirxah işləri elə həvəslə edərdi, qazancı da alxış olardı. Qaranlıqda çöldə, tövlədə işlətmək üçün tutacaqlı, lalalı əl çırağı düzəldirdi. Yadımdadı, evdə uşaqlarüçün əski parçası, keçə və kirpi oxundan kuklaya bənzər oyuncaq düzəldirdi. Adına da “Qarnıkeçəburnubiz” deyirdi. Sonralar Tallinə gedəndə mağazada o oyuncağın oxşarını gördüm. Adına “Buratino” deyirdilər. Gecə körpə uşaqlar səseləyib böyükləri yatmağa qoymayanda deyirdilər ki, yatmasanız, Qarnıkeçəburnubiz” gəlib sizi aparacaq. 

Yaxşı at və yaxşı itdən həmişə söhbət salardı. Çəmbər adlı qara köpəyimiz vardı. Dədəm deyirdi ki, bu it bircə dil bilmir. Bir dəfə belə bir hadisə oldu. Bazar günüatı da, eşşəyi də palanladıq, çayın o tayında “Çarıxçıxmaz” deyilən yerə odunagetdik. Qış fəsli idi, bərk qarlamışdı. Çəmbər də bizə qoşulmuşdu. Meşədə at-eşşəyi ardıca bağlayıb qabaqlarına ot qoyduq. Dədəm sırıqlısını, ardınca da təzəpencəyini çıxardı. Pencəyi ardıcdan asıb sırıqlısını yenidən əyninə aldı. Başladıq odun eləməyə. Dədəm doğrayırdı, mən də gücüm çatanları ardıcın altına – yükvurulacaq yerə daşıyırdım. Bazar günü olduğundan radioda saat 14-ün muğamatkonsertinə çatmaq üçün dədəm əl-ayaq eləyirdi. Çəmbər arada ərincək səsləuzaqda ovçuların atdığı güllə səsinə hürürdü. Yük hazır olan kimi at-eşşəyiyüklədik. Eşşək irəlidə, at yedəkdə çaya sarı yenməyə başladıq. Çəmbər gəlmir, ardıcın dibində gah hürür, gah zingildəyirdi. Biz çayı keçib getdik evə, yükləriqapıya aşırıb içəri keçdik. Dədəm radionu qoşdu, nənəm də bizə yemək çəkdi. Çəmbər axşam da qapıya gəlmədi. Fikrim Çəmbərin yanında qalmışdı. Səhərtezdən Zabuxdan gələn kolxoz maşınından dədəmi səslədilər ki, tez gəl, Qızılcadafilankəs ölüb, yasa gedirik. Dədəm tez nənəmə dedi ki, pencəyi gətirsin, maşıngözləyir. Nənəm ora-bura baxdı, pencək tapılmadı. Dədəm köhnə pencəyi geyibnənəmin tirəsinə də bir yağlı söyüş söyüb kolxoz maşınına tərəf qaçdı. Maşıngedəndən sonra atımızı tövlədən çəkdim çölə. Nənəmlə atı palanladıq. Boyum çatsın deyə, çəlləyin üstə çıxıb atı mindim. Nənəm itin kəmsiyini verib dedi: “Gəlməsə, kəmsiyi sal boynuna çək”. Günəşli qış havası idi. Çayı keçib dünənodun elədiyimiz ardıclığa – Çarıxçıxmaza gəldim. Çəmbər elə ardıcın altında idi, məni görəndə şikayət edirmiş kimi gah quyruq buladı, gah zingildədi. Atdandüşdüm itin yanına ki, kəmsiyi itin başına salam, birdən ardıcdan ərimiş qar suyuboynuma düşdü. Devikdim. Yuxarı baxanda dədəmin pencəyini ardıcdan asılmışgördüm. Çəmbərin dünən niyə bizimlə getmədiyi sirr bu imiş.

Dədəmdə güclü yumor hissi vardı, çoxlu lətifələr bilirdi. Şuxluğu sevirdi. Nənəmuzun qış gecələri ağzında dınqıdı çalıb uşaqları oynadanda dədəm tez papağınındimdiyini geri fırlayıb bir-birinə pərçimlənmiş əllərinin şəhadət barmağıyla çırtıqvurmağa başlayardı. Belə baməzə hərəkəti bizi güldürərdi. Yaxşı səsi olmasa da, hərdən kefi durulanda Aşıq Ələsgərdən və muğamlardan bir ağız zümzümə edərdi. Belə məqamda nənəm ona sataşmaq üçün deyərdi: “eşitməyən, qulaqlarıntutulsun!”

Evdə həmişə sac çörəyi bişərdi. Axıra qalan balaca kündədən bişən çörəyin adına”koka” deyirdik. “Koka” hər dəfə evdə uşaqların birinə düşərdi. Onu yeməz, mətahkimi saxlayardıq. Axşam dədəm “koka”sı olan uşağa deyərdi – “koka”nı ver, sənədəvə düzəldim. Biz də sevincək razılaşardıq. “Koka”dan dişlək ala-ala deyərdi: “buəyri yer dəvənin boynudu, bu dik yer dəvənin belidi, bu boş yer dəvənin qarnınınaltıdı” və s. Axırda “koka” dədəmin dişləyində yoxa çıxardı. Bu vaxt “koka” sahibiağlayırdı, qalanlar gülüşürdük. Evə vırdı-vızan düşürdü. Mənzərəni seyr edənnənəm deyirdi: “elə dədəniz də siz ağıldadı”. 

Həyatının son 16 ilini dünya işığına həsrət yaşadı. Hansı həkimə apardıqsa, dedilər, çarəsi yoxdu. Arada giley eləyirdi ki, məni həkimə aparmırsız. Elə bilirdiçarəsi var. İki dəfə şair dostum, göz həkimi Paşa Qəlbinurun yanına apardım. Paşadoktor vəziyyətin nə yerdə olduğunu bilirdi, dədəmi stola oturdub müayinə edirdi. Axırıncı dəfə müayinədən sonra Paşa doktor dədəm eşitməsin deyə əl işarəsiyləmənə başa saldı ki, heç bir ümid yeri yoxdu. Mən: “Dur gedək evə”, deyəndədədəm asıldı Paşa doktorun qolundan, yalvarıcı səslə dedi:

– Sənin başına dönüm, sol gözümü əməliyyat elə, o gözüm açılacaq. Bu sözdənsonra mən doluxsundum. Paşa doktor da kədərləndi və bu sözləri dedi:

– Əmi, and olsun Həzrət Abbasın kəsilən qollarına sənin gözlərini əməliyyateləməyin xeyri yoxdur.

Doktorun bu sözlərindən sonra dədəm bir daha onu göz həkiminə aparmağı dilinəgətirmədi.

Gözləri görməsə də, əl havasına evdə papağının, pencəyinin, çəliyinin, dəyişəyininharda olduğunu bilirdi. Əlləri dədəmə həm də gözünü əvəz edirdi. Bizə o lazım idiki, evdə hərəkət edəndə ona toxunmayaq. Hava sakit olanda çəliyini, bir də balacadöşəkcəni götürüb qapının ağzında dayanırdı – bu o anlama gəlirdi ki, evdən konfetverək, cibinə qoysun. Dördüncü mərtəbədən birinci mərtəbəyə minnətsiz – məhəccərdən tutub özü aşağı düşürdü. Aşağıda balaca uşaqlardan hansı biriməhəccərsiz pilləkəndən həyətə çıxmağına kömək etsə, ona konfet verirdi. Bir dəfəhəyətdə qonşulardan bir nəfərə 20 manat verir ki, xırdalasın – bərbərə gedir. Qonşukişi dədəmə iki beşlik vermişdi. Qonşunun bu hərəkətini nə dədəm, nə də biz heçkəsə demədik.     

Ömrünün son 7 ayını yanında qaldım. Səhərlər şora qaymaq qatıb ona loxmatuturdum. Düşmənin Laçından çıxacağı xəbərini deyəndə bizə inanmadı. Televizorda xəbərlər başlayanda yeriyib düz televizorun yanında diktorun dilindəneşidəndən sonra dərindən həsrət çəkdi. Bu həsrətdə həm də rahat ölə bilməyinkədər qarışıq sevinci vardı dədəmin üzündə. Bir dəfə səhər süfrəsində loxma tutanzaman Savad bacımın – dədəm bacıma öz anasının adını qoymuşdu – yanında mənədedi ki, ta qoyun ölüm. Laçına ordumuz yeriyən gecə canını tapşırdı. Laçın azadolmuşdu, dədəm ölmüşdü. Qarabağda rayonlar işğaldan azad olduqca Sabunçudatanıdım-tanımadım, qənşərimə çıxan hər kəsə ovuc-ovuc ağızşirinliyi konfetpaylayırdım. Sabunçuda məni tanıyanlar gözləyirlər ki, Laçın azad olub, şair gəlibağızşirinliyi paylayacaq.

Burdan bir atdı getdi,
Atın nallatdı getdi.
Ay kimi şəfəqləndi,
Gün kimi batdı getdi.

Sarı Aşığın bu bayatısında atlının keçməsi xəbəri var, dədəmin sual-cavabında isəatlının keçib-keçməməsi xəbər alınır – burdan bir atlı keçmədi?! Bu an dədəmin atbelində çaparaq Laçında döngədən aşdığı gözümün önündədi.

Bakı, 2023, yay
© Müəllif hüquqları qorunur! İstinad “Ədəbiyyat” qəzeti