.....

.....

Nərmin Hüseynovanın şeirləri

Nərmin Hüseynovanın şeirləri

***
Cavan yaşımızda bilsəniz nədən,
Qap-qara saçlara düşəbilir dən
Ya yaşın üstünə yaş gəlib artıq
Ya ölüb dirilib, bu canlı bədən.

Ya da ki, gəlibdir olğunluq başa
Sevinc, kədərini doyunca yaşa
Hər şeyin mənası dəyişib indi
Duyğular bir anda, dönüblər daşa.

Gənc vaxtı düşübsə dənlər saçına
Demək ki, nələrsə gəlib başına
Görmüsən dünyanın axmaq üzünü
Mərhəmət etməyib bu gənc yaşına.

***

Sən mənə bir gül bağışla
Ömrünü çiçək eylərəm.
Hər gün onları sulayar
Sevgim ilə böyüdərəm.

Həyatın bir baxça olar,
İçində rəngbərəng güllər.
Kölgəsində evlər qurar
Ən gözəl quşlar, sərçələr.

Sənə çələng toxuyaram,
Gül ətirini duya-duya.
Ruhuna sevgi bəxş etsəm,
Dincələrəm doya-doya.

Rəngli işıq tək ulduzlar,
Parlayar hər gecə yanar.
Fəsillər dəyişsə belə,
Solmaz bizdəki bu bahar.

***

Havadan nəyinsə qoxusu gəlir
Hansı ki, iyindən başım ağrıyır.
Sanki bir xatirə, sanki bir xəyal
Bu həsrət ruhumu elə dağlıyır.

Göynəyir qəlbimin ən uc hissəsi
Hardadır könlümün o tək yiyəsi?
De niyə susubdur, dinməyir niyə?
Nəğmələr oxuyan o məsum səsi.

Düşüncəm yollarda, ruhum pərişan,
Tutuşub yanıram içimdə yenə.
Sönməyən bir eşqin közüdür, inan,
Bir qığılcım bəsdir, alışa yenə.

Zaman da dəyişdi, günlər də həmən,
Amma ki, dəyişməz bu qəm, bu hicran.
Qoxular içimdə xatirə kimi,
Hər biri çağırır səni uzaqdan.

Darıxmaq hissini bilirsinizmi?
Köksündə bir yanan oda bənzəyir
Üzərinə töksən tonla dənizi
Vulkan tək püskürən dağa bənzəyir.

Tək qalmaq qorxusun bilirsinizmi?
Boğazında sanki bir ilan gəzir.
Udlaqdan hey sıxıb, boğacaq kimi
Ən çox bu duyğular gecələr sezir .

Dəlirmək hissini bilirsinizmi?
Hər yerdə, hər yanda onu görürsən.
Toxunmaq istərkən, yox olmağını
Ancaq toxunandan sonra bilirsən.

Website |  + posts